QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ”IN RƏHBƏRLİYİNDƏN 500 MİN DOLLAR MÜKAFAT(supersport.az, 25.052009)

“QARABAĞ”IN RƏHBƏRLİYİNDƏN 500 MİN DOLLAR MÜKAFAT

AFFA RƏSMİLƏRİNDƏN KİMLƏR “İNTER”İN UDUZMASINA SEVİNDİLƏR?

Azərbaycan Kubokunun “İnter” – “Qarabağ” final oyununu bir sıra tanınmış simalar da izlədi. Supersport.Az-ın əməkdaşı müşahidə zamanı bəzi maraqlı məqamları diqqətdən qaçırmayıb. Final oyununa tamaşa edənlər sırasında VİP tribunada lap qabaqda ARDNŞ və AFFA prezidenti Rövnəq Abdullayev, federasiya rəhbərinin sağ tərəfində neft şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə, solunda isə vitse-prezident Elşad Nəsirov əyləşmişdi. Geridə PFL prezidenti Ramin Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, federasiyanın baş katibi Elxan Məmmədov, millinin baş məşqçisi Berti Foqts, U-21-in əsas çalışdırıcısı Lippert oturmuşdu. Birinci hissədən sonra sonuncu buradan aralandı. Oyunu izləyənlər arasında “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, deputatlardan Fazil Qəzənfəroğlu, Fəzail Ağamalı, Pənah Hüseyn, Aqil Abbas da vardı. Ancaq A.Abbas AFFA rəsmiləri və milllət vəkillərinin əyləşdiyi yerdən xeyli aralıda idi. “İnter”in qapısına penalti təyin olunan və “Qarabağ” qol vuran zaman AFFA rəsmilərindən Elşad Nəsirovla Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev, ARDNŞ-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə, həmçinin deputatlar sevinclərini gizlətmədilər. T.Gözəl isə özünə yer tapmırdı və gözləri dolmuşdu. Final fitindən sonra VİP tribunadakılar “Qarabağ”ı alqışladılar. T.Gözəli xarici qonaqlar da təbrik etdilər, sevincinə şərik olduqlarını göstərdilər. Supersport.Az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın rəhbərliyi futbolçularının əməyini yüksək qiymətləndirmək üçün böyük məbləğdə mükafat ayırıb. T.Gözəlin komanda üzvlərinə ümumilikdə 500 min dollar paylayacağına vəd verdiyi bildirilir.