QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"O, öz ürəyi ilə komandanın içinə girdi"

Tahir Gözəl mövcud heyəti yetərli sayır

 

"Honka" - "Qarabağ" matçı başa çatan kimi oyunu izləyənlər arasında olan Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin sevincini görməyə dəyərdi. Matçdan sonra komandasının paltardəyişmə otağına baş çəkib futbolçuları təbrik edən klub rəsmisi Finlandiyaya yollanan jurnalistlərə müsahibə verməyi də unutmadı.

- Əlbəttə, belə nəticəyə görə çox şadam. Açığı, belə ürəkaçan nəticəni çox arzulayırdıq. Şükürlər olsun ki, bu istəyimiz gerçəkləşdi. Futbolçularımız məncə, ilk yarıda onları yoxladılar. Hardasa, bir az utancaq matç oynadılar. Amma ikinci yarıda bir az inam gəldi. İndi cavab matçının Azərbaycanda olması bizim üçün çox böyük üstünlük ola bilər. Amma biz bunları boş buraxmamalıyıq. Mən dəstək gözləyirəm. Tərəfdarlarımızdan, bütün Azərbaycandan dəstək istəyirəm. Biz stadionu tam doldurmalıyıq. Çünki indi əlimizə belə gözəl fürsət düşdüyündən bundan maksimum yararlanmağa borcluyuq.

- Sizcə, "Qarabağ"ı artıq mərhələ keçmiş saymaq olarmı?

- Həmişə öncədən danışmağa qorxuram. Bunu indi deməyəcəm. İnşallah, cavab matçı zamanı stadiona, azarkeş sayına baxıb deyəcəm ki, "Qarabağ" növbəti mərhələyə adlayacaq, ya yox?

- Oyundan əvvəl futbolçularla görüşünüzdə vurğuladız ki, "Qarabağ"ın uğuru reaksiya olmamalıdı, aksiya olmalıdı. Necə düşünürsüz, artıq qatar relsə düşübmü?

- İkinci yarıdakı oyunu da çox bəyəndim. Amma bütövlükdə uşaqlarda ciddiyət gördüm. Yəni meydanda ürəklərini qoymağa çalışırdılar, nəsə etmək üçün zəhmət çəkirdilər. Bakıdakı oyunda isə futbolçularımdan daha parlaq çıxış gözləyirəm. Növbəti mərhələyə daha çox və gözəl qollarla yüksəlməliyik.

- Sizə elə gəlmir ki, "Qarabağ"ın daha da uğurlu nəticələr qazanması üçün yeni oyunçulara ehtiyacı var?

- Düzdü, çatışmazlıqlar var, bunu heç vaxt danmaram. Amma biz yola çıxanda müdafiə xəttində yeni oyunçuya daha çox ehtiyac duyduq ki, nəticədə Rəşad Sadıqovu gətirdik. Digər tərəfdən, müdafiəyönlü komandanın hücuma elə də çox oyunçu almaması da anlaşılandı. Amma sizə bir söz deyim: Elvin Məmmədovun bu gün vurduğu qol dünya miqyasında fərqlənən qollardan birinə çevrildi. Doğurdan da möhtəşəm vurdu.

- Bəs "Honka" sizi nə mənada təəccübləndirdi?

- Açığı, bu komanda haqda heç bir təsəvvürə malik deyildim. Etiraf edim ki, onların ilk yarıdakı oyununu görəndən sonra qorxdum. Ancaq bunda komandamızın hələ oyuna tam uyğunlaşa bilməməsinin də rolu vardı. Hər halda, ikinci yarıda sərgilədiyimiz oyun bunu aşkar isbatladı. Fasilədən sonra futbolçularımızdakı inamın artdığını görəndən sonra isə bildim ki, uşaqlar vətənə ən azı uduzmadan yollana biləcək.

- Sadıqov komandada qalacaqmı?

- İnanın ki, özüm də bilmirəm. Hər şey Rəşaddan asılıdı.

- Ümumiyyətlə, istəyirsizmi o "Qarabağ"da qalsın?

- Əlbəttə. Çünki Rəşad həm insan, həm oyunçu, həm də möhtəşəm təcrübəsinə görə komandamız üçün nə dərəcədə faydalı futbolçu olduğunu isbatladı. O, öz ürəyi ilə komandanın içinə girdi. Biz də istərdik ki, "Qarabağ"da qalsın. Təbii ki, bu alınsa, komandamız üçün çox müsbət bir amil olar.