QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: «AFFA rəhbərliyi milliyə kimin daha layiq olduğunu yaxşı bilir» (qol.az)

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının çempionata hazırlığı, milli komandanın çıxışı barədə Qol.Az-a müsahibə verib

- Komandanızın hazırlığı necə gedir?
- Hazırlığımız normal keçir. Xüsusi proqram hazırlamışıq. Həmin proqrama əsasən məşqlərimizi keçirik. Yeganə problem futbolçuların sayı ilə bağlıdır. Bildiyiniz kimi, yeddi oyunçumuz millinin düşərgəsindədir. Eyni zamanda U-21-də olan futbolçularımız da var. Buna görə də ikinci komandadan perspektivli oyunçuları əsas heyətlə birgə məşqlərə cəlb etmişik. 
- Dediyiniz bu problem Premyer Liqanın oyunları zamanı komandaya əlavə problem yarada bilər?
- Çalışacağıq ki, heç bir problem yaşanmasın. Məşqlərimizi də məhz buna əsasən qururuq. Elə etməliyik ki, çempionat zamanı futbolçularda fiziki və ya psixoloji cəhətdən yorğunluq olmasın. Amma təbii ki, istsinalar da ola bilər. Ona görə də ilk oyunda bəzi əsas heyət üzvlərinə istirahət də verə bilmərəm. Amma bu, yalnız oyunçular klubun düşərgəsinə qayıtdıqdan sonra dəqiqləşəcək. Çünki geri dönərkən mən onların hansı vəziyyətdə olacaqlarını indi dəqiq deyə bilmərəm. 
- 13 gün ərzində “Qarabağ” 5 oyun keçirəcək. Komanda bu sıx qrafikə hazırdır?
- Hazırlığımızı keçirik. Əlimizdən gələni edəcəyik ki, ciddi problem yaşanmasın. Bayaq dediyim ki, hansısa oyunçunun yorğun olduğunu görsəm, ona istirahət verəcəyəm. Bəzi oyunçuların ilk oyunlarda meydana çıxamaması da mümkündür. Bu halda gənclərə şans verəcəyik. Qoy, onlar da oynayıb, təcrübə toplasınlar.              
- Beş oyuna neçə xal qazanmağı proqnozlaşdırırsınız?
- İndi bu barədə qəti söz deyə bilmərəm. Çalışacağıq ki, uğurlu çıxış edək. Amma indiki halda bizim qarşımıza elə də ciddi məqsədlər qoyulmayıb. Bildiyiniz kimi, gələcəyin komandasının qururuq. Heyətimizin əsasını gənc oyunçular təşkil edir. Hansılar ki, bir-iki il ərzində təcrübə toplamaqla gələcəkdə daha uğurlu çıxış edəcəklər. Ona görə də indi konkret neçə xal qazanacağımızı deyə bilmərəm.      
- Bir qədər də milli komandamız haqda danışaq. Finlandiya ilə son matç barədə nə deyə bilərsiniz?
- Millimiz yaxşı oynadı. Uşaqlar oyun boyu mübarizə apardılar. Bütün güclərini meydanda qoydular. Ümumiyyətlə, son iki oyunda millimiz gözəl çıxış edib. Düzdür, hər iki halda məğlub olsaq da, komandada inkişaf nəzərə çarpır. İnanıram ki, belə davam edəcəyi halda, Azərbaycan milli komandası yaxın gələcəkdə nəticə də qazanacaq. 
- Rəşad Sadıqovu da nəzərə alsaq, hazırda “Qarabağ”ın səkkiz üzvü milli komandaya dəvət alır. Bu, komandanızın artıq millinin bazasına çevrilməsi anlamına gəlmirmi?
- Yox, mən deməzdim ki, “Qarabağ” millinin bazasına çevrilib. Sadəcə olaraq, biz yerli oyunçulara üstünlük veririk. Heyətimizdə yalnız bir futbolçunu çıxmaqla, hamısı yerli uşaqlardır. Amma digər klubların əsasını legionerlər təşkil edir. Bu səbəbdən “Qarabağ”ın oyunçularının millidə sayı daha çoxdur. Təbii ki, bir məşqçi kimi bu, məni də sevindirir. Deməli, biz düzgün yoldayıq. Gələcəkdə çalışacağıq ki, “Qarabağ”ın milli komandadakı üzvlərinin sayı daha çox olsun. 
- Səkkiz oyunçudan başqa komandanızın heyətində daha hansı futbolçunu milli komandaya layiq görürsünüz? Hər halda “Qarabağ”ın heyətində Əfran İsmayılov, Namiq Yusifov, Rauf Əliyev kimi gənc və perspektivli oyunçular var.
- Fikrimcə, indiki halda ən güclülər, layiqlilər elə milliyə dəvət alanlardır. Adını çəkdiyiniz oyunçulara gəldikdə isə, onlar gəncdirlər və gələcəkdə bu oyunçular da milliyə kömək edəcəklər. Həm də Əfran, Rauf hazırda U-21-in düşərgəsindədirlər. 
- “Qarabağ”ın üzvlərinin Finlandiyaya qarşı oyunları sizi qane etdi?
- Fikrimcə, uşaqlar yaxşı oynadılar. Təkcə “Qarabağ”ın üzvləri deyil, bütün oyunçular uğurlu çıxış üçün əllərindən gələni əsirgəmədilər. 
- Sizdən fərqli olaraq, Berti Foqts Elnur Allahverdiyevi müdafiənin sol cinahında oynatdı...
- Bu, məcburiyyətdən atılmış bir addım idi. Mən Foqtsu çox gözəl başa düşürəm. Çünki “Tvente”ylə oyundan qabaq mən də eyni problemlə üzləşmişdim. Rəşad Sadıqovla Rail Məlikov meydana çıxa bilmədiyindən, Foqts müdafiə xəttində eksperiment aparmağa məcbur idi. 
- Cari seçmə mərhələnin, eləcə də milli komandamızın baş məşqçisi Berti Foqtsun müqaviləsinin sonuna az qalıb. Bu gün əsas müzakirə olunan məsələlərdən biri də millinin baş məşqçi postudur. Bu vəzifəyə ən çox adının hallananlardan biri də məhz sizsiniz...
- Mənə elə gəlir ki, AFFA rəhbərliyi milliyə kimin daha layiq olduğunu yaxşı bilir. Onlar əbəs yerə Berti Foqtsu millinin başına gətirməyiblər. Həm də Foqtsun rəhbərliyi altında millimiz heç də pis çıxış etmir. Düzdür, komanda nəticə qazana bilməsə də, inamlı, gözəl oyun göstərir. Azərbaycan millisi düz yoldadır. Komandada inkişaf hiss olunur. Özüm isə «Qarabağ»dayam, buradakı işimdən və mühitdən məmnunam. 
- Sonda Almaniyayla oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı. 
- Milli komandadana yaxşı oyun gözləyirəm. Rəqibimiz dünyanın ən güclülərindən biridir. Buna baxmayaraq, hesab edirəm ki, futbolçular güclü rəqibə qarşı layiqli mübarizə aparacaqlar.