QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" rəsmiləri Hollandiyada, Cavadov isə Londonda (futbol+, qəzeti)
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və menecer Asif Əsgərov "Tvente" rəhbərliyinin dəvətiylə Hollandiyaya yollanıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, səfər çərçivəsində hər iki klubun qarşılıqlı əməkdaşlıq qurması haqda razılıq əldə olunub. Gənc məşqçilərimizin Hollandiyada kurslarda iştirakı, həmçinin "Tvente"nin məşqçilərinin ölkəmizə gəlməsi də müzakirə olunub. Söhbət əsnasında "Tvente"nin prezidenti Yoop Munsterman müasir Azərbaycan futbolunu 5-6 il öncəki Hollandiya futbolu ilə müqayisə edib. Sözügedən görüşdə baş verən maraqlı məqamlardan biri də "Tvente"nin tarixinə dair göstərilən videorolikdə klubun qazandığı son uğur zamanı klub prezidentinin baş məşqçi Stiv Maklareni qucaqlayaraq ağlaması zamanı olub. Bu məqamı izləyərkən "Qarabağ"ın vitse-prezidenti "deyəsən, ağlayan yeganə klub prezidenti mən deyilmişəm" kəlməsini işlədib. Hollandiya təmsilçisinin prezidenti isə bunun qarşılığında "bizi birləşdirən məqamlar hələ çox olacaq" cavabını verib.

Bu arada "Qarabağ"ın və yığmamızın hücumçusu Vaqif Cavadov da İngiltərəyə yollanıb. 20 yaşlı futbolçu nüfuzlu jurnallardan biri üçün foto çəkilişlərdə iştirak edəcək. Daha konkret desək, Moskvada rus dilində çap edilən "Bakı" dərgisi üçün. Jurnalın baş redaktorunun ölkə prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva olduğunu da vurğulamağa dəyər.

Bu il millidə və klubunda göstərdiyi inamlı oyunla futbolsevərlərin böyük rəğbətini qazanan Vaqif səfərə tək çıxsa da, Londonda "Arsenal"ın rusiyalı hücumçusu Andrey Arşavinlə birgə olacaq. Məlum olduğu kimi, Azərbaycan və Rusiya yığmaları arasında oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunda (1:1) qolları Cavadovla Arşavin vurub. Məhz bu görüşdən sonra hər iki futbolçu belə təklif alıb.

Daha doğrusu, Vaqiflə bağlı təklif AFFA-ya gəlib və gənc futbolçu assosiasiyanın xətti ilə Londona yollanıb. Məhz bu üzdən Cavadovun premyer-liqasının təxirə salınmış 3-cü turu çərçivəsində "Muğan"la dünənki görüşdə iştirak etmədiyini də vurğulayaq. Vətənə bu gün dönəcəyi gözlənilən Vaqif 8-ci tur çərçivəsində oktyabrın 25-də "Karvan"la oyunda iştirak edə biləcək.