QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: «Metrodan istifadə etməsəm də, qiymətdən xəbərim var»(KomandA)
- Qurban bəy, Azərbaycanın ərazisi nə qədərdi?
- 86,6 min kvadrat kilometr. Onun da 20 faizini ermənilər işğal ediblər. Amma müvəqqəti şeydi. Bir gün geri alınacaq o torpaqlar.
- Ölkəmiz hansı ölkələrlə həmsərhəddi?
- Gəl sayaq da. Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan…
- Biri qaldı axı.
- Hə, sonuncu da İrandı.
- Xəzər göldü, yoxsa dəniz?
- Həm göldü, həm də dəniz.
- Yaxşı, niyə göldü, niyə dəniz?
- Ona görə göldü ki, ora çaylar tökülür, amma ordan heç yana axar yoxdu.
- Bəs niyə həm də dəniz sayılır?
- Çünki sahəsi böyükdü.
- İslami təqvimdə yeni il hansı aydan başlayır?
- Bunu bilirdim. Dayan yadıma salım… Ramazan ayıdı?
- Xeyr.
- Maraqlı gəldi nəsə. Cavabını öyrənə bilərəm? (gülür)
- İndiyə qədər hələ heç bir müsahibimiz bilmədiyi sualın cavabını soruşmayıb. Amma siz ilk olduğunuz üçün deyirəm. İslam təqviminə görə yeni il Məhərrəm ayının 1-dən başlayır.
- Düzü, dedin, indi yadıma düşdü.
- Yaxşı. Növbəti suala keçək. Azərbaycanın dövlət himninin sözləri və musiqisi kimindi?
- Musiqisi Üzeyir Hacıbəyovundu. Sözləri isə… Cavad… Cavad… Hə, Əhməd Cavadındı sözləri.
- İnsanlar saatlarını niyə sol qola taxırlar?
- Sən bu sualları hardan yığmısan (gülür)? Yəqin ki, belə qəbul olunub. Amma qadınlar sağ qollarına taxırlar. Görünür, mənası var, ancaq bilmirəm. Bir də mən bilən, müsəlman saatı sağ qoluna taxmalıdı.
- Teleqraf xidmətində istifadə edilən əlifbanın adı nədi?
- Teleqrafı icad edənin adıyla bağlı olar yəqin ki. Bunun da cavabını deyə bilərsən (gülür)?
- Bəli, teleqrafı icad edənin adıyla bağlıdı. Morze əlifbası adlanır. Növbəti suala keçək. Niyə suda üzən qaz və ya ördək quruya çıxdıqda islanmış olmur?
- Mən bilən onlar quruda olanda özlərini yağlayırlar dimdikləriylə. Ona görə ola bilərmi?
- Ola bilər yox, elə buna görədi. Cavabınızı qəbul etdim. Deyin görüm, Azərbaycan əlifbasında neçə sait və neçə samit var?
- Hmmm… 32 hərfdi. Onlardan… Dayan, bir-bir sayım da saitləri. (sayır) Hə, 9 saitdi, qalanları samit.
- Quranın nazil edilən ilk ayəsi hansıdı?
- Birinci surəsi «Fatihə»di. Amma düzü, indiyə qədər maraq doğurmayıb ki, öyrənəm görəm ilk ayə hansıdı.
- «Əlaq» surəsinin birinci ayəsidi nazil olan. «Oxu!» dedi Rəbbimiz ilk olaraq.
- Ay sağ ol. Hətta belə rəvayət olunur ki, Peyğəmbərimiz oxuya bilmədiyini deyir və mələk Cəbrayıl Allahın əmriylə Həzrət Məhəmmədi özünə sıxır. Sonra deyir ki, indi oxu. Bax, Allahdan gələn ilk vəhyin «Oxu!» olduğunu dedin, rəvayət də yadıma düşdü.
- Ona görə də suala diqqətlə qulaq asın və tələsməyin. Deyin görüm, saatın bütün əqrəbləri hansı rəqəmin üzərində eyni anda dayanırlar?
- (düşünür) Buna tez cavab verməyəcəm… Hə, 12-nin.
- Azərbaycan manatını incələmisizmi? Kağız əskinaslarımızın üzərində kimin imzası var?
- Prezidentin?
- Sualı mən sizə verdim.
- Açığı, heç fikir verməmişəm ki, üzərində imza var, ya yox. De, onu da bilim (gülür).
- Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun. Qurban bəy, maliyyə nazirimiz kimdi?
- Ay daaa… Soyadı Şərifov olmalıdı…
- Düzdü, soyadı Şərifovdu. Adını xatırlamadız?
- Yox.
- Adı Samirdi. Deyə bilərsizmi Yer kürəsi Günəşin ətrafında neçə müddətə tam dövrə vurur?
- 1 sutkaya. Yəni 24 saata.
- Su neçə dərəcədə qaynayır?
- Bunu bilmirəm.
- Yaxşı, bunu da deyəcəm: 100 dərəcədə. Növbəti sual: «Dədə Qorqud» dastanının müəllifi kimdi?
- Adından da göründüyü kimi, dastandı. Dastan da xalqın əsəridi.
- «Azadlığı istəmirəm qram-qram...» deyən şairimiz kim idi?
- Sözlər nəsə tanış gəlir.
- Ötən əsrin 90-cı illərində vəfat etmiş şairimizdi. Oğlu da Qarabağ müharibəsində şəhid olub...
- Nəsə yadıma sala bilmədim.
- Xəlil Rza Ulutürkün şeirindən misra idi. Yaxşı, Amerikanı kim kəşf edib?
- Bunu bilirəm. Kolumb kəşf edib.
- Bəs «0» rəqəmini elmə kim gətirib?
- Bilirəm desəm, yalançı olaram.
- Məşhur riyaziyyatçı, coğrafiyaşünas türk alimi əl-Xarəzmi. Qurban bəy, metroda gediş haqqının qiymətinin neçəyə olduğunu bilirsiz?
- 15 qəpik. Bu yaxınlarda bahalaşdırdılar. Metrodan istifadə etməsəm də, qiymətdən xəbərim var.
- Ölkə qanunvericiliyinə görə prezidentdən sonra səlahiyyətli şəxs kimdi?
- Baş nazir.
- Bayrağımızın rəmzlərini deyə bilərsiz?
- Göy rəng türkçülüyü, qırmızı rəng müstəqilliyi, yaşıl isə əhalinin İslam dininə qulluq etdiyini göstərir.
- Yağla suyu qarışdıranda niyə yağ üstə çıxır?
- Çünki yağ sudan yüngüldü.
- Rusları 300 il əsarətdə saxlayan kim olub?
- Səhv etmirəmsə, monqol tatarlar olublar.
- Milli Məclisdə neçə millət vəkili var?
- Bu barədə məlumatsızam. Neçə nəfərdi?
- 125 nəfər. Nizaminin neçə «Xəmsə»si var?
- Yaddaşım məni aldatmırsa, Nizaminin beş əsəri olub.
- Bəli, 5 əsəri olub. «Xəmsə» isə «beşlik» deməkdi. Deməli, Nizaminin neçə «Xəmsə»si olub?
- (gülür) Belə çıxır ki, bir «Xəmsə»si olub.
- Sonuncu sualımdı. Nizaminin qəhrəmanlarından olan Məcnunun əsl adı nə idi?
- Hamı ona dəli deyirdi. Ona görə onu Məcnun deyə çağırırdılar. Amma yadımda deyil.
- Yaxşı, bunu da deyim və yekunlaşdıraq. Dediyiniz kimi, Məcnun elə dəli demək idi. Əsl adı isə Qeys idi.
- Ay sağ ol. Bunu da dedin, yadıma düşdü (gülür).

mənbə: "KomandA" qəzeti