QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" fanklubunun rəhbəri: "İmarət"in səsini bütün Avropa eşidəcək” (qol.az)

Unibank premyer-liqasında mübarizə gərginləşdikcə azarkeşlərin ölkə futboluna marağı da artır. Avropanın aparıcı klublarında olduğu kimi, bizim komandaların da fan klubları yaranır. Artıq bəzi klublarımızın bir neçə fanklubu fəaliyyət göstərir. Bu il Avropada adından söz etdirən, premyer-liqamızın liderlərindən olan Ağdamın "Qarabağ" klubunun daha bir fan klubu fəaliyyətə başlayıb. "İmarət" fanklubunun rəhbəri Şükür Cavadla söhbətimiz bu barədədi.
  
- "İmarət" hansı zərurətdən yarandı?
- Ağdamın "Qarabağ" klubu ölkənin ən köklü komandalarından sayılır. "Qarabağ"ın bütün milli çempionatlarda iştirak edən üç klubdan biri olmasının özü çox şeydən xəbər verir. Ağdam təmsilçisi azarkeşlərinin fəallığı ilə də həmişə seçilib. Komanda 1993-cü ildən qaçqın həyatı yaşamasına baxmayaraq, azarkeşlər bütün oyunlarda futbolçuları dəstəkləyirlər. "Qarabağ" Sumqayıtda, Bakıda məskunlaşdığı dövrlərdə də tərəfdar sarıdan heç vaxt problem yaşamayıb. Klub Quzanlıya köçəndən sonra Olimpiya Kompleksində keçirdiyi bütün oyunlarda tribunalar dolu olur. Bu da təsadüfi deyil. "Qarabağ" son dövrlər təkcə milli çempionatda deyil, Avroliqada göstərdiyi baxımlı oyunlara görə azarkeşlərinin sayını daha da artırıb. Biz də bir qrup gənc futbolçuların gücünə güc qatmaq, "Qarabağ"a azarkeş dəstəyini daha da gücləndirmək üçün "İmarət" fanklubu yaratmaq qərarına gəldik.
- Ad seçiminizi uğurlu adlandırmaq olar...
- Fankluba ad seçərkən çox da fikirləşməli olmadıq. "İmarət"in bütün ağdamlıların ürəyində xüsusi yeri var. "Qarabağ" oyunlarını həmişə bu stadionda keçirib, ilk böyük uğurlarını "İmarət"də qazanıb. Məhz ona görə də bu adın üzərində dayandıq. İnanırıq ki, fanklubumuzun ayağı düşərli olacaq. "Qarabağ" yenə də "İmarət"ə qayıdaraq uğurlarını sıralayacaq.
- "İmarət" Ağdam komandasının ilk fanklubu deyil. Komandanın rəsmi fanklubu ilə əlaqələriniz varmı?
- Rəsmi fanklubla normal münasibətlərimiz var. Bu da təbiidi. Çünki bir məqsəd uğrunda yaranmışıq - Ağdam futbolunun daha da inikşaf etməsinə nail olmaq, "Qarabağ"a azarkeş dəstəyi vermək və bütün oyunlarda futbolçularımızı qələbəyə səsləmək.
- Klub rəhbərliyi bu təşəbbüsünüzü necə qarşıladı?
- Klubun baş direktoru Əmrah Çəlikəllə görüşümüz olub. Ümumiyyətlə, klubun rəhbərliyində təmsil olunan insanlar səmərəli təklifləri həmişə müsbət dəyərləndirirlər. İnanıram ki, bizim layihələrə də dəstək verəcəklər.
- Belə layihələriniz varmı?
- Təbii ki, müxtəlif planlarımız, maraqlı ideyalarımız var. "Qarabağ" futbolçuları ilə fanklub üzvlərinin görüşünü təşkil etmək, klubla birgə uşaq evlərində, xüsusi internat məktəblərində xeyriyyə tədbirləri keçirmək istəyirik. Yəqin ki, zamanı gəldikcə "İmarət" bu planları həyata keçirəcək. İndi daha çox təşkilatlanma işinə önəm veririk. Paytaxtın müxtəlif ali məktəblərində təhsil alan qarabağlı tələbələri fankluba cəlb etməyə çalışırıq. İstəyirik ki, fanklubun üzvləri intellektual səviyyələrinə görə də seçilsinlər.
- Fan-klub rəhbəri kimi yox, sadə azarkeş kimi "Qarabağ"ın heyətində xüsusi bəyəndiyin futbolçu varmı?
- "Qarabağ"da elə bir mühit formalaşıb ki, bu gün hansısa oyunçunu xüsusi fərqləndirmək mümkün deyil. Baş məşqçi Qurban Qurbanov mübariz ruhlu kollektiv yaradıb. Məncə "Qarabağ"ın qazandığı son uğurların səbəbi də elə budur.
- Həftəsonu Unibank premyer-liqasında maraqlı derbi gözlənilir. "Qarabağ" Bakıda "İnter"in qonağı olacaq. Hər iki komandanın turnir cədvəlində lider olması maraqlı oyunun keçəcəyindən xəbər verir.
- Həqiqətən də "Qarabağ" çox vacib bir oyuna çıxcaq. "İmarət" fanklubu stadionda "Qarabağ"ı qələbəyə səsləyəcək. İnanıram ki, sonda Ağdam klubu qalib gələcək. Bu il "Qarabağ"ın ölkə çempionu olacağına və Çempionlar Kubokunda uğur qazanacağına əminəm. İnşallah, "İmarət" fanklubundakı azarkeşlərin səsi Avropa stadionlarından eşidiləcək.

Etibar

Mənbə: “Ədalət” qəzeti