QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqif Cavadov: Az məbləğə xaricdə oynamağa razıyam (Çempion)

Azərbaycan yığmasının və “Qarabağ” klubunun hücumçusu Vaqif Cavadovun müsahibəsi

- Vaqif, Azərbaycanın son zamanlar ən çox müzakirə olunan futbolçususan. Bu, çıxışına mənfi, yoxsa müsbət mənada təsir göstərir?
- Mənim işim futbol oynamaqdır. Müzakirə obyekti olmaq üçün bir iş görməlisən. Yəqin ki, mən də nə iləsə yadda qalmışam. Bunların mənə heç vaxt mənfi və ya müsbət təsiri olmayıb. İnsan həyatında pis və yaxşı günlər olur. Bu, futbolda da keçərlidir. Bir az formamdan uzaq olanda məni ciddi sürətdə tənqid etdilər. Amma yenə jurnalistlərdən qaçmıram.

- Əksəriyyət sənin “ulduz” xəstəliyinə tutulacağını deyir. Doğurdanmı xasiyyətin bu yöndə dəyişəcək?
- (gülür) Mən heç vaxt “ulduz” xəstəliyinə tutulmayacağam. Çünki mən futbola təsadüf nəticəsində gəlməmişəm. Əmim İsgəndər Cavadov və atam Füzuli Cavadov peşəkar futbolçu olublar. Yolundan azmaq, işinə peşəkar münasibət bəsləməmək Cavadovlar nəslinin nümayəndəsinə yaraşmaz.

- Bildiyimizə görə, qış fasiləsində ölkəni tərk edəcəksən. Xidmətində konkret olaraq hansı klublar maraqlıdır?
- Mənimlə Avropa və MDB məkanından olan ölkələrin klubları maraqlanırlar. İndi ad çəkmək istəmirəm. Çünki danışıqların müsbət yekunlaşmamaq ehtimalı mövcuddur. Bu işlə atam məşğuldur. Qərar verməzdən öncə atam və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun dediklərinə ciddi qulaq asacağam. Təklifin hansı klubdan gələcəyi və şərtləri mənim üçün böyük önəm kəsb edir.

- Yəqin ki, karyera qurmağı puldan üstün tutacaqsan...
- Pulun mənim üçün ikinci dərəcəli olduğunu hər zaman söyləmişəm. Təbii ki, yaşamaq naminə pul qazanmalısan. Lakin az məbləğə də ölkə xaricində oynamağa razılıq verərəm. Dediyim kimi, mənim böyüklərim var. Həm də “Qarabağ”la müqaviləmin müddəti davam edir. Sözləşməmin müddəti gələn ilin mart ayında başa çatsa da, qışda Azərbaycanı tərk edə bilərəm. Amma bunun üçün “Qarabağ”ın razılığı vacibdir.

- Yığma komandanın Dç-nin seçmə mərhələsini major notlarla bitirməsində əməyin danılmazdır. Oyun praktikanı artırmaq baxımından əlinə fürsət düşüb. Həm də Dubaydakı turniri bir neçə menecer izləyəcək. Yəni bu sənin üçün ikiqat əhəmiyyət kəsb edir...
- Bu barədə ətraflı danışmaq istəmirəm. Yığma ilə bağlı qərarları AFFA rəhbərliyi verir. Yəqin ki, onlar Dubay turnirinin əhəmiyyətli olacağını düşünürlər. Bizim işimiz səfərə gedib futbol oynamaqdır.

- Hazırda Azərbaycan yığmasında qeyri-müəyyən dövrdür. Baş məşqçi Berti Foqtsun gedib-getməyəcəyi dəqiq bilinmir. Yığma komandanın aparıcı oyunçusu olaraq bu barədə nə deyə bilərsən?
- Berti Foqts böyük təcrübəyə malik məşqçidir. Azərbaycana gəlməzdən öncə müxtəlif yığmaları çalışdırıb. Onun işindən bir futbolçu kimi razıyam. Foqts hər bir oyunçunun damarını tutmağı bacarır. Təbii ki, Foqts barəsində qərarı federasiya verəcək. Məncə, Foqtsun Azərbaycanda qalması məqsədəuyğundur. Ona vaxt vermək lazımdır.

Mənbə: “Çempion” qəzeti