QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: “Bəzi klublar bizim futbolçularla gizli danışıq aparırlar" (qol.az)

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.Az saytına müsahibə verib.

 

-Əmrah bəy, ilk olaraq “Olimpik-Şüvəlan” üzərindəki son qələbə münasibətilə sizi təbrik edirik. Öncə bu oyundan başlayaq…

-Təbrik üçün təşəkkür edirəm. Gərgin oyun oldu. Lakin komandamız çox nizam-intizamlı oynadı. Qələbə üçün də ən əsas tələb olunan dediyim bu amildir. Bunun da nəticəsində qələbə qazandıq və qarşımıza qoyduğumuz məqsədə nail olduq.

-Komandanızın vurduğu qələbə qolu da yetərincə gözəl və baxımlı alındı. Bu qol haqqında nə deyə bilərsiniz?

-Həqiqətən də çox baxımlı bir qol alındı. Mən deyərdim ki, Əfranın vurduğu bu qol çempionatın ən yaxşı qollarından biri olacaq.

-Əfranın gənc və təcrübəsiz futbolçu olduğunu nəzərə alsaq, bu cür həlledici məqamda oyunu üzərinə götürüb gözəl qola imza atması sizin üçün gözlənilməz olmadı ki?

-Əfran gənc, lakin çox perspektivli futbolçudur. Deməzdim ki, o qədər də gözlənilməz oldu. Çünki o, “Turan”la Tovuzdakı qarşılaşmada da qol vurmuşdu. Əlbəttə, bu cür gənc futbolçularımızın bu tipli matçlarda vacib qollara imza atmaları bizi çox sevindirir. “Qarabağ”da digər gənc futbolçular da var ki, onlar da belə qollar vurmağa qadirdirlər.

-Necə düşünürsünüz, İsmayılov ölkənin əsas millisində oynamağa hazırdır?

-Bu sual artıq birbaşa millinin baş məşqçisinə ünvanlanmalı olan sualdır. Biz öz fikrimizi söyləyə bilərik, amma, milli komandaya futbolçu seçimində əsas söz sahibi  baş məşqçidir.

-“Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışının ardından bu klubun futbolçularına olan maraq da artdı. Öncə Berti Foqts birdən-birə 7-8 futbolçunuzu milli komandaya dəvət etdi. Ardınca bir neçə futbolçunuz xarici klubların maraq dairəsinə düşdü. Bu gedişlə “Qarabağ”ın oyunçularının müştəriləri daha da arta bilər. Bu sizi narahat eləmir ki?

-Bu barədə futbolçularımızla da söhbətlərimiz olub. Biz həmişə bunun tərəfdarı olmuşuq ki, onlar ilk növbədə maddiyatı yox, öz gələcək karyeralarını düşünsünlər. “Qarabağ” klubu olaraq həmişə onu tərəfdarıyıq ki, bizim futbolçularımız daha güclü və daha səviyyəli çempionatlarda oynasınlar. Bunun üçün klub tərəfindən lazım olan hər bir köməkliyi də etməyə hazırıq. Elə bizim məqsədimiz də budur. Qurban Qurbanov həqiqətən çox gözəl bir kollektiv yaradıb. Sadəcə, mənim digər yerli klub rəhbərlərindən xahişim odur ki, bizim futbolçuların xidmətində maraqlıdırlarsa, bu barədə birbaşa bizim özümüzə müraciət etsinlər. Gizlində futbolçularımızla danışıqlar aparmasınlar.

-Yeri gəlmişkən, elə bu barədə sizə sual verməyə hazırlaşırdıq. Bizdə də olan məlumata görə, bir neçə iddialı yerli klublarımız sizdən xəbərsiz “Qarabağ”ın futbolçuları ilə danışıq aparır. Demək bu haqda artıq sizin də məlumatınız var?

-Bəli, bu haqda bizdə də informasiya var. Elə futbolçularımızın özləri gəlib bizə deyirlər ki, “bəs filan klubdan zəng edib mənim onlara keçidimlə bağlı danışmaq istəyirlər”. Bu, centlmenliklə bir araya sığmır. Həqiqətən də, başqa klubların futbolçularımızla gizli danışıq aparmasına üzülürük. Söhbət işin maddi tərəfindən getmir. Amma bu cür söhbəti birbaşa klub rəhbərliyi ilə edərlər, xəlvətdə futbolçu ilə yox. Bilirsiniz, futbolçu gəncdir, ona böyük məbləğdə pul təklif edəndə şirnikləşir və ağlını itirir.

-İndi keçək konkret futbolçularla bağlı olan suallarımıza. Deyilənə görə, “Tvente” Rəşad Sadiqovla da ciddi maraqlanır və onu heyətinə qatmaq istəyir. Futbolçu özü də verdiyi açıqlamasında bunu təkzib etməyib.

-Konkret bu suala belə cavab verim ki, hələ indiyə kimi hansısa futbolçumuzla bağlı klubumuza rəsmi təklif gəlməyib. Amma bizim də məlumatımız var ki, “Tvente” bir neçə futbolçumuzun oyununu bəyənir. Elə bizimlə oyundan sonra onların baş məşqçisi Stiv Maklaren də Vaqif Cavadov və Rəşad Sadiqovun oyununu çox bəyəndiyini demişdi. Bilirsiniz ki, biz “Tvente” klubu ilə əməkdaşlıq edirik və bu məqsədlə Hollandiyada da olmuşduq. Yaxın vaxtlarda isə onlar Azərbaycana gələcəklər və klubumuzun bazası, infrastrukturu, şəraiti ilə yaxından tanış olacaqlar. Təbii ki, biz də istəyirik ki, futbolçularımız Hollandiya kimi güclü bir ölkənin çempionatında oynasınlar. Amma bir daha deyirəm, hələ ki, klubumuza bununla bağlı rəsmi sənəd gəlməyib.

-Bəlkə qış transfer pəncərəsi açıldıqdan sonra rəsmi təklif gələcək?

-Ola bilər, mən bunu istisna eləmirəm.

-Rəşad Sadıqovun durumu necədir?

-Şükür Allaha yaxşıdır və ikinci dövrədən etibarən oynamağa başlayacaq.

-“Qarabağ” hazırda çox əla formadadır və təsadüfi deyil ki, çempionatın şərikli lideridir. Komandanızın çempion olmaq şansı da var. Amma digər tərəfdən də futbolçularınıza gələn təkliflərin sayı artmaqdadır. Qorxmursunuz ki, mövsüm başa çatanda onlar daha sərfəli təklifləri qəbul edib klubu tərk etsinlər və avrokuboklar öncəsi tamam yeni komanda qurmaq məcburiyyətində qalasınız?

-Bu cür strateji məsələlərdə biz hər şeyi öncədən fikirləşib nəzərə alırıq və işimizi də buna görə qururuq. Ona görə də nə vaxtsa çıxılmaz vəziyyətlə üz-üzə qalacağımıza inanmıram.