QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tural İsgəndərov: Vaqif Almaniyanın istənilən klubunda oynaya bilər (fanat.az)

"Qarabağ" çox xoşuma gəlir və orada uzun illər oynamaq istəyirəm"

Fanat: "Qarabağ"ın 17 yaşlı futbolçusu Tural İsgəndərov artıq bir aydır ki, Almaniyanın adlı-sanlı "Bavariya" klubu ilə birlikdə məşq edir. Münhen klubunun 19 yaşlı futbolçuları ilə məşqlərə qatılan Tural xüsusi fəallığı ilə diqqət çəkir. Müvafiq olaraq, U-17, U-19 və U-21 yığmalarımızın da heyətində forma geyinən İsgəndərov, yaşının az olmasına baxmayaraq,  Premyer Liqada da işitrak etməyə imkan tapıb.
Qeyd edək ki, Tural AFFA-nın "Bavariya" ilə bağladığı əməkdaşlıq müqaviləsi çərçivəsində Almaniya klubunun düşərgəsində təlim-məşq toplanışı keçir. Onunla yanaşı,  Tərlan Quliyev, Rəhman Hacıyev və Hacı Əhmədov da Münhenə yollanıb. İsgəndərovla müsahibəni diqqətinizə çatdırırıq.

- Sizi Almaniyaya AFFA göndərdi. AFFA-nın bu addımı səncə, futbolumuzun xeyrinə ola bilərmi? Yəni ölkəmizdən yeni-yeni istedadlar üzə çıxa bilərmi?
- Bəli, mən, Tərlan Quliyev, U-17 millimizin heyətində olan Rəhman Hacıyev və Hacı Əhmədovu Almaniyaya AFFA göndərdi. Bizə belə bir şərait yaratığı üçün AFFA rəsmilərinə dərin minnətdarlığımızı bildiririk. çünki bu, bir çox futbolçunun yuxusunda görə bilməyəcəkləri sevincdir. Amma biz artıq bir aydır ki, “Bavariya” ilə məşq edirik. Mən sizi əmin edə bilərəm ki, Almaniyada oynaya biləcək azərbaycanlı futbolçular var.
- Məşqlər necə keçir? “Bavariya”da qalmaq ehtimalınız varmı? Münhendə olduğunuz müddətdə sizə necə münasibət bəslədilər?
- Hər şeydən öncə deməliyəm ki, məşqlər çox yaxşı keçir. Hər şey yüksək səviyyədə təşkil olunub. Burada qalmaq çox gözəl olardı. Təəssüf ki, biz burada cəmi bir ay olacağıq. Yəni bu müddət ərzində hər şeyi öyrənmək mümkün deyil. Amma onu yüz faiz bilirəm ki, bu hazırlığın bizə çox xeyri olacaq. Futbolçu və məşqçi heyətinin bizə qarşı münasibəti də əladır. Bizə elə münasibət bəsləyirlər ki, sanki uzun illərdir buradayıq. Komandada çoxlu türklər də var.
- “Bavariya”da daha hansı ölkələrdən futbolçular yer alır?
- Burada, demək olar ki, dünyanın hər bir bölgəsindən futbolçu var. Hazırkı komandada İsveç, Serbiya və Afrikadan olan futbolçular da var. Burada kimliyindən asılı olmayaraq, yaxşı təsir bağışlayan futbolçunu dərhal əsas heyətə cəlb edirlər.
- Sizə “Bavariya”da qalmağı təklif ediblərmi?
- Bizə klubda qalmaq barəsində heç bir məlumat verməyiblər. Buna görə də heç nə deyə bilmərəm. Elə bir təklif yoxdur. Sadəcə olaraq, biz məşqlərimizə gedib gəlirik.
- Nə vaxt qayıdırsınız?
- Dekabrın 7-də qayıtmalıyıq. Amma çox qalsaq, daha əla olar. çünki buraya öyrəşmişik. Ümumiyyətlə, Almaniyada qalsaq, çox güclü futbolçular olarıq.
- “Qarabağ”ın rəsmiləri sənə Almaniyaya getməkdə mane olmamışdılar? Vətənə döndükdən sonra yenə Ağdam klubunun heyətində çıxış etmək istəyirsən?
- “Qarabağ” çox xoşuma gəlir və orada uzun illər oynamaq istəyirəm. Sağ olsun, Qurban müəllim də mənə güvənir. ölkə çempionatının bir neçə oyunda da komandanın heyətində meydançaya çıxmışam. Bu yaxınlarda isə klubla yeni 3 illik müqavilə bağladım. Buraya gəlməyimə heç bir maneə törətmədilər, Məni özləri yola saldılar. Onlara çox minnətdaram.
- Yığmanın oyunlarını izləyirsənmi? Millinin oyunları səni razı salırmı?
- Milli komandamızın matçlarına hər zaman baxmağa çalışıram. Düzü, məşqlərimiz çox olduğundan yığmanın Birləşmiş Ərəb Əmirliklərindəki oyunlarına baxa bilmədim. Amma çexiya kimi rəqib üzərində qələbə qazandığımızı eşidib çox sevindim. Artıq dünyada zəif komanda qalmayıb. Çexlər dünyada 15-ci pillədə, biz isə lap aşağılarda qərarlaşmışıq. Yığmamız bu yerə layiq olmadığımızı öz oyunu ilə sübut etdi. İnşallah, bu, axırıncı yox, axarıncı qələbə olar.
- Premyer Liqanın sonuncu turu ərəfəsində doğma komandan evdə “Olimpik-Şüvəlan”a qalib gəldi.
- Bəli, komandamın qələbə qazandığından xəbərim var. Çünki bu gün (söhbət dünən olub) məşqimiz olmadığından, “Qarabağ”ın internet səhifəsindən matçı izləyirdim. İlk dövrənin sonuncu matçı olduğundan qələbə qazanmaq çox əla olacaqdı. Həm də komanda istirahətə yaxşı əhvali-ruhiyyədə yollanacaqdı. “Qarabağ” bu il çempion olmağa çox yaxındır. Sadəcə olaraq, sona qədər vuruşmaq lazımdır.
- Səncə, ölkəmizdə Almaniya çempionatında oynamağa qadir futbolçular varmı?
- Yığmamız son seçmə mərhələdə az xal toplasa da, Almaniya, Rusiya və Finlandiya kimi yığmalarla sona qədər mübarizə apardı. Bu matçlarda  da gördük ki, millimiz baxımlı və qalibiyyəti əldə edə biləcək futbol oynamağı bacarır. Azərbaycandan komanda yoldaşım olan Vaqif Cavadovun Almaniyanın istənilən klubunda oynaya biləcəyini düşünürəm.

Mənbə: "Çempion" qəzeti