QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”: 600, 700? (apasport.az)
Unibank Premyer Liqasının XIII turunun “Qəbələ” ilə oyunu Ağdamın “Qarabağ” klubu üçün əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, Qurban Qurbanovun yetirmələri Qəbələdə ən azı bir yubiley qeyd edəcək.

Belə ki, ağdamlılar müstəqil Azərbaycan tarixində 600-cü matçına çıxacaqlar. “Qarabağ” tarixi ərzində daha çox qarşılaşma keçirsə də, SSRİ dövrünə təsadüf edən matçlar aşağı səviyyədə, demək olar ki yarım peşəkar olub.

Xatırladaq ki, ittifaqın son illərində, ümumiyyətlə futbol rəsmən həvəskar sayılırdı. “Qarabağ” isə Azərbaycan SSR-ın 1988-ci ildəki birinciliyində 34, SSRİ çempionatının ikinci dəstəsinin öz zonasında, yəni regional turnirində 118 qarşılaşmanın iştirakçısı olub. Komandanın ölkə kubokunun ilkin mərhələlərinə belə buraxılmadığı həmin dövrə təsadüf edən 152 matçdan sonra Ağdam təmsilçisi həqiqətən böyük futbola qədəm qoydu.

Müstəqil Azərbaycanın ilk çempionatından güclülər dəstəsinin əbədi iştirakçısı olan “Qarabağ” çempionatdakı 18 mövsümə 473 oyun keçirib, 2 çempionluq, 1 gümüş və 1 bürünc qazanıb. İlk kubok turnirini buraxıb növbəti 17 yarışa qatılan və 100 görüş keçirən komanda 3 dəfə qalib olub və daha 3 dəfə finalda uduzub. “Birlik kuboku”ndakı hər iki iştirak zamanı qrupda qalan ağdamlılar avrokuboklarda 7 cəhddən 2-də uğur qazanıb. Bir dəfə bir, bu ilin yayında isə iki mərhələ adlamağı bacarıb.

turnir

O

Q

H

M

T

X

Azərbaycan çempionatı

473

254

104

115

699-422

866

Azərbaycan kuboku

100

62

18

20

182-68

207

Birlik kuboku

6

2

1

3

6-8

7

Avrokuboklar

20

4

4

12

10-42

16

Cəmi

599

322

127

150

897-540

1096


Cədvəldən göründüyü kimi, “Qarabağ” ikinci yubileyi də bayram edə bilər. Lakin 600-cü oyundan fərqli, bu, komandanın futbolçularından asılıdır. Milli çempionatlar tarixində 699 qol vuran ağdamlılar yubiley topuna imza atmaq üçün qəbələlilərin qapısına yol tapmalıdır. “Qarabağ”ın səfərdə vuracağı ilk qol isə yubiley – 700-cü olacaq. İndiyədək yalnız bir Azərbaycan klubu Premyer Liqada 700 qol həddini aşıb. Bu, nəinki 700, hətta 800 və 900-cü qolunu da vurmuş “Neftçi”yə nəsib olub.