QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqif Cavadov: “Tvente”də yalnız bir məqsədim var...”(qol.az)

“Qarabağ” Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transferi ilə bağlı bu gün mərasim təşkil edir. Qol.Az-ın tədbirdə olan müxbirinin verdiyi məlumata görə, mərasimdə AFFA rəsmiləri, ziyalılar, futbol veteranları və media nümayəndələri iştirak edir.
Artıq tədbirə start verilib. Bu dəqiqələrdə Vaqif Cavadovun vurduğu qolların yer aldığı videoçarx qonaqlara nümayiş etdirilir.
Vaqif Cavadov isə tədbirə “Tvente”nin idman formasında qatılıb.

                                     ***

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqif haqda danışıb. Gözəl Cavadova uğurlar arzulayıb: "Vaqif, sənə uğurlar arzulayırıq. "Tvente"də də başarılı olacağına inanırıq. Ürəyimiz hər zaman səninlə olacaq".

                                     ***

AFFA-nın vitse-prezidenti Rauf Əliyev isə çıxışında Vaqifə AFFA-nın prezidenti Rövnəq Abdullayevin də təbrikini çatdırıb.

                                     ***

Vaqifi AFFA-nın baş katibi Elxan Məmmədov da təbrik edib. Məmmədov Cavadovun “Tvente”yə keçidini futbolumuzun ən böyük transferi adlandırıb: “Bu, futbol tariximizin ən böyük transferidir. Vaqif Cavadovun “Tvente” kimi kluba keçməsində “Qarabağ”ın da böyük əməyi var”.

                                     ***

Nəhayət, çıxış etmək növbəsi səbəbkara çatdı. Vaqif, Hollandiyada təkcə özünü deyil, bütün Azərbaycanı təmsil edəcəyini bildirdi: "Bu səviyyə çatmağıma görə "Qarabağ"a təşəkkür edirəm. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər. Bundan sonra da yetişəcəyinə inanıram. "Tvente"də təkcə özümü deyil, "Qarabağ" və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm. Bu da məsuliyyətimi artırır".   

                                    ***

Daha sonra Vaqifin əmisi, veteran futbolçumuz İsgəndər Cavadov çıxış etdi: “Mən Vaqifə “Tvente”də uğurlar arzulayıram. Orada da uğur qazanacağına inanıram. Vaqifin bu səviyyəyə çatmasına görə onun atasına, doğma qardaşım Füzuliyə təşəkkür etmək istəyirəm. Sağ olsun ki, 8 yaşında Vaqifi Azərbaycandan apardı”. 

                                    ***

Millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru, “Qarabağ”ın fəxri prezidenti Aqil Abbas isə çıxışında Ağdam klubunun ağır günlərindən, eləcə də qazandığı uğurlardan bəhs etdi. A.Abbas Vaqifin Hollandiyada ölkəmizi layiqincə təmsil edəcəyinə və daha böyük uğurlar qazanacağına inandığını bildirdi.   

                                    ***


Aqil Abbasın ardınca daha bir ziyalı, “525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edib: “Mən də öz növbəmdə Vaqifi “Tvente”yə transfer olunması münasibətilə təbrik edirəm. Bu, təkcə futbol yox, həm də siyasi bir aksiyadır. “Qarabağ” yayda avrokuboklarda böyük uğurlar qazandı. Arzum budur Vaqif “Tvente”də hər bir oyuna döyüşə çıxırmış kimi köklənsin və öz gözəl oyunu, vurduğu qollarla Qarabağın Azərbaycana məxsus olduğunu bir daha yaddaşlara həkk etsin”. 

                                    ***

Ardınca yenidən söz alan Vaqif "Tvente"də 7 nömrəni seçməsi və komandadakı məqsədi barədə danışıb: “20 nömrəni seçmək istəyirdim. Lakin bu nömrəni hazırda başqa bir futbolçu daşıdığından, 7-ni seçdim. Yaxın günlərdə ölkəmizi tərk edirəm. “Tvente”də yalnız bir məqsədim var - əsas heyətə düşmək”.