QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Gülə-Gülə, Vaqif! (korner.az)
“Qarabağ” Cavadovu təmtəraqla yola saldı

Azərbaycan müstəqillik tarixinin ən böyük transferi olan Vaqif Cavadovun “Tvente”yə keçidi rəsmiləşəndən sonra bir neçə günlük Azərbaycana qayıdan futbolçumuzla, artıq sabiq klubu sayılan “Qarabağ” vida mərasimi keçirib. “Korner.az” xəbər verir ki, bu gün bu məqsədlə “Azersun Holdinq” şirkətlər qrupunun mədəniyyət mərkəzində mərasim keçirilib. Tədbirə klubun vitse-prezidenti Tahir Gözəllə yanaşı AFFA-nın vitse-prezidenti Rauf Əliyev, baş katibi Elxan Məmmədov, Regional Futbol federasiyasının prezidenti, həm də Vaqifin doğma əmisi İsgəndər Cavadov, yazıçı Aqil Abbas, Azərbaycan yazıçılar ittifaqının katibi Rəşid Məcid, futbol vetereanı Oqtay Abdullayev, Füzuli Cavadov, “Qarabağ”ın təsisçilərindən Adil Nadirov və başqa tanınmış futbol adamları, ziyalılar və təbii ki, ölkənin Kütləvi İnformasiya Vasitələri iştirak edib.
Tədbirə “Tvente”nin idman formasında qatılan Vaqif Cavadovun keçidi barədə çıxışlar edilib.

Tahir Gözəl: “Vaqif, sənə uğurlar arzulayırıq. “Tvente”də də başarılı olacağına inanırıq. Ürəyimiz hər zaman səninlə olacaq. Sən hər zaman bizim Vaqif olaraq qalacaqsan. Sənin yetişməyində əməyi olanların hər birinə təşəkkür edirəm. Sənin istənilən uğurun “Qarabağ”ın uğuru olacaq.

Rauf Əliyev: “Futbolumuzun günü-gündən inkişaf edir. Vaqifin transferi inanıram ki, gələcəkdə futbolumuzun inkişafına böyük təkan olacaq. “Qarabağ” rəhbərliyinin düzgün siyasəti Vaqifin “Tvente” kimi məşhur kluba transferini reallaşdırdı”.

Elxan Məmmədov: “Bu, futbol tariximizin ən böyük transferidir. Vaqif Cavadovun “Tvente” kimi kluba keçməsində “Qarabağ”ın da böyük əməyi var. İnanırıq ki, Vaqif Avropaya gedəcək sonuncu futbolçumuz olmayacaq”.

Vaqif Cavadov: “Bu səviyyə çatmağıma görə "Qarabağ"a təşəkkür edirəm. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər. Bundan sonra da yetişəcəyinə inanıram. "Tvente"də təkcə özümü deyil, "Qarabağ" və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm. Bu da məsuliyyətimi artırır. Söz vermişdim ki, Azərbaycanda sadəcə “Qarabağ”da oynayacam. Və klubu dəyişəsi olsam mütləq Avropaya gedəcəm. “Qarabağ” adına görə çempion olmağa həm də ən yaxşısına layiqdir”.

İsgəndər Cavadov: “Mən Vaqifə “Tvente”də uğurlar arzulayıram. Orada da uğur qazanacağına inanıram. Vaqifin bu səviyyəyə çatmasına görə onun atasına, doğma qardaşım Füzuliyə təşəkkür etmək istəyirəm. Sağ olsun ki, 8 yaşında Vaqifi Azərbaycandan apardı. Onun nə əziyyət çəkdiyini bilirəm. Yadıma gəlir ki, Vaqif Azərbaycana gələndə heç kim onu bəyənmirdi. Amma “Qarabağ” rəhbərliyi Vaqifə sahib çıxdılar”.

Aqil Abbas isə çıxışında Ağdam klubunun ağır günlərindən, eləcə də qazandığı uğurlardan bəhs edib. A.Abbas Vaqifin Hollandiyada ölkəmizi layiqincə təmsil edəcəyinə və daha böyük uğurlar qazanacağına inandığını bildirdi.

Aqil Abbasın ardınca daha bir ziyalı, `525-ci qəzet`in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edib: “Mən də öz növbəmdə Vaqifi “Tvente”yə transfer olunması münasibətilə təbrik edirəm. Bu, təkcə futbol yox, həm də siyasi bir aksiyadır. “Qarabağ” yayda avrokuboklarda böyük uğurlar qazandı. Arzum budur Vaqif “Tvente”də hər bir oyuna döyüşə çıxırmış kimi köklənsin və öz gözəl oyunu, vurduğu qollarla Qarabağın Azərbaycana məxsus olduğunu bir daha yaddaşlara həkk etsin”.

Həmdi Serpil Tüzün: “Təbii ki, “Qarabağ” yayda sübut etdi ki, futbol oynamağı bacarır. Vaqif özünə inanmalıdır. Özünə güvənsən rahat oynayacaqsan. Təbii ki, əsas məqsədimiz Vaqifin ardınca başqa Vaqifləri yetişdirməkdir.`

Füzuli Cavadov: “Vaqifi heç vaxt özümdən ayırmamışam. İnanın ki, Vaqif elə bil mənim deyil “Qarabağ”ın övladıdır. Ona elə diqqətlə yanaşdılar ki. Mən dil bilmirəm. “Qarabağ” rəhbərliyi öz əzizlərini `Tvente`yə əmanət etdilər”.