QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Emin İmaməliyev: “Çempionluq yolunda əsas rəqiblərimiz “İnter”, “Xəzər Lənkəran” və “Bakı”dır” (qol.az)

“Qarabağ”ın üzvü Emin İmaməliyev Qol.Az saytına verdiyi müsahibədə komandasının çempionatdakı çıxışı, çempionluq şansları və milli komandamızın heyətinə dəvət almaması barədə maraqlı fikirlər səsləndirib.

- Çempionatın ilk mərhələsi artıq geridə qalıb. XXII turluq marafonda “Qarabağ”ın çıxışını necə qiymətləndirirsən?
- İlk mərhələdə komandamızın çıxışını yaxşı qiymətləndirirəm. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyi bacardıq. Bir çox oyunlarda yaxşı çıxış edərək, azarkeşlərimizi sevindirməyə müvəffəq olduq.
- XXII tur ərzində şübhəsiz, komandanız üçün uğurlu və uğursuz oyunlar oldu. Sənin üçün ən yaddaqalan qarşılaşma hansı oldu?
- Mənim üçün hər bir oyun eynidir. Rəqibin kimliyi önəm daşımır. Fərqi yoxdur, “Bakı”ya, “Neftçi”yə yoxsa “Turan”a qarşı oynayırıq. Bizim üçün hər bir oyun çətin keçdi. Hər bir qarşılaşmaya da eyni məsuliyyətlə yanaşırıq.
- Hazırda “Qarabağ” “ilk altılıq”da lider “Inter”dən iki xal geri qalır. Razısan ki, bu fərqi aradan qaldırmaq elə də çətin deyil?
- Razıyam, çətin deyil. Bunun üçün qarşıdakı 10 tur ərzində yaxşı çıxış edərək, istədiyimiz nəticəni qazanmalıyıq. Amma bu heç də asan olmayacaq. Çünki “ilk altılıq”da qərarlaşan komandaların hər biri çempionluğa oynayır. Çempionatın formatı da dəyişdirilib. Hesab edirəm ki, “altılıq” sistemi daha maraqlıdır. Bizim məqsədimiz çempion olmaqdır. Çalışacağıq ki, maksimum güc sərf edərək, sonda istəyimizə çataq.
- “İlk altılığ”ın məhz bu cür formalaşacağını gözləyirdin? Hansısa komandanın həlledici mərhələdən kənarda qalması sənin üçün sürpriz olmadı ki?
- Yox, heç bir sürpriz olmadı. Hesab edirəm ki, “ilk altılığ”a vəsiqə qazanan komandaların hər biri buna layiqdir. 6 komandanın hamısı öz zəhməti, öz əziyyəti və uğurlu çıxışı ilə istəyinə çatıb.
- Çempionluq mübarizəsində əsas rəqib qismində hansı komandanı görürsən?
- Bayaq da dediyim ki, “ilk altılıq”da yarışacaq hər bir komanda çempionluğa iddialıdır. Amma real götürdükdə, “Qəbələ” liderdən bir qədər geri qalır. Digər komandalar arasındakı xal fərqi isə çox azdır. “İnter”, “Xəzər Lənkəran” və “Bakı” çempionluq yolunda əsas rəqibimizdir. “Neftçi”ni də hesabdan silmək olmaz.
- Həlledici mərhələnin ilk turunda öz meydanınızda “Bakı”nı qəbul edəcəksiniz. “Qarabağ” final mərhələsinə qələbə ilə başlaya biləcək?
-Biz məhz bunun üçün də çalışacağıq. Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün bütün gücümüzü sərf edərək, hər bir matçda qələbə qazanmalı, maksimum xal qazanmalıyıq. “Bakı” da güclü rəqibdir. Bununla belə, biz yalnız və yalnız qələbəyə oynayacağıq.
- Son oyunlarda istər “Qarabağ”ın, istərsə də rəqib komandanın üzvləri Quzanlı stadionunun ot örtüyündən şikayətlənirlər. Buna görə də komandanız həlledici mərhələnin oyunlarını Bakıda keçirə bilər. Necə düşünürsən, bu amil çıxışınıza nə dərəcədə təsir göstərə bilər?
- Biz futbolçuyuq və bizə harada desələr, orada da oynamalıyıq. Belə götürəndə, Bakıda və ya Quzanlıda oynamağın böyük bir fərqi yoxdur. Əsas odur ki, uğur qazanaq. Amma Quzanlıda oynasaydıq, daha yaxşı olardı. Çünki orada komanda daha güclü azarkeş dəstəyinə malik olur.
- “Qarabağ” ölkə çempionatıyla yanaşı, kubokda da mübarizəni davam etdirir. Necə düşünürsən, komandanız hər iki cəbhədə sonadək mübarizə aparmağa özündə güc tapacaq?
- Bu baxımdan heç bir problem yoxdu. Biz kuboka da iddialıyıq. Titulumuzu qorumağa çalışacağıq. Komandamızın gücü də buna imkan verir. ¼ finalda “Xəzər Lənkəran”la ilk oyun çətin keçəcək. Amma bizim məqsədimiz həmişə olduğu kimi yenə də azarkeşlərimizi sevindirməkdir.
- Emin, “Qarabağ”ın heyətində milliyə dəvət almayan azsaylı əsas heyət oyunçularından birisən. Səncə, ölkəmizin “1 nömrəli” komandasının heyətindən kənarda qalmağının səbəbi nədir?
- Hər bir futbolçu kimi mən də milli komandada çıxış etmək istəyirəm. Amma heyəti baş məşqçi müəyyənləşdirir. Ötən il avrokuboklar zamanı yaxşı formadaydım. Sözün açığı, həmin vaxt milliyə dəvət alacağıma inanırdım. Amma dəvət gəlmədi. Sonradan isə zədələndim. Artıq formamı bərpa etmişəm. İnanıram ki, gələcəkdə “Qarabağ”ın heyətində daha yüksəksəviyyəli oyun sərgiləsəm, yenidən milliyə dəvət alacağam.