QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov: «Yerli futbolçular milliyə əcnəbilərdən daha çox fayda verirlər» (qol.az)

illi komandamızın keçmiş futbolçusu Aslan Kərimov dünən keçirilən Lüksemburq – Azərbaycan oyunu ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb

- Millimiz dalbadal üç yoxlama oyunuda qələbə qazanır. Dünən də Lüksemburqu məğlub etdik. Səncə, bunlar təsadüfi qələbələrdir, yoxsa milli artıq həqiqətən də inkişafdadır?
- Bu uğurları qətiyyən təsadüfi adlandırmaq olmaz. Millimizdə həqiqətən də inkişaf var. Bu da komandada yerli futbolçuların daha çox olmasından irəli gəlir. Komandamızda özünəinam yaranıb, təcrübə öz sözünü deyir. Yadınızdadırsa, əvvəllər millidə əsas mövqelərdə əcnəbilər çıxış edirdi. Amma indi vəziyyət dəyişib. Bizim yerli gənc futbolçularımız fiziki cəhətdən çatdıra bilirlər. Növbəti dəfə sübut olundu ki, yerli futbolçular milliyə əcnəbilərdən daha çox fayda verirlər. Götürək, elə Maksim Medvedyev, Əfran İsmayılov və Fərid Quliyevi. Onlar hamısı çempionatda öz sözlərini deyən futbolçulardır. Maksimlə Əfran «Qarabağ»ın tərkibində avroliqada uğurlu oyunları ilə yadda qalıblar. Yaxşı ki, millinin məşqçiləri onların istedadını görüb vaxtında komandaya dəvət etdilər.
- Yeri gəlmişkən, komanda yoldaşların Əfran İsmayılov və Rauf Əliyev millidə debüt etdilər. Onların oyunu ilə bağlı fikilərin necədir?
- Təbii ki, müəyyən çatışmazlıqlar oldu. Xüsusən təcrübələrinin azlığı hiss olunurdu. Əlbəttə, onlar milli səviyyəsində mötəbər oyunlarda ilk dəfə çıxış edirdilər. Həm də onların heç Azərbaycan çempionatında da təcrübələri hələ çox yüksək deyil. Hər ikisi gənc futbolçudur, onlara zaman lazımdır. «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov da hər dəfə gənclərə bildirir ki, yaxşı oynamaq istəyirsinizsə, ilk növbədə sonadək məşq etməlisiniz. Məşqlərdə bütün gücünü ortaya qoymalısan ki, təcrübə toplaya biləsən. Ümumiyyətlə, bu sözlər təkcə onlara deyil, bütün futbolçulara şamil edilir. Hamı da bacardığını ortaya qoyur. İndi millidə «Qarabağ»ın doqquz futbolçusu çıxış edir. Mən bunu həm də klubumuzun qələbəsi adlandırardım. Əgər «Qarabağ» milliyə bu qədər futbolçu veribsə, deməli, futbolumuzun inkişafı yönündə həqiqətən də nəsə edir.
- Amma millidə belə çox sayda futbolçunun olması bəzən klubun özünə fayda vermir.
- Sizinlə razıyam. Bəli, millidə doqquz futbolçu ilə təmsil olunmaq bir klubun böyük uğuru sayılmalıdır. Amma digər tərəfdən, qeyd olunmalıdır ki, «Qarabağ»ın futbolçularının tən yarısı ayrı-ayrı düşərgələrdə məşq edir. Qarşıdan «Xəzər Lənkəran»la kubokda çətin oyunumuz var. Bunu mümkün uğursuzluğu sığortalamaq üçün demirəm. Biz millinin inkişafı üçün hər şey etməliyik. Amma doqquz futbolçunun millidə olması klubun uğur qazanmasına mənfi təsir edə bilər. Onlar hələ sabah komandamızda məşqlərini bərpa edəcəklər. Yerdə qalan iki gündə oyuna köklənmək, taktiki gedişlər hazırlamaq çətin olacaq. Bütün hallarda bizə bir fakt təsəlli verir ki, doqquz futbolçumuz klubdan ayrı düşsə də, millidə bir yerdə olub.
- Millidə inkişafın getdiyini söylədin. Bir vaxtla millinin kapitanı olmuş Tərlan Əhmədov isə sizin dövrdəki millinin indikidən qat-qat yaxşı oyun nümayiş etdirdiyini söyləyib.
- Mən Tərlanın fikirlərinə hörmətlə yanaşıram, onun futbol təcrübəsi məndən daha çoxdur. Amma mənim şəxsi fikrim belədir ki, bu iki millli komandanı tərəzinin bir gözünə qoymaq olmaz. O zaman futbolumuzda ümumi vəziyyət aşağı idi. O vaxtdan keçən dövr ərzində futbol da, onun taktikası da dəyişib.  Tərlan Əhmədov, Yunis Hüseynov, Nazim Süleymanov - bunlar Sovet futbol məktəbinin keçmiş futbolçuları olub. Kim nə deyirsə desin, onlar fərdi baxımdan indi futbolçulardan yüzdəyüz üstün olublar. Amma çağdaş dövrün futbolçuları il ərzində millidə 15-18 oyun keçirir. Oyun təcrübəsi baxımından isə indiki milli komanda bizim dövrümüzdəki milli komandadan yüksəkdədir. Bu isə, gördüyünüz kimi, millinin oyunlarına müsbət təsirini göstərir.