QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: «Tutduğumuz yolun düzgünlüyünə və başımızın hər zaman dik olduğuna əminik» (qol.az)
«Qarabağ»ın rəsmi saytı klubun direktoru Əmrah Çəlikəlin dünən «Xəzər Lənkəran»la oyunda hakim Vüsal Əliyevin çıxardığı qərarla bağlı açıqlamasını yayıb. Qol.Az-ın məlumatına görə, açıqlamada Ə.Çəlikəl bunları deyib:
- Bu oyun haqqında saatlarla danışmaq olar. Hər halda 9 nəfərlə son saniyədə qol vursaydıq, futbol tarixinə ən yüksək əzmkarlıq kimi daxil olardı. Amma istənilən halda komandayla qürur duyuram. «Qarabağ»ın əzmini, mücadilə istəyini təkcə biz yox, bütün Azərbaycan şahid oldu.  Bizi daha çox üzən meydandankənar amillərdi. Ölkəmizin avrokuboklarda təmsil edəcək klubların müyyənləşdiyi turnirdən biri olan kubok mücadiləsi hər zaman maraqlı və gərginliyə ilə maraq oyadıb. Amma təəssüflər olsun ki, bizim kuboka gedən yolumuz yaşıl meydandan kənarda gedən olayların təsiri ilə bağlanır. Bu amil istər-istəməz düşündürücüdür.
İnşallah, ölkə kubokunu qazanacaq komanda ötən mövsüm «Qarabağ»ın avrokuboklardakı başarısını təkrarlayar. Hətta daha böyük uğurlara imza atmasından qürurlanar və 2 qat sevinərdik. Amma unutmamalıyıq ki, avrokuboklarda uğur qazanmaq üçün ölkəmizi təmsil edəcək komanda «Qarabağ» qədər güclü olmalıdır ki, ən azından komandamızın ötənilki uğurlarını qazanmağı bacarsın.
«Qarabağ»da Azərbaycan futbolunun gələcək futbol ulduzları cəmləşib. Bizim bugünkü siyasətimiz uzun müddətli strategiyamızın uğurlu məhsuludur. Biz ötən il kuboku halal haqqımızla qazanmışdıq. Hər kəsə bəllidir ki, komandamız ölkəmizin ən gənc komandasıdır. Bu gənclərin əksəriyyəti hələ həyatın isti-soyuğuna düşməyib. Bu uşaqları belə sındırmaq lazım deyil. Axı, onların gələcəyi sadəcə futboldan ibarət deyil. Onları cəmiyyətimizə güclü şəxsiyyətlər kimi çıxarmaq üçün hər birimiz dəstək verməliyik. Amma Vüsalın hərəkətlərinin onların psixologiyasına mənfi təsir göstərməməsi mümkün deyil. Elnura verilən 2-ci sarı, Rəşada göstərilən qırmızı vərəqə...Hər kəs gördü ki, Vüsalın atdığı bu addımlar yanlış idi. Əgər hakim bir dəfə bu səhvi etsəydi, deyərdik ki, insandı, səhv edib. Amma ardıcıl verdiyi qərarlar göstərdi ki...
Bizim fəlsəfəmizdə dürüstlük hər zaman ən önəmli prioritet olub. Bunu klubla bağlı danışdırdığınız istənilən insan qeyd edə bilər. Təbii ki, hər birimiz ailələrimizdən dürüstlüyün, vicdan kimi əxlaqi kriteriyalar baxımından nəsihətlər, öyütlər almışıq. Amma dünən ekran başında oyunu izləyən, gələcəyin futbolçusu olmaq istəyən 5 yaşlı uşağın yadddaşına, psixologiyasına Vüsalın hərəkətləri heç də xoş şeylər vəd etməyəcək. Axı, bu uşaq gələcəkdə hər kəsin mədh etdiyi futbolçuların sarı geyimli insan tərəfindən haqsızlığa uğramasından sonra necə futbolçu olmaq eşqiylə alışıb-yanacaq? İndi hansı övladının taleyini düşünən valideyn uşağını Vüsal Əliyevin idarə edəcəyi yarışlarda iştirak etməyə imkan verər? 
Mən çox üzülərəm ki, mənim öz oğlum televiziyada «Xəzər Lənkəran» - «Qarabağ» oyununa baxırdı. Qurban müəllimin 7 yaşlı oğlu hakimin haqsızılığından sonra qışqıra-qışqıra ağlayırdı. İndi biz övladlarımıza baş vermiş bu haqsızlığı necə başa salaq?
Dünyada baş verən heç bir haqsızlıq cavabsız qalmır. Bu ölkədə futbolun inkişafı üçün bu qədər işlər görülür. İnanırıq ki, Vüsal Əliyevin qərəzli hakimliyi ilə bağlı lazımi tədbirlər görüləcək. Amma bu gün ölkədə futbola bu qədər sərmayə yatırılır. Hər kəsə bəllidir ki, bu yatırılan sərmayə qarşılığında sponsorlar bir qəpik belə qazanc götürmürlər. Bu qədər çəkilən xərcin üzərinə  2 qərəzli fitlə xətt çəkən hakimləri nəinki hakimlikdən silmək, eyni zamanda onlarla bağlı ciddi cinayət işi qaldırmaq lazım olduğunu fikirləşirəm.
«Qarabağ»da yerli oyunçulara verdiyi dəstəklə yürütdüyü siyasət hər kəs tərəfindən rəğbətlə qarşılanması qürurvericidir. Cəmiyyətimizin «Qarabağ»a olan sevgisiylə fəxr edirik. Amma «Qarabağ»da gənc, yerli oyunçuların çoxluq təşkil etməsi o demək deyil ki, hakimlərin bizə simpatiya bəsləməsini istəyirik. Ancaq istənilən halda bu yerli gənclərə dürüstlük baxımdan örnək olmaq lazımdır. Hakim `ədalət`in təmsilçisidir. Heç olmasa gələcəyimizi düşünərək gənclərimizə dürüstlüyü ötyrətməliyik, yolunu göstərməliyik. Amma daha dünənki biabırçılıqdan sonra işimizin çətin olduğunu etiraf etməlyəm.
Təbii ki, «Qarabağ» yüksək hədəfləri olan klubdur. Vüsal və vüsalkimilər bizi hədəfimizdən yayındıra bilməyəcəklər. Biz artıq PFL-ə rəsmi olaraq müraciət etmişik. PFL-in lazım olan tədbirləri görəcəyinə inanıram. Çempionatın və kubok uğrunda mücadilənin həlledici məqamında inanıram ki, onlar da belə səhvlərin bir daha təkrar olunmamasının tərəfdarıdır.
«Qarabağ» Azərbaycanındır. Bizim yolumuz, cızdığımız siyasət hər kəsə bəllidir. Məqsədimiz Azərbaycanımıza yeni futbolçular yetişdirmək və bu yolla ölkə futboluna xidmət etməkdir. Biz bu yolumuzdan dönən deyilik. Əksinə tutduğumuz yolu  daha da genişləndirmək niyyətindəyik. Növbəti mövsümdən etibarən komandamızın yaş həddini daha da azaltmaq niyyətindəyik. Bu məsələylə bağlı  klub rəhbərliyi çərçivəsində görüşmələr olacaq. Səbəb isə çox sadədir. Klub rəhbərliyi xərc çəkərək 15-20 əcnəbi gətirəcək və Vüsal da 2 fitiylə min bir əziyyət çəkərək qazanılan pulların havaya sovrulmasına səbəb olacaq. Belə məqamda bu qədər xərc cəkməyin nə əhəmiyyəti var?
Bizim məqsədimiz sadəcə futbolla bağlıdır. Ölkəmizə yeni-yeni istedadlar qazandıracağıq, uşaqlarımıza futbol oynamağı, futbolun gözəllikləri yaşatmağa çalışacağıq. Biz futbolun içində başqa oyunları bilmirik, bacarmırıq və bu haqda düşünmürük də..
Tək mən yox bütün Azərbaycan komandamızın necə əzmkarlıqla mübarizə apardığını gördü. Başda baş məşqçimiz Qurban Qurbanov olmaqla bütün komandamızı təbrik edirəm, onları bagrıma basıb, onlarla fəxr etdiyimi bir daha bəyan etmək istəyirəm. 9 nəfər qaldıqdan sonra ruhlarıyla, canlarıyla, son damlalarına qədər tək qapı futbol oynadılar. Təəssüf ki, Vüsal əngəlini aşa bilmədilər. Sağlıq olsun...
Biz tutduğumuz yolun düzgünlüyünə və başımızın hər zaman dik olduğuna əminik».