QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AFFA-dan cəza yağmuru

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Toplantıda ölkə çempionatının 25-ci turunda “Xəzər Lənkəran” - “Neftçi” oyunundakı qalmaqala qiymət verilib.

Qarşılaşma zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi “Xəzər Lənkəran” 5000 manat cərimə olunub. Oyun zamanı meydana və qaçış zolağına kənar əşyalar atıldığı üçün komanda daha 2000 manat cəriməyə məruz qalıb. Görüş zamanı məşqçiləri və nümayəndələri texniki zona qaydalarını pozduğu üçün klub əlavə 2000 manat cərimə olunub.


Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyindən lənkəranlılara daha 8000 manat cərimə kəsilib. Bundan əlavə, matçın 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvlifikasiyaya, komandası isə 2000 manat cəriməyə məruz qalıb.

Baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılıb və “Xəzər-Lənkəran” 4000 manat cərimə olunub.

Klubun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq cəzaya, klub isə 4000 manat cərimə olunub.

Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılıb və meydan sahibinə 8000 (səkkiz min) manat cərimə kəsilib.

“Xəzər-Lənkəran”ın növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə, klub daha ciddi cəzalandırılacaq.

Klubun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, ona daha ciddi sanksiyalar tətbiq olunacaq.

Əfqan Həmzəyev cəzalandırılıb

27 mart 2010-cu il tarixində Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» - «Neftçi» oyununun baş hakimi Əfqan Həmzəyev oyuna hazırlıqla bağlı qeyri-peşəkar hərəkətlərə yol verdiyi üçün Hakimlər Komitəsinin qərarı ilə 3 oyunluq cəzalandırılıb

Xaqani Məmmədova töhmət elan olunub

AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova işdə yol verdiyi nöqsanlara görə töhmət elan olunub.

PFL-ə xəbərdarlıq olunub

AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə Unibank Premyer Liqasının oyunlarının təşkilatçılığında yol verdiyi nöqsanlara görə Peşəkar Futbol Liqasına yazılı xəbərdarlıq elan olunub.

Namiq Məstanova töhmət verilib

27 mart 2010-cu il tarixində Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» - «Neftçi» oyununun AFFA nümayəndəsi Namiq Məstanov vəzifə səlahiyyətlərini aşdığı üçün Hakim-İnspektorlar Komitəsinin qərarı ilə Namiq Məstanova töhmət elan olunub.