QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Adamiya: «Avrokubok haqda fikirləşsək, bizdə heç nə alınmayacaq» (qol.az)
«Qarabağ»ın gürcüstanlı hücumçusu Georgi Adamiyanın Qol.Az-a müsahibəsi - «Qəbələ»yə qarşı Quzanlıdakı sonuncu oyunda da vacib iki xal itirdiniz. Uğursuzluğunuzun səbəbini nədə görürsən? - Biz bəzən yaxşı oyun göstəririk, bəzən isə oyunumuz alınmır. Çox üzgünəm. Ancaq bu futboldur. Burada hər şey baş verə bilər. Lakin bununla belə, qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. Mübarizəni axıra qədər davam etdirəcəyik. - Bu həftə «İnter»lə çox çətin oyununuz var. - «İnter» yaxşı komandadir.Çempionluğa oynayırlar. Əsasən də öz meydanlarında daha yaxşı təsir bağışlayırlar. Lakin buna baxmayaraq, bizim də mübariz komandamız var və asan təslim olmaq fikrimiz yoxdur. Oyunumuz alınacaq- alınmayacaq, bunu oyun göstərəcək. Sona qədər mübarizə aparmaq əzmindəyik. - «Qarabağ» hazırda dördüncü pillədədir. Bu gün komandanın qarşısına hansı vəzifə qoyulub? - Vəzifə deyəndə ki, biz çalışırıq, maksimum nəticə əldə edək. Hər üç oyunda qalib gəlməklə mövsümü uğurla bitirmək istəyirik. - «Qarabağ»ın avrokuboklara vəsiqə qazanaq şansı nə qədərdir? - Düşünürəm ki, əgər mütləq bu haqda fikirləşsək, bizdə heç nə alınmayacaq. Biz çalışırıq ki, öz oyunumuzu göstərməklə buna nail olaq və yenidən azarkeşlərimizə avrokubok həyacanını yaşadaq. - Çempionatın reqlamenti sizi qane edirmi? - Hesab edirəm ki, birinci «altılıqda»kı oyunlar daha maraqlı keçir. Burada hər bir oyun öz gərginliyi ilə yadda qalır. Mənim özüm də ilk «altılıq»da oynadığım üçün bunu daha yaxşı görə bilirəm. İkinci «altılığ»a gəldikdə isə, burada artıq çox şey bəlli olduğu üçün nisbətən maraqsız keçir. Bununla belə çempionatdan düşməmək uğrunda mübarizə maraq doğurmaya bilməz. Ümumilikdə normal çempionat izləyirik. - «Qarabağ»da qalacaqsınızmı? - Artıq çempionat sona yaxınlaşır. Bu mövsümü başa vuraq, sonra bu haqda fikirləşərik.