QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov “Bakı”dan qələbə gözləyir (apasport.az)
“Hər bir uğur futbolçu üçün əzizdir. İl ərzində çəkdiyin zəhmətin qarşılığında sonda bəhrəsini görmək, insana mənəvi rahatlıq verir. Cəmi üç həftə öncə heç kim bizə çempionluq mübarizəsində şans vermirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.

37 yaşlı futbolçu Azərbaycan çempionu adını qazanmaq arzusunda olduğunu bildirib. Kərimov “Bakı”nın zirvədə qərarlaşan “Xəzər-Lənkəran”a uduzmayacağına ümid edir: “O vaxt vitse-prezidentimiz Tahir Gözəllə görüşdə demişdim ki, geridə qalan 4 matçda maksimum nəticə üçün meydana çıxacağıq. Belə olan halda, nəticə də öz-özünə gələcək. İlk çempionluğumu 1993-cü ildə “Qarabağ”la qazanmışam. 17 il sonra növbəti çempionluğun bir addımlığında olmaq fərqli bir duyğudur. Düzdür, “iplər” öz əlimizdə deyil. Amma liderin “Bakı” ilə oynaması ümid qığılcımı yaradır. Çünki “Bakı” hər zaman sona qədər döyüşən komandadır. Paytaxt klubunun potensialı imkan verir ki, Lənkərandan xal gətirsin”.

Kərimov Lənkərandakı oyunun nəticəsini gözləməklə yanaşı, özlərinin də çətin işin öhdəsindən gəlməli olacaqlarını düşünür: “Çox maraqlıdır ki, son 2 mövsüm çempionluğun taleyini biz həll etmişik. Daha doğrusu dəyişmişik. İndi özümüz gözləmə mövqeyindəyik. Amma eyni zamanda, öz oyunumuza motivasiya olmalıyıq. “Neftçi”nin legionerləri yola salması heç yerinə düşmədi. Arif Əsədovun indi şans verəcəyi uşaqlar ikiqat əzmlə mübarizə aparacaq. Amma təbii ki, oyuna qələbə üçün çıxacağıq. Avrokuboklara vəsiqə qazanmışıq. Amma çempionluq futbol üçün əsas zirvə sayılır”.

Qeyd edək ki, Aslan 1993 və 1996/97 mövsümlərində “Qarabağ”ın heyətində çempion adını qazanıb.