QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«BİZ HEÇ KİMİ ZORLA KOMANDAMIZDA SAXLAYA BİLMƏRİK» (qol.az)

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi

- Komandanız hazırlıq prosesinə başlayıb. Futbolçularınızın durumu necədir?
- Hələ ki, başlanğıcdır. Hazırda hazırlıq prosesində daha çox gənclər və əsas komandanın 7-8 futbolçusu çıxış edir. Gəncləri yoxlayırıq. Onlar həvəslə çalışırlar. Millidə olan futbolçulara isə istirahət vermişik.
- «Qarabağ» ötən mövsüm gərgin oyunlar keçirdi. Futbolçularda yorğunluq qalıbmı?
- İnşallah, hər şey qaydasına düşəcək. İstirahətdən qayıtdıqdan sonra futbolçular tam hazır omlurlar. Onlar indi proqram əsasında çalışırlar. İstəyirəm ki, passiv olmasınlar.
- «Qarabağ»ın millidə çıxış edən futbolçularına istirahət verməyiniz onların gərgin məşq keçməsi ilə əlaqədardır?
- Bəli. Həmin futbolçular bir də komandamızın düşərgəsinə iyunun 10-da qoşulacaqlar və Türkiyədəki təlim-məşq toplanışında fəal məşqlərə başlayacaqlar.
- «Qarabağ»da məşq edən yeni gənc oyunçulardan hansınısa əsas komandaya götürəcəksiniz?
- Çempionatın gedişatı zamanı bəzi əsas futbolçularımız vərəqə aldıqlarına və ya zədəli olduqlarına görə oynaya bilmirlər. Biz bu gənc futbolçuları komandamıza cəlb edirik ki, onları daha yaxından tanıyaq və lazım olan məqamda imkanlarından istifadə edək.
- Bir neçə gün əvvəl demişdiniz ki, transferlərdə yerli futbolçulara üstün verəcəksiniz və yalnız danışıqlar alınmayacağı təqdirdə əcnəbi futbolçu variantını nəzərdən keçirəcəksiniz. Danışıqlar apardığınız futbolçularla bağlı müsbət irəliləyiş var?
- Təəssüf ki, bir o qədər yaxşı nəticə yoxdur.
- Onların komandanıza keçmək ehtimalı azalıb?
- Bəli.
- Kimlərlə maraqlandığınızı açıqlaya bilərsiniz?
- Onların adlarının gizli qalması daha yaxşıdır.
- Artıq əcnəbi futbolçularla danışıqlara başlamısınız?
- Bəlkə də. Biz ümumiyyətlə, komandamıza bahalı futbolçu götürməyəcəyik. Transfer üçün ayrılan büdcəyə uyğun hərəkət edəcəyik. Büdcə isə yüksək deyil. 
- Transfer etmək istədiyiniz legionerlər Azərbaycanda çıxış edir, yoxsa ölkə xaricində?
-  Hər bir variant ola bilər. Bəzi futbolçular Türkiyəyə baxışa gələcək. Həmin hazırlıq prosesində biz yekun qərarımızı verəcəyik.
- Bu gün Elnur Allahverdiyev verdiyi müsahibədə «Neftçi»yə qayıdacağını istisna etməyib, hətta onun bu klubun prezidenti Sadıq Sadıqovla görüşməsi haqda xəbər yayılıb. Bundan xəbəriniz var?
- Məlumat yoxdur. Elnur bu gün azad  futbolçudur, «Qarabağ»la müqaviləsi başa çatıb. Biz bütün yerli futbolçular kimi, Elnura da komandamızda qalmağı təklif etmişdik. O isə vaxt istədi. Elnur bu gün azad agent kimi hər bir klubla danışıqlar apara bilər.
- Elnur Allahverdiyevlə sonuncu dəfə nə vaxt danışmısınız?
- 2-3 ay əvvəl ona yeni müqavilə bağlamağı təklif etmişik. Mövsüm bitəndən sonra bütün futbolçular istirahətə çıxdılar. Sonra mən millinin oyunçuları ilə danışdım. Elnur isə işi olduğunu söyləyərək görüşə gəlmədi.
- Konkret olaraq, siz Elnurun «Qarabağ»da qalmasını istəyirsiniz?
- «Qarabağ»dakı futbolçuların hamısını tanıyırıq və hər birinin komandamızda qalmasına tərəfdarıq. O cümlədən Elnurun da. Amma bütün bunlarla yanaşı, futbolçunun özünün də buna həvəsi olmalıdır. Biz heç kimi zorla komandamızda saxlaya bilmərik. Birdə ki, futbolçu sərbəst agentdirsə, onun qarşısına «Qarabağ»da qalması tələbini də qoymarıq. Biz təklifimizi irəli sürmüşük, bundan sonrası futbolçunun özündən asılıdır.
- Rəşad Sadıqovla bağlı məsələ nə yerdə qaldı? Bir neçə gün əvvəl bu futbolçuyla ilkin razılığa gəldiyinizi söyləmişdiniz.
- Rəşad millinin düşərgəsindən yeni qayıtdığına görə istirahət edir. Bəli, ilkin razılıq əldə olunub. Bu günlərdə hər şey dəqiq bilinəcək.
- Konkret olaraq, Sadıqov «Qarabağ»la birgə Türkiyədəki toplanışa gedəcək?
- Hər şey sabah dəqiqləşəcək.