QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Elvin Məmmədov: “Növbəti mərhələyə məhz “Qarabağ” adlayacaq” (qol.az)

Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi

- Elvin, öncə sənin Makedoniya “Metallurq”u ilə Bakıdakı oyununuz barədə fikirlərini bilmək istərdik…
- Düzünü deyim ki, qələbə qazanacağımı gözləsəm də, hesabın belə olacağı bir qədər gözlənilməz oldu. Amma bu, sevindirməyə bilməz. Çünki onlar bizimlə oyuna çox yaxşı hazırlaşmışdılar. Bizimlə müqayisədə daha yaxşı informasiyaya malik olduqları dərhal hiss olunurdu. Biz isə rəqibi kifayət qədər öyrənə, analiz edə bilməmişdik. Ona görə, zəif oynadıq. Xüsusilə başlanğıcda arzulamadığımız oyun sərgiləməyə başladıq. Düzdü, sonradan özümüzü toparlayıb qol vurduq, üstünlüyü ələ aldıq. Amma Admir Telinin qırmızı vərəqə almasından sonra vəziyyət yenidən “Metallurq”un xeyrinə dəyişdi. Hər şeyə rəğmən, 4:1 hesablı qələbə qazandıq və düşünürəm ki, bu, cavab oyunu ərəfəsində bizim üçün müəyyən qədər üstünlükdür. Amma hələ hər şey həllini tapmayıb. Bütün suallara cavab qarşılaşmasında aydınlıq gələcək.
- Deyəsən, sən də hələ növbəti mərhələ haqda ehtiyatlı danışırsan. 4:1 hesablı qələbəyə rəğmən “Metallurq”u keçəcəyinizə əmin deyilsən?
- Belə deməzdim. Hər birimizdə belə əminlik, inam var ki, növbəti mərhələyə məhz biz çıxacağıq. Amma bu, futboldu, hər şey ola bilər. Ən əsası odur ki, ilk oyundakı qələbəyə görə, arxayınlaşmamalıyıq. Meydana yalnız qələbə üçün çıxıb, bu vəzifənin öhdəsindən gəlməliyik. Əks halda, uduzmamağa, hesabı qorumağa çalışsaq, işimizi çətinə salmış olarıq. Təsəvvür edin ki, cavab matçında da ilk dəqiqələrdən özümüzü toparlana kimi qol buraxdıq. Belə olsa, bizə çətin olacaq. Nəzərə almaq lazımdır ki, onlar səfər qoluna imza atıblar. Deməli, biz yalnız müdafiə olunmamalıyıq. Həm də hücumlar təşkil etməli, qol vurmalı, qələbə qazanmalıyıq. Belə olsa, ümidvaram ki, növbəti mərhələyə adlamağımızda problem yaranmayacaq.
- Səncə, komandamız səfərdə əsas diqqəti müdafiəyə yönəldib, sürətli əks-hücumlara bel bağlamalıdır, yoxsa “ən gözəl müdafiə hücumdur” deyiminə əsaslanıb, hücum futbolu sərgiləməlidir?
- Mənim bu barədə nəsə deməyim yaxşı çıxmazdı. Hər halda məşqçilərimiz bu barədə düşünürlər və onlar hansı qərara gəlsə, bizə hansı tapşırıqlar versələr, biz də məhz həmin tapşırıqları can-başla yerinə yetirməyə çalışacağıq. Yəni bizim üçün elə ciddi fərqi yoxdur. Bizə nə tapşırılsa, elə də oynamalıyıq. Əsas komandamızın uğurudur.
- Cavab oyunu ərəfəsində ciddi itkiləriniz var. Admir Teli ilk oyunda qırmızı vərəqə almaqla işinizi çətinə salmışdısa, Ansi Aqolli də zədələnərək sıradan çıxdı. Səncə, bu itkilər cavab oyununa ciddi təsir göstərməyəcək ki?
- Futbolda zədələrdən, cəzalı duruma düşməkdən sığortalanmaq olmur. Hər birimiz eyni aqibəti yaşayırıq. Çox təəssüflənirik ki, əsas heyət üzvlərindən olan albaniyalı oyunçular səfər görüşündə komandaya yardımçı ola bilməyəcək. Ancaq heyətimizdə onları əvəz edəcək futbolçular var. Ümid edirik ki, onların sayəsində maksimum az səhvlə oynayıb, istədiyimiz nəticəni qazanarıq.
- Həkimlər sənin də ayağına buz qoyublar. Zədən ciddi deyil ki?
- Yox, mənim zədəm elə də ciddi deyil. Yüngül ağrılar var. Amma bu, mənim Makedoniyada meydana çıxmağıma hansısa dərəcədə maneə yaratmayacaq. Məşqçilərimiz şans versə, çıxıb yenə öz oyunumu oynamağa çalışacam.
- Cavab oyununu buraxacaq Aqolliylə yanaşı Samir Abbasov da sizin yeni oyunçularınızdandır. Onların sərgilədiyi oyundan razı qaldınmı?
- Təbii ki, ilk oyunda tam ürəyin istədiyin kimi oynamaq olmur. Amma düşünürəm ki, hər ikisi komandamızın uğur qazanması üçün əllərindən gələni etdilər. Hətta Samir zədəli halda mübarizə aparmaq məcburiyyətində qaldı. Yəqin ki, oyundan oyuna onlar da ümumi kollektivə tam uyğunlaşıb, daha yüksək səviyyəli futbol oynayacaqlar. Kollektivimiz də çox yaxşı, mehribandır. Onlar bura gələn gündən xoş münasibətlə üzləşiblər. Xüsusilə Aqollinin özünü yad hiss etməməsi üçün əlimizdən gələni edirik.
- Ötən mövsüm avrokuboklarda “Qarabağ”ın heyətində vacib qollar vursan da, “Metallurq”la ilk oyunda fərqlənə bilmədin. Cavab oyununda fərqlənəcəyinə söz verirsənmi?
- Söz vermək deyəndə, hər halda çalışacağam ki, komandamızın ümumi uğuru naminə əlimdən gələni əsirgəməyim. Təbii ki, əlimə fürsət düşəcəyi halda qol da vurmağa çalışacağam. Axı belə turnirdə komandasına qələbə qazandıran qollar vurmağı kim istəməz?