QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Emin İmaməliyev: Skopyedə rahat oynaya bilməyəcəyik (apasport.az)
“Bir neçə klubun heyətində avrokubok oyunlarında meydana çıxsam da, rəqib qapısına yol tapa bilməmişdim. Şükürlər olsun ki, “Qarabağ” - “Metallurq” matçında bunu bacardım. Komandamın üçüncü qolun imza atmaqla özüm də siftə etmiş oldum”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev deyib.

Vaxtilə “Şəfa”, “İnter”, “Bakı” və “Qarabağ” komandalarının forması ilə qitə miqyaslı oyunlarda iştirak etməsinə baxmayaraq, İmaməliyev ilk qolunu iyulun 1-də Bakıda keçirilən matçda “Metallurq”un qapısına vurdu. Həmin qoldan sonra meydanın mərkəzində diz çöküb, Tanrıya şükür edən yarımmüdafiəçi bunun davamının gəlməsini istəyir: “Əlbəttə, sevindirici haldır. Meydana sonradan daxil olsam da, qol vuracağımı hiss edirdim. Çalışacağam ki, bu adət halını alsın və qolların davamı gəlsin”.

Təcrübəli futbolçu Skopye təmsilçisi ilə iyulun 8-də baş tutacaq cavab matçının çətin keçəcəyini bildirib: “Bakıdakı oyunla müqayisədə Skopyedə bizə çətin olacaq. 4:1 hesabı ilə qələbə qazansaq da, rahat oynaya bilməyəcəyik. Onlar topla yaxşı oynayırlar, əzmkar komandadır. Sona qədər “vuruşacaq”lar. Biz Bakıda oyunumuzun 70 faizini göstərdik. Makedoniyada daha yaxşı oynamağa və mərhələdə adlamağa çalışacağıq”.