QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: "Əsas məqsəd qrup mərhələsində mübarizə aparmaqdır" (qol.az)

“Azərbaycan futbolu adına möhtəşəm oyun oldu. “Qarabağ” “Portadaun”la cavab qarşılaşmasında da gözəl oyun göstərdi”. Avropa Liqasının ikinci mərhələsində “Portadaun”u sıradan çıxaran “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl belə deyib. Cavab oyununu canlı izləyən klub rəsmisi bildirib ki, “Qarabağ” qəhrəmanlıq nümayiş etdirib: “Qarabağ” yenə də dünyada Azərbaycanın başını ucaltdı. Buna görə özümü xoşbəxt sayıram və biz bununla fəxr edirik”. Vitse-prezident, komandasının qələbə qazana bilməməsinə təəssüfləndiyini dilə gətirib: “Siz də şahid oldunuz ki, ən azı 5-6 qol vəziyyətindən istifadə edə bilmədik. Buna məyus oldum. Ancaq şükürlər olsun ki, nəticədə daha bir mərhələ adlamağa nail olduq”. Uğurlarda azarkeşlərin böyük pay sahibi olduğunu xüsusi vurğulayan klub rəsmisi onlara dərin təşəkkür edib. T.Gözəl artıq irəliyə baxdıqlarını söyləyib: “Artıq bu sevinc arxada qaldı. Bundan sonra hədəf “Polşa səddi”ni keçməkdir”. Vitse-prezident iddialı danışıb: “Qarabağ” hər zaman Azərbaycanın idman şərəfini layiqincə təmsil etməyə çalışıb və həmişə öndə olub. İnanıram ki, yeni tarix yazacağıq. Əsas məqsəd qrup mərhələsində mübarizə aparmaqdır” (supersport.az)