QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəllə Qurban Qurbanovdan Almaniyadakı türklərə müraciət (qol.az)

“Qarabağ” rəsmiləri “Borussiya” ilə çətin səfər oyunu öncəsi Almaniyada yaşayan türklərə müraciət ediblər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müraciətdə türklərin avqustun 19-da – sabah Dortmund təmsilçisi ilə qarşılaşmada komandamıza dəstək olmaları xahiş olunub.
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl bu ölkədə yaşayan həmyerlilərindən oyuna gəlmələrini və burada Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırmalarından şad olacağını bildirib: “Püşkatma bizə “Borussiya”nı rəqib etdi. Bir sıra çətinliklərə baxmayaraq, bu mərhələyə kimi yüksəlmişik. Avqustun 19-da isə Dortmund təmsilçisi ilə pley-off matçına çıxacağıq. 1 həftə sonra isə bu klubla Bakıda oynayacağıq. İlk oyunun əhəmiyyəti baxımından azarkeş dəstəyi istəyirik. Türk dünyasının buradakı nümayəndələrini stadiona dəvət edirik. Gələnlərə Azərbaycan və Türkiyə bayraqları paylayacağıq. Gözəl bir oyun olacaq. Biz buradan qalibiyyətlə, ən pis halda heç-heçə ilə ayrılmaq istəyirik. Almaniyada yaşayan türklər bizi tək qoymasınlar!”
Komandanın baş məşqçisi Qurban Qurbanov da matça yaxşı hazırlaşdıqlarını və stadiona gələnləri məyus etməyəcəklərini bildirib: “Rəqibin oyunlarını izləmişəm. Ancaq futbolçuları ilə yanaşı, azarkeşlər də çılğındırlar. Bu səbəbdən Dortmundda, yaxın ətrafda yaşayan azərbaycanlı və türklərdən oyuna gələrək bizi dəstəkləmələrini xahiş edirəm. Onların stadiona gəlmələri oyunçularımıza da ruh yüksəkliyi verəcək”.
Qeyd edək ki, “Borussiya” və “Qarabağ” oyunu saat yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə 00:05) start götürəcək.