QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”da gənc futbolçuların yetişməsində Tüzünün böyük rolu var (apasport.az)
Türkiyənin “Əskişəhərspor” futbol klubunun baş məşqçisi Rza Çalımbayın apasport.az saytına eksklüziv müsahibəsi

- Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun transferi barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Rəşad çoxdan tanıdığım futbolçudur. Təbii ki, yaxşı müdafiəçidir, milli komandanın üzvüdür. Üstəlik, Türkiyə Superliqasında oyun təcrübəsinə malikdir, “Kayserispor” və “Kocaelispor”da forma geyinib. Bizim belə futbolçuya ehtiyacımız vardı. Bu səbəbdən ona dəvət göndərdik, Rəşadla görüşdük və anlaşdıq. İnşallah, növbəti həftə, yığmanın oyunundan sonra hazırlığımıza qatılacaq.

- Siz Rəşadın oyununu nə vaxt izləyib, bəyənmişdiniz?
- Onun “Kocaelispor” və milli komandada oyunlarını izləmişdim. Rəşadla birgə Azərbaycanda çalışan dostlarımız, məşqçilərimiz var. Məni futbolçu kimi yetişdirən, “Beşiktaş”a qazandıran Həmdi Sərpil Tüzün Azərbaycanda çalışır. Onunla söhbətləşdikdən, müsbət cavab aldıqdan sonra Sadıqovla bağlı qərarımızı verdik.

- Təcrübəli mütəxəssis olan Tüzün xeyli müddətdir “Qarabağ”da uşaq futbolunda çalışır ki, Rəşad da ötən yaydan bu klubun şərəfini qoruyurdu...
- O, mənim üçün çox önəmli bir məşqçidir. Həqiqətən də “Qarabağ”da gənc futbolçuların yetişməsində Tüzünün böyük rolu var. Mən onun fikirlərinə çox güvənirəm.

- Sadıqov son iki mövsümdə “Qarabağ”la birgə Avroliqada çox uğurlu çıxış edib, təsnifat mərhələsinə kimi irəliləyib. Sizin həmin görüşlərdə Rəşadın çıxışını izləmək imkanınız olmayıb?
- Rəşadın “Qarabağ”da oyununu çox izləyə bilmədim. Ancaq tanıdığım futbolçu olduğu üçün onu tərəddüd etmədən aldım. Hər şeydən öncə öz işini çox sevir. Meydanda işgüzarlığı, mübarizliyi ilə seçilir. Sadıqov çox cəld, sürətli, intizamlı futbolçudur. Bir sözlə, Rəşad komandamızda oynamağa layiq müdafiəçidir.

- Hələ “Qarabağ”da oynadığı zaman Sadıqova xaricdən, o cümlədən Türkiyədən təkliflər var idi. Ancaq komandasını yarı yolda buraxmaq istəmədiyi üçün təklifləri dəyərləndirmirdi. Belə olan halda, Sadıqovun “Əskişəhərspor”a keçidi daha əvvəldən gündəmdə idi?
- Onun transferi dünən gerçəkləşdi. Əskişəhərə gəldi, danışdıq və müqavilə bağladıq. Artıq “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb və Rəşad dəvətimizi müsbət cavablandırdı.

- Yəni Rəşad mövsümlərarası fasilənin əvvəlində maraq dairənizdə olmayıb?
- Dediyim kimi, keçid dünən baş tutdu, hər şey qısa zaman içərisində oldu.

- Elə türkiyəli həmkarlarımız da Rəşadın səssiz-səmirsiz müqavilə bağladığını qeyd ediblər...
- Əslində, gərək Rəşadı mövsüm başlamamış alardıq. Ancaq elə oldu ki, keçid indi gerçəkləşdi. İnşallah, xeyirli olar.

- Transferin dediyiniz vaxtda baş tutmamasına nə maneçilik törətdi? Hər hansı problem yaranmışdı?
- Heç bir problem yox idi. Müdafiə xəttində çox böyük sıxıntılarımız oldu. Bu üzdən seçimimizi konkretləşdirdik və Rəşadı aldıq.

- Sadıqov müqavilə bağladıqdan sonra “Qalatasaray”la dünənki ev oyununuzu tribunadan izləyib...
- Bunu bilirəm. Müqavilə bağladıqdan sonra yığmanın düşərgəsinə yollandı.

- Sizcə, Rəşad müdafiədəki bu böyük sıxıntılarınızı yoluna qoya bilərmi?
- Buna inanıram. Onu universal futbolçu saymaq olar. Yəni, müdafiənin həm mərkəzində, həm də sağında oynaya bilər. Biz də onun bu bacarığından mütləq yararlanacağıq.

- Ancaq nəzərə almaq lazımdır ki, Sadıqov “Kayserispor”da çıxış etdiyi zaman baş məşqçi Ərtoğrul Sağlam onu müdafiənin sağında oynatmasından narazı qalaraq, komandanı tərk etmişdi. Yəni, Rəşad əslində cinah yox, mərkəz müdafiəçisidir...
- Təbii ki, Rəşaddan sağda ehtiyac olarsa, istifadə edəcəyik. Buna məcbur olmasaq, mərkəzdə də oynadacağıq.

- Siz “Beşiktaş”ı çalışdırdığınız zaman Rəşad “Kayserispor”da oynayırdı. Maraqlıdır, o, həmin vaxt maraq dairənizə düşübmü? Ümumiyyətlə, Sadıqovu Türkiyənin böyük klublarında oynaya biləcək futbolçu sayırsınız?
- Bəli. Rəşad belə güclü klublarda oynaya bilər. Çünki onun potensialı böyükdür. Ancaq mən Sadıqovun çıxışını “Kocaelipsor”da oynadığı zaman daha çox izləmişəm.

- Rəşadın transfer vərəqi bu həftə gəlməlidir. Belə olarsa, ona növbəti turda “Bursaspor”la görüşdə şans vermək fikrindəsiniz?
- Rəşad son dörd ayda gərgin qrafikdə oynayıb. Həm yığmada, həm “Qarabağ”da çətin oyunları olub. Qarşıda da Almaniya yığması ilə çətin sınağı var. Onu birdən-birə oynatmaq çətin olar. Ancaq hər halda, mütəmadi oynatmağa çalışacağıq.

- Onu da nəzərə alaq ki, Rəşada uyğunlaşma üçün vaxt lazımdır. Bunu problem sayırsınız?
- Yox. Rəşad hazırdır və oynaya biləcək vəziyyətdədir.

- Cari mövsümdə komandanızın qarşısına hansı məqsəd qoyulub? Azərbaycanlı azarkeşlər Rəşad Sadıqovun yeni komandasından nə gözləsinlər?
- Məqsəd ilk “beşliy”ə düşməkdir. Ancaq mövsümün əvvəlini pis başladıq. Bu da müdafiədə çox böyük problemlərinizin olması ilə bağlıdır. Son turda “Qalatasaray”a evdə 1:3 hesabı ilə uduzduğumuz görüşdə həmin problemləri yaşadıq. Qapıçımızın səhvi, öz qapımıza vurduğumuz qol nəticəyə təsir göstərdi. Ancaq təbii ki, toparlanıb, uğursuzluq zolağından çıxmağa çalışacağıq. Qarşıda iki çətin oyunumuz var. Bunlar “Bursaspor” və “Sivasspor”la səfər görüşləridir. İnşallah, hər ikisini yaxşı bitirsək, turnir cədvəlində yuxarı qalxacağıq.