QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Zaur Həşimov: “Qarabağ” inkişafdadır (apasport.az)

“İlk dövrədə istədiyimiz kimi çıxış edə bilmədik. Ən azı ilk “üçlük”də qərarlaşmalı idik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Zaur Həşimov deyib.

Unibank Premyer Liqasının XI turunda “Xəzər Lənkəran”a məğlub olmaqla, I dövrəni ilk “üçlük”də başa vurmaq şansını qaçıran Ağdam təmsilçisi 4-cü pillədə qərarlaşıb. Qarşısına mükafatçılar sırasına düşmək məqsədi qoyan “Qarabağ” arxada qalan oyunlarda heç də yaxşı mənada fərqlənmirdi. Xüsusilə, Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra komanda uğursuz oyunlar keçirdi.

Rəşad Sadıqovun “Əskişəhərspor”a transferindən sonra mütəmadi olaraq əsas heyətdə meydana çıxıb, mərkəz müdafiəçisi mövqeyində oynayan Həşimov uğursuzluğun səbəbini belə izah edib: “Zədəlilərin çox olması komandaya mənfi təsir göstərdi. Eləcə də, Avropa Liqasından sonra daxili oyunlara uyğunlaşmaqda müəyyən çətinliklər çəkdik. Təbii ki, bunlar da müəyyən görüşlərdə xal itirməyimizə gətirib çıxardı”.

Həşimov 2 oyunda itirilən xallara görə təəssüflənib: “Muğan”la oyunda itirilən xala görə təəssüflənirik. Düzdür, sona 10-15 dəqiqə qalmış yorulduq. Ancaq buna qədər imkanlarımızdan istifadə edə bilmədik. “Xəzər Lənkəran”la matçda da ən azı 1 xal qazanmalı idik. AZAL-la matçda da qol şanslarımız oldu. Ancaq bu gün onlar ilk “üçlük”dədirlər. “Qəbələ” ikinci hissədə bizdən daha istəkli olduğuna görə qələbə qazandı”.

Bütün bunlara baxmayaraq, yığmamızın sabiq müdafiəçisi “Qarabağ”ın yenidən avrokuboklara vəsiqə qazanacağını düşünür: “Yenidən avrokuboklara vəsiqə qazanmaq istəyirik. “Bakı” və “Muğan”la keçirdiyimiz görüşlərdə “Qarabağ”ın öz oyununu nümayiş etdirdiyini söyləmək olar. Oyundan-oyuna sürət qalxır. Yəni komanda inkişafdadır”.