QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov: «Bu, mənim futbolçu karyeramda sonuncu çempionatdır» (qol.az)

«Qarabağ» klubunun veteran futbolçularından olan Aslan Kərimovun Qol.Az saytına müsahibəsi

- Neçə vaxtdır ki, kapitanı olduğun «Qarabağ»ın nəinki əsas heyətində yer almırsan, həttə son oyunlarda meydana da çıxmırsan. Səbəb nədir?
- Mənim mövqeyimdə kifayət qədər gənc futbolçu var. Yəqin, bu səbəbdən ehtiyatda qalıram. Həm də sualınıza ən yaxşı cavabı baş məşqçimiz verə bilər.
- Bəlkə rəqabətdə gənclərə uduzursan?
- Təbii. Çünki artıq 38 yaşım var. 25 yaşlı gənc, enerjili futbolçuyla mənim indiki fiziki durumumu müqayisə etmək olmaz. Mənim gördüyüm işləri həmin o gənc futbolçular da yerinə yetirə bilirlər. Bu mənada, ehtiyatda qalmağımı normal qəbul edirəm. Hələlik mənə ehtiyac duyulmur. Bəzən ağır oyunlar zamanı hesabda geriyə düşürük. Bu zaman dayaq yarımmüdafiəçisinə yox, hücumameylli futbolçuya ehtiyac duyulur. O zaman ehtiyatda qalıram. Bəzən də, böyükhesabla qələbə qazandığımız oyunda, məsələn, MOİK-i 3:0 hesablı ilə məğlub etdiyimiz qarşılaşmada da meydana buraxılmıram. Baş məşqçimiz belə vaxtda gənclərə şans verir ki, bunu təbii qarşılayıram. Mən də fikirləşirəm ki, indi gənclərin təcrübə toplaması daha yaxşıdır.
- Ehtiyatda çox oturmağın sənə təsir etmir?
- Mənim kifayət qədər təcrübəm var, ona görə də bütün bunlara normal yanaşıram. Təbii ki, bir futbolçu olaraq, həmişə oynamaq istəyirəm və ehtiyatda qalmaq haradasa insana təsir edir. Çünki mən daim əsas heyətdə oynamış futbolçuyam. Amma nəzərə almaq lazımdır ki, daha yaşım da o yaş deyil. Əvvəlki gücüm də qalmayıb ki, çıxıb komandama sonadək kömək edə bilim. Bir daha demək istəyirəm ki, bütün bunlara normal yanaşıram.
- Bu gedişlə yəqin ki, mövsümün sonunda futbolçu karyeranı da başa vuracaqsan.
- Klubla müqaviləm gələn ilin may ayında başa çatır. Əgər ehtiyac duyulsa, komandada qalaram. Amma güman ki, artıq bu, mənim futbolçu karyeramda sonuncu mövsüm olacaq.
- Yəqin ki, artıq məşqçiliyə başlamaq haqda düşünürsən?
- Mən ömrümün yarısından çoxunu futbola həsr etmişəm. Futboldan birdən-birə ayrılmaq asan olmur. İstərdim ki, öz sahəmdə qalım, bacardığım işi görüm. Çünki futboldan başqa, digər işlərdən başım çıxmır. Əlbəttə, məşqçi işləmək istəyirəm. Amma bunun üçün ilk növbədə kurslara getməli və daha çox öyrənməliyəm. Məşqçilik sahəsində müəyyən təcrübə topladıqdan sonra artıq fəaliyyətə başlamaq olar.
- Uzun müddət «Qarabağ»da çıxış etdiyini nəzərə alsaq, məşqçi kimi fəaliyyətini Ağdam klubunda davam etdirəcəyini güman etmək olar?
- «Qarabağ» mənə doğma klubdur. Və bir futbolçunun öz komandasında qalıb işləməsi qanunauyğunluqdur. Hələlik  «Qarabağ» klubu ilə bununla bağlı danışığım olmayıb. Amma müəyyən söhbətlərdən hiss edirəm ki, «Qarabağ»da məşqçi işləyə bilərəm.
- İndi də gələk komandanızın çempionatdakı çıxışlarına. «Qarabağ»ı qarşıda ağır oyunlar gözləyir. Futbolçularınızın yarısı millinin düşərgəsində, yarısı isə zədəlidir.
- Təbii ki, indiki hazırlıq dövrümüzü ürəkaçan hesab etmək olmaz. Hər halda məşqçilərimizin istədiyi səviyyədə deyil. İstərdik ki, bütün komanda üzvləri bir yerdə olsun. Amma milli komandaya da futbolçu vermək lazımdır. Düzdür, millidə futbolçularımızın çox olmasıyla fəxr edirik. Amma klub kimi bundan ziyan çəkirik. Bununla belə, millidəki futbolçularımızın təcrübələrinə inanırıq, qısa zaman kəsiyində onların toparlanacağına və onların da köməkliyilə bizə lazım olan nəticələri qazanacağımıza ümid edirik.  Bu yöndə məşqçilər korpusumuz ciddi çalışır.
- Komandanızı lider «Neftçi»dən altı xal ayırır. Səncə, bu, ciddi fərqdir, yoxsa hələ hər şey irəlidədir?
- Bu amil bizi qətiyyən qorxutmur. Çünki hazırkı çempionat 5-6 il əvvəlkiylə ciddi şəkildə fərqlənir. İndi liderlər qrupunda olan komandalar istənilən oyunda xal itirə bilər. Konkret «Neftçi»yə gəlincə, bu komandaya qalib gəlsək, aramızdakı xal fərqi xeyli azalacaq. Buna görə də irəliyə baxmaq lazımdır.
- Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bütün milli futbol çempionatlarında iştirak etmiş azsaylı futbolçulardansan. Hazırkı çempionatı əvvəlki yarışlardan müsbət və mənfi mənada nə fərqləndirir? - Təbii ki, çempionatda irəliləyiş göz qabağındadır. Bu gün bütün dünyada futbola milyonlarla pul sərmayə qoyulur, hər şey nəticəyə hesablanır. Bizim çempionatın nə dərəcədə irəli getdiyini söyləyə bilmərəm. Amma əvvəlki illərlə müqayisədə komandaların səviyyəsi bir-birinə yaxınlaşır. Hərçənd, ötən çempionatların Vidadi Rzayev, Yunis Hüseynov, Yaşar Vahabzadəyə bənzər futbolçular indi yoxdur. Amma komanda, klub olaraq müqayisə etsək, inkişaf çoxdur. Hazırda Azərbaycana legioner axını da yüksəlib. Düzdür, hamısı səviyyəli deyil. Lakin aralarında güclü və təcrübəli futbolçular da var.
- Səni bu çempionatda ən çox hansı komanda təəccübləndirib?
- Təbii ki, «Bakı» klubunun bu cür çıxışını mən də gözləmirdim. Bu klubda kifayət qədər güclü fütbolçular toplaşıb. Amma onların komanda oyununda çatışmazlıq var.
«Gəncə» isə məni müsbət mənada heyrətləndirdi. Çempionatın əvvəlində bu komandanın maddi problemləri olmasına baxmayaraq, yaxşı nəticələr qazanmağı bacardı. MOİK də çempionata pis başlamamışdı. Amma sonra görünür, onlar rəqabətə tab gətirə bilmədilər və sonuncu pilləyə düşdülər.