QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Foqtsun köhnə-təzə qurbanı: «Qarabağ» (qol.az)

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun tez-tez təşkil etdiyi təlim-məşq toplanışlarına artıq Ağdamın «Qarabağ» klubu da üstüörtü şəkildə olsa belə, etiraz etməyə başlayıb. Məlumdur ki, «Qarabağ» milliyə ən çox oyunçu verən klubumuzdur. Bu mənada, almaniyalı mütəxəssin millinin yoldaşlıq və rəsmi oyunları bir kənara, hətta çempionatın ən qızğın vaxtında, başqa sözlə desək, ciddi bir lüzum olmadan keçirdiyi təlim-məşq toplanışlarından ən çox ziyan çəkən də elə «Qarabağ»dır. Adi bir misal. Unibank Premyer Liqasının «Bakı»ya qarşı keçirilmiş son oyunu ərəfəsində «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Qol.Az saytına müsahibəsində rəqiblərinin hazırlıq baxımından onlardan daha üstün olduğunu demiş və futbolçularının millinin təlim-məşq toplaşında olması səbəbindən onun bütün planlarının pozulduğuna işarə etmişdi. Qurbanov beş futbolçusunun millinin düşərgəsində çox yorğun halda qayıdacağını və «Bakı»yla oyuna cəmi bir gün qalmış «Qarabağ»ın məşqlərinə qatılacağını söyləmişdi.
Təbii ki, oyunçularının yarısı zədəli, yarısı da millidən yorğun qayıtdıqlarından «Qarabağ»ın «Bakı»ya məğlubiyyəti gözlənilən idi. Şübhələr özünü doğrultdu. «Qarabağ» son vaxtlar elə də yaxşı dövrünü keçirməyən «Bakı»ya 0:2 hesabı ilə məğlub oldu.
Ən maraqlı olaylar isə elə bu qarşılaşmadan sonra başladı. «Qarabağ» klubu millinin dekabr ayında keçiriləcək təlim-məşq toplanışına futbolçularını buraxmamaq xahişi ilə Foqtsa müraciət etmək fikrində olduqlarını açıqladı. Bunu «Qarabağ»ın Foqtsa diplomatik etirazı kimi də qəbul etmək olar. Görün, Foqts Ağdam klubu ilə bağlı vəziyyəti hansı həddə çatdırıbsa, artıq öz təmkinliliyilə seçilən və heç kimlə körpüləri yandırmaq istəməyən «Qarabağ» rəhbərliyi və baş məşqçi Qurban Qurbanov da boğaza yığılıb. Səbəb sadədir: Foqts «Qarabağ» da daxil olmaqla millinin futbolçularını insan deyil, robot yerinə qoyub. «Azərbaycanlı futbolçular həftədə 8 saat deyil, 16 saat məşq etməlidirlər» - deyən Foqts futbolçularının fiziki durumundan şikayətlənir. Və əlavə edir, «Almaniyada, Avropada futbolçular daha çox məşq edirlər». Təbii, doğru məntiqdir. Amma axı, bizim futbolçular birdən-birə bu qədər yükü daşımağa da hazır deyillər. Alman futbolçusu ilə Azərbaycan futbolçu uşaqlıqdan eyni futbol tərbiyəsi görmür, eyni hazırlıq səviyyəsində olmur. Bizim uşaq futbolunun infrastrukturu Avropayla müqayisəyə gələ bilməz. «Qarabağ»ın futbolçuları bir mövsümdə 2-3 cəbhədə mübarizə aparıb, üstəgəl millinin ciddi bir ehtiyac duyulmadan tez-tez, təkrar-təkrar keçirilən təlim-məşq toplanışıları «Qarabağ»lı oyunçuların durumuna mənfi təsirini göstərib. Söhbət heç də yorğunluqdan getmir. Bu yaxınlarda ölkəmizdə futbol sahəsində çalışan təcrübəli həkimlərdən biri deyib ki, «Qarabağ»ın Avropa Liqasındakı oyunlarında ulduzu parlayan Əfran İsmayılovun zədələnərək uzun müddətə sıradan çıxmasının əsas səbəblərindən biri də bu futbolçunun ayağının yüklənməyə tab gətirməməsidir. Bunun nə dərəcədə doğru olub-olmadığını tibb sahəsində çalışan mütəxəssislər deyə bilərlər. Amma əgər bir həkim, təcrübəli bir həkim bu fikri işlədirsə, deməli, bunun özü də ciddi bir versiyadır.  
Bəli, Foqtsun təlim-məşq toplanışlarının «Qarabağ»a zərbəsi özünü təkcə «Bakı»yla oyunda göstərməyib. Ötən mövsüm «Qarabağ»ın Foqtsun yersiz məşqlərinə görə «qara zolağa»a düşdüyü də çoxlarımızın xatirindədir. «Qarabağ» klubu o zaman bütün nəzakət qaydalarını gözləyərək, milli komandaya və federasiya rəhbərliyinə hörmət əlaməti olaraq, səsini çıxarmadı. Güc-bəla ilə bu uğursuzluqdan yaxa qurtardı, Avropa Liqasına vəsiqə qazandı və orada uğurlu çıxışları ilə yadda qaldı. İndi eyni halın təkrarlanmayacağına kim təminat verə bilər? Heç kim. Elə buna görə də «Qarabağ» millinin  dekabr toplanışına futbolçularını buraxmaq istəmir. 
Təbii, milliyə ən çox futbolçu vermək bir klub üçün şərəfdir. Amma axı, Foqts bu qədər təlim-məşq toplanışları keçirərkən klubun maraqlarını nəzərə almırsa, «hər şey mənim dediyim kimi olmalıdır» məntiqi ilə çıxış edirsə, buna nə ad verəsən? Fikir verin, artıq «Qarabağ»ın millinin üzvü olan futbolçuları da Foqtsa etiraz edirlər. Məsələn, elə bu yaxınlarda millinin bəhs etdiyimiz son təlim-məşq toplanışından qayıdan «Qarabağ»ın futbolçu Rəşad Sadiqov bugünkü müsahibəsində açıq şəkildə bəyan edib ki, «Bakı»ya məğlubiyyətlərinin başlıca səbəbi yığmanın təlim-məşq toplanışlarıdır: «Mən başa düşmürəm, bir halda ki, milli həftə sonu Çernoqoriyaya gedəcəksə, nəyə görə biz 4 gün müddətinə təlim-məşq toplanışına yığışmalıydıq?».
Doğru məntiqdir. Bütün bu kimi yersiz təlim-məşq toplanışlarının davam edəcəyi halda Avropada yeganə qürur mənbəyimiz olan «Qarabağ»ın futbolçularının çempionatın gedişatında hansı hala düşəcəyini təsəvvür etmək çətin deyil. Əgər çempionatın sonunda «Qarabağ» hələ çempionluqdan danışmırıq, Avropada oynamağa imkan verən vəsiqəni əldə etməsə, buna görə ən çox məsuliyyət daşıyan şəxslərdən biri də elə Berti Foqts və onun bu hoqqalarına göz yuman insanlar olacaqlar.
Odur ki, gəlin, Foqtsun köhnə qurbanı «Qarabağ»ı yenə qurbana çevirməyək.
Vallah, ildə bir-iki dəfə bu ölkənin insanlarına böyük sevinc bəxş edən bir komandaya bu qədər haqsızlıq, yəqin ki, Allaha da xoş getməz.
Allah müqəddəs bayramda qurbanınızı qəbul eləsin!
Allah bu ölkəni sevindirənləri qurbana çevrilməkdən qorusun!
ELNUR