QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əfran İsmayılov: «Ruhdan düşməyək!» (qol.az)
«Qarabağ»ın son oyunlardakı məğlubiyyəti məni təəssüfləndirsə də, hesab edirəm ki, ruhdan düşmək lazım deyil. Gələcəyə ümidlə və inamla baxmayılıq». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Qarabağ»ın gənc yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Unibank Premyer Liqasının ilk turunda «Neftçi»ylə oyununda ayağından aldığı zədə səbəbindən Ağdam komandasının aparıcı futbolçusu olan Əfran uzun müddətdir «Qarabağ»a kömək edə bilmir.
Komandasının Unibank Premyer Liqasındakı son uğursuzluqlarını şərh edən futbolçunun sözlərinə görə, «Qarabağ»ın futbolçuları bu il ağır oyunlar keçirdiklərindən ümumi yorğunluq var: «Bundan başqa, bir neçə aparıcı futbolçumuz zədə səbəbindən komandaya kömək edə bilmir. Amma bir şeyi unutmayaq ki, bu uğursuzluqlar dünyanın sonu deyil. Komandamız hələ də ilk altılıqdadır. Bizim indi başlıca məqsədimiz altılıqda yerimizi qorumaqdır. Çempionatın final mərhələsində isə biz topladığımız xallara baxıb artıq çempionluq, yoxsa Avroliqada oynamağa imkan verən yerlər uğrundakı vəzifəmizi müəyyənləşdirəcəyik. Gələn ilin yanvarından artıq mən özüm də komandamıza kömək edəcəyəm. Hər bir komandada eniş dövrü olur. Yadınızdadırsa, «Qarabağ» ötən mövsüm «qara zolağ»a düşmüşdü, amma tezliklə uğurlar qazanmağı bacardı və Avroliqada oynamaq hüququ əldə etdi. Baxın, «Bakı» komandası da mövsümə uğursuz başlamışdı, amma dalbadal üç oyundur ki, qələbə qazanırlar. Mən «Qarabağ»ın tezliklə toparlanacağına əminəm. Çünki bu komandanın başında Qurban Qurbanov kimi bir məşqçi dayanıb. Klubumuzun rəhbərliyi tərəfindən də hər dəfə olduğu kimi, bu çətin günlərdə də futbolçulara mənəvi dəstək var. Bir sözlə, ruhdan düşməməli və «Neftçi»ylə bu həftə keçiriləcək oyunu fikirləşməliyik» - deyə Əfran bildirib.