QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qarabağlı ziyalılardan «Qarabağ» klubuna və Qurban Qurbanova dəstək (qol.az)

«Qarabağ» komandasının Premyer Liqadakı son uğursuz çıxışları mətbuatda müzakirə olunmaqdadır. Avropa Liqasında ölkəmizi layiqincə təmsil edən bu komandanın milli çempionatda beşinci məğlubiyyətini alması təəssüf doğurmaya bilməz.
Qol.Az saytı komandanın düşdüyü indiki durumla bağlı bu dəfə Qarabağ bölgəsini təmsil edən və komandanın azarkeşi olan ziyalılara müraciət edib. Onların fikrincə, bütün bu uğursuzluqlar ən qısa vaxtda aradan qalxacaq və «Qarabağ» əvvəlkitək azarkeşlərini sevindirə biləcək.
Bununla bağlı Qol.Az saytına açıqlama verən ziyalılarımızın fikirləri ilə sizləri tanış edirik.
   

Aqil Abbas, millət vəkili

- Tək bizdə deyil, bütün dünyada uğursuzluq olan kimi bir vaxtlar çiyinlərində gəzdirdikləri adamı təpikləyirlər. Bu, çox pis bir şeydir.
«Qarabağ» Azərbaycan xalqının, millətinin komandasıdır. Bir-iki legioneri çıxmaqla bu komanda büsbütün yerli futbolçulardan təşkil olunub. Bütün komandalarda eniş ola bilər, bunlar müvəqqəti hallardır. Amma çox təəssüf ki, bu gün «Qarabağ» kimi bir komandanın məşqçisini, futbolçularını pisikdirmək istəyirlər. Bəzi adamlar hələ də xarici məşqçilərdən əl çəkmirlər. Yerli məşqçiləri uzaqlaşdırıb yerlərinə Avropada küçədə qalan, heç kimin tanımadığı məşqçiləri gətirmək istəyirlər. Medianın əliylə «Qarabağ» komandasını ruhdan salmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, «Qarabağ»ın futbolçularının əksəriyyəti millədə oynayır, oradan yorğun halda qayıdır. Komandanın öz meydançası yoxdur. Bunlar hamısı uğursuzluğa təsir edən başlıca amillərdəndir. Digər tərəfdən, Bakıdakı oyunlarda komandanı cəmi 100-200 azarkeş dəstəkləyir. Mən həm də buna görə çox arzulayıram ki, «Qarabağ» Quzanlıya qayıtsın. Çünki orada hər oyuna komandanın üç minədək azarkeşi gəlir. Qəribədir ki, özlərinə bir balaca əziyyət verib stadiona getməyən adamlar komandadan uğur tələb edirlər. Amma adama deyirlər, sən özün komanda üçün nə verirsən? Hansı mənəvi dəstəyi göstərirsən? 
Qurban Qurbanov Azərbaycanın ən güclü məşqçilərindən biridir. Azərbaycan futbolunun ən böyük uğurları məhz bu məşqçinin adıyla bağlıdır. İndi komanda belə vəziyyətə düşüb deyə klubu, futbolçunu, məşqçini günahlandırmaq olmaz. Belə bir vaxtda komandanı sevmək və ona dayaq durmaq lazımdır. Komanda uduzursa, onu qorumalısan, çiyinlərində daşımalısan.
Mən yenə də o fikirdəyəm ki, «Qarabağ» zəifləməyib. Sadəcə olaraq, komanda bir balaca yorulub və əminəm ki, qış fasiləsində Qurban Qurbanov «Qarabağ»ı toparlaya biləcək. İnanıram ki, «Qarabağ» bu mövsüm də öz sözünü deyəcək. Mən də bir ziyalı və futbol azarkeşi kimi həmişə «Qarabağ»ın yanında olmuşam, bundan sonra da olacağam. Azərbaycanda «Qarabağ»dan gözəl komanda yoxdur. Ona görə də təkrar edirəm, komandanı sevmək lazımdır.

Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru

- Hər bir komandada eniş dövrü olur. Bu mənada, «Qarabağ»ın son uğursuzluqlarında faciəli nəsə axtarmaq doğru deyil. Azərbaycanın ən güclü futbolçuları məhz bu komandada toplaşıb. Amma istər Avroliqada, istərsə də milli komandada oynayan «Qarabağ»ın futbolçuları yorulublar, bu da istər-istəməz nəticəyə təsir edir. Bundan başqa komandada zədəli futbolçular da var. Demək istəyirəm ki, komandadakı bu enişi normal qarşılamaq lazımdır. Eyni zamanda baş məşqçi Qurban Qurbanovun bu dəfə də «Qarabağ»ı düşdüyü bu «qara zolaq»dan çıxarıb komandasını ən yüksək pillələrə qaldıracağına inanıram. 
Bu mənada, azarkeşləri də həmişə «Qarabağ»la birgə olmağa, bu komandaya, onun məşqçi heyətinə dəstək verməyə çağırıram.

Yaşar, yazıçı

- Mənim fikrimcə, “Qarabağ” son illər Azərbaycan futbolunun ən çox üzünü ağardan komandadır. Ümumiyyətlə, Azərbaycan futbolunun “flaqman”ı “Neftçi” sayılır. Təbii ki, bunun da əsas səbəbi Sovet dövründə əldə olunan uğurlardır. Ancaq müstəqillik illərini nəzərə alsaq, deyə bilərəm ki, qazanılan uğurların əksəriyyəti “Qarabağ”ın adı ilə bağlıdır. Son illər ardıcıl Avropanın nüfuzlu klubları üzərindəki qələbələri “Qarabağ”ın digər klublarımızdan fərqli olaraq hər hansısa bir titullu komadaya qarşı qorxu hissinin olmadığını göstərir. Avropada bu dəqiqə Azərbaycan futbolunu ən çox “Qarabağ”a görə tanıyırlar. Düzdür, son zamanlar millinin də Türkiyə üzərində qələbəsini də qeyd etmək olar.
Etiraf etmək lazımdır ki, “Qarabağ” son vaxtlar uğursuz nəticələr əldə edir, komandada nəsə bir problem, ruh düşkünlüyü var. Ancaq mənə elə gəlir ki, bu, müvəqqəti və ötəri bir şeydir. Dünya futboluna fikir versək, görərik ki, ən böyük komandalar da hətta illərlə pis vəziyyətdə olub, ancaq sonra yenidən uğur qazanıb. Hazırda dünyanın ən böyük klubu hesab edilən “Barselona”ya nəzər yetirsək görərir ki, bir neçə il əvvələ qədər o da istənilən səviyyədə deyildi, hətta çempionatı çox aşağı pillələrdə bitirirdi. Ancaq gördüyümüz kimi hazırda dünyanın ən güclü komandası hesab edilir. “Qarabağ”da futbolçular və Qurban Qurbanov kimi məşqçisi varsa, komanda yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Ən əsas arzum isə ondan ibarətdir ki, “Qarabağ” çempion olmasa belə, elə bir nəticə əldə etsin ki, Avropada mübarizə apara bilsin. Çünki “Qarabağ”ın Avropada iştirakı özlüyündə Azərbaycanın qazancıdır. Həm də digər komandalarımızdan fərqli olaraq, artıq hər kəsdə belə bir fikir və inam yaranıb ki, “Qarabağ” Avropada mübarizə aparırsa, yenə də uğur gözləməyə dəyər.

Qulu Ağsəs, şair-publisist

- Mənim fikrimcə, “Qarabağ” Azərbaycan Premyer Liqasında elə də imkanlı klublardan biri deyil. “Xəzər Lənkəran”, “Neftçi”, eləcə də “Bakı” və “İnter”lə müqayisədə maddi imkanları daha aşağıdır. Əvvəla insanda kasıbçılığa olan bir rəğbət var, ikincisi isə, komandanın adının “Qarabağ” və Ağdamla bağlı olması ona olan rəğbəti daha da artırır. Amma bu rəğbətdən də kənar, həqiqətəndə də son illər Avropa Liqasında Azərbaycanın adını dünyada, Avropada tanınmağa rəvac verir ki, “Qarabağ”ın son illərdə yeganə klubumuz olduğunu deyə bilim. Mövsümün əvvəlində komandadan gedən Rəşad Sadıqovun adını Fransanın idman saytında görəndə, həm təəccübləndim, həm də sevindim. Bundan sonra isə onun Türkiyəyə vurduğu qol misilsiz bir qol idi ki, Avropanın bir çox idman saytında o qola geniş yer verildi. Rəşad Sadıqov o epizodda “Azərbaycansayı ev tapşırığı”nı gözəl yerinə yetirdi. Rəşadın sözlərinə inanaraq deyim ki, həmin qola kimi Türkiyədə, “Eskişəhərspor”da bu fikrə heç kim etimad göstərmirdi. Mən Rəşadı bu gün də “Qarabağ”lı sayıram. “Qarabağ” imkanına görə, ulduz futbolçu almağa imkan verməyən, özü ulduz yetişdirməyə qadir bir klubdur. “Qarabağ”ın bu cəhətinə görə, onu “Barselona” ilə müqayisə edərdim. “Xəzər Lənkəran”ı isə “Real” Madridlə müqayisə etmək daha düzgün olardı. Çünki “Real” adətən ulduz alır, “Barselona” isə ulduz almız, özü ulduz yetişdirir. Azərbaycanın da “Barselona”sı məhz “Qarabağ”dır. “Qarabağ”ın son illərdə Azərbaycan futboluna bəxş etdiyi istedadlı futbolçulardan Rəşad Sadıqov, Rəşad Sadiqov, Vüqar Nadirov və ən son parlayan istedadlı futbolçu Rauf Əliyevi, eləcə də Əfran İsmayılovun adını çəkə bilərik. Maraqlıdır ki, “Qaraba” çempionatı birinci yerdə bitirə bilmir, 2-3-cü pillədə mövsümü yekunlaşdırır. Çox istərdim ki, birinci olsun və Azərbaycanı Çempionlar Liqasında təmsil etsin. Son zamanlar ardıcıl uğursuz nəticələr əldə etməsini adi bir idman şanssızlığı kimi qarşılayıram. Bunu heç bir faciəyə çevirmək və ya ajiotaj yaratmaq lazım deyil. Qurban Qurbanovun bir futbolçu kimi Azərbaycan futboluna göstərdiyi xidmətlər danılmazdır. O, məşqçi kimi də çox gözəl, mobil və özünə güvənən bir komanda formalaşdırıb. “Qarabağ”ın ən önəmli xüsusiyyəti ondadır ki, burada legionerlər yox, komandanın əsas hissəsini yerli futbolçular təşkil edir. Hələ qonşu ölkələri - Rusiya, Türkiyə ilə müqayisədə yox, Azərbaycan daxilində ortabab maddi imkana malik olan bir komandanın bu uğurları əldə etməsi çox gözəldir. Yadınızdadırsa, Fərhad Vəliyev səhvlərə yol vermişdi ki, bütün mətbuat bu barədə yazırdı. Ancaq ondan sonra o, öz oyununu düzəltdi. Rəşad Sadıqov qapıçını dəstəkləyərək demişdi ki, bir vaxt Fərhadı “əjdaha” adlandırıran media indi onu qapıda dura bilməməkdə günahlandırır. Güman edirəm ki, indi “Qarabağ”ın uğursuzluqları bir qara zolağa düşməkdir ki, komanda bunu da geridə qoya biləcək. Ümumiyyətlə, həm Qarabağ, həm də “Qarabağ”komandasının taleyində hər zaman “qara zolağ”a düşmək var. Ancaq bundan çıxmağı bacarıb. Məncə, “Qarabağ” Azərbaycanda ən çox sevilən və dəstəklənən komandadır. Biz onu yenə də dəstəkləyirik. Baş məşqçini də, klubun prezidentini və himayədarlarını, eləcə də futbolçuları dəstəkləyirik. Mediadan isə istəyim budur ki, bir neçə uğursuz nəticə ruhdan salmağa yönəlmiş sujetlərlə və yazılarla müşayiət olunmasın. Qoy, mətbuat bu klubu ruhdan salmasın və mənəvi zərbə vurmasın. “Qarabağ” yenidən bu zolaqdan çıxmağı bacaracaq. Komandaya uğurlar arzulayıram. İnanıram ki, bütün oyunlarını sevərək və azarkeşlik edərək izlədiyim klub yenidən bu uğursuzluğu dəf edərək liqadakı layiqli yerə yüksələcək və növbəti mövsüm daha bir mərhələ adlamaqla Azərbaycan futbolunda yeni bir tarix yazacaq.

Rövşən Binnətli, «Lider» telekanalının baş idman icmalçısı

- Qitə miqyaslı yarışlarda iştirak etmək nəinki “Qarabağ”, istənilən komandaya çempionat dövründə öz təsirini göstərir. Avropanın nüfuzlu komandaları ilə ardıcıl ağır oyunlar keçirmək, bundan dərhal sonra isə çempionatda oynamaq asan deyil. Digər komandaların istirahət etdiyi və çempionata hazırlaşdığı bir vaxtda “Qarabağ” Avropa Liqasında mübarizə aparır və bir-birinin ardınca ağır matçlara çıxırdı. Fikir versək, görərir ki, keçən mövsüm də komanda bənzər problemi yaşadı. İlk növbədə uğursuz çıxışı bununla əlaqələndirərdim. Bundan başqa unutmaq olmaz ki, futbol ictimaiyyətinə də yaxşı məlum olduğu kimi, bir neçə aparıcı futbolçusunun müxtəlif səbəblərdən komandaya kömək edə bilməməsi də özünü göstərir. Daha bir səbəb isə ondan ibarətdir ki, “Qarabağ”ın təkcə Azərbaycan millisində yox, digər ölkələrin yığma komandalarında iştirak edən futbolçuları var. Millimizə ən çox oyunçu verən klub da məhz “Qarabağ”dır. Bütün bu səbəblər birləşəndə təbii ki, komandanın nəticələrinə öz təsirini göstərir. Ancaq mən inanmıram ki, Azərbaycanda elə bir futbol mütəxəssisi və ya azarkeşi tapılsın ki, “Qarabağ”ın oyun tərzindən narazı qalsın. Liderdən xal fərqinin çox olmasına baxmayaraq, oyun tərzi baxımından “Qarabağ” hazırda Azərbaycanda hər bir komandadan üstündür. Bunu hər kəs etiraf etməlidir. Sadəcə olaraq, nəticə istənilən kimi deyil ki, bu, hər bir komandada mümkün olan bir haldır. Qaldı ki bu uğursuzluqları komandanın məşqçisinə, rəhbərliyinə bağlamaq, onların hansısa səhvlərinin olduğunu söyləmək çox qeyri-peşəkar bir yanaşma olardı. Necə ki, “Qarabağ” Avropada uğurlar əldə edəndə, “Visla”nı diz çökdürən komandanın məşqçisi Qurban Qurbanov idi, indi də məşqçi həmin məşqçidir, rəhbərlik həmin rəhbərlikdir, futbolçular da həmin futbolçulardır. Sadəcə olaraq, söylədiyim bəzi amillər öz təsirini göstərməli idi, elə də oldu. Düzdür, xal itkisi gözlənilənə nisbətən çox oldu. Dünən “Qarabağ”a qalib gələn AZAL-ın baş məşqçisi Nazim Süleymanovun dediyi kimi, “Qarabağ” hamımızın, bütün Azərbaycanın komandasıdır. Düşünürəm ki, komandanın sevincli günündə onun yanında olmamaq onsuz da mümkün deyil. Önəmlisi odur ki, ağır günlərində komandanı yalnız buraxmayasan. Düşünmürəm ki, “Qarabağ” ağır günlərini yaşayır, sadəcə əvvəlki dövrlərə nisbətən çətin bir mərhələdən keçir. Bu çətin günlərdə onun yanında olmaq lazımdır.


Xalid Kazımlı, «Yeni Müsavat» qəzetinin redaktoru

- "Qarabağ" mənim və 7 yaşlı oğlumun komandasıdır. Avroliqa oyunlarına həmişə bir yerdə gedirik və çox sevinirik. Bəxtimizdən, biz gedəndə "Qarabağ" həmişə qalib gəlir. Oğlum üçün "Qarabağ" "Barselona"dan üstün komandadır.
Həmişə mənə sual verir ki, "Qarabağ"la "Barselona" oynasa, hansı udar, əgər bir az fikirləşirəmsə, dərhal məni ittiham edir, deyir, sən nə cür qarabağlısan, gedib "Barselona"ya azarkeşlik edirsən.
Bu baxımdan başqa variant yoxdur, biz qarabağlılar gərək həm də "Qarabağ"lı olaq - onun yaxşı günündə də, pis günündə də. Təkcə udanda sevinməməliyik, uduzanda isə üz döndərməməliyik
Mən bütün qarabağlıları sevimli komandamıza dəstək olmağa çağırıram. Bu sözləri yazanda səmimi olaraq inanıram ki, "Qarabağ" "Barselona"dan üstün komandadır. Təkcə ona görə ki, "Qarabağ" bizim komandadır.
Hesab edirəm ki, Qurban Qurbanov futbol tariximizin yetişdirdiyi ən yaxşı məşqçilərdən biridir. O adamın ayağında uğur var. Qurban həm Qarabağ üçün, həm də Azərbaycan futbolu üçün dəyərli mütəxəssisdir. Bir-iki məğlubiyytə, heç-heçəyə görə Qurbanın çox tənqid olunmasının əleyhinəyəm.