QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Foqtsun «Qarabağ»ı «vurmasının» arxasında nə dayanır? (stadium.az)

DÜNƏNİNİ UNUDANLAR, BU GÜN «AZƏRSUN HOLDİNG»İ İSTEFAYA SƏSLƏYƏNLƏR

Məsələni uzatmadan birbaşa söyləmək olar - «Qarabağ»ın vəziyyəti çox ağırdı. Komandanın iki turdu uduzması bunu söyləməyə əsas vermir. Amma gəlin Ağdam klubunun son 5 oyununa nəzər salaq.
AZAL 2:0 "Qarabağ"
"Bakı" 2:0 "Qarabağ"
"Qarabağ" 3:0 MOİK 
"Qarabağ" 0:1 "Xəzər Lənkəran"
"Muğan" 0:0 "Qarabağ"
Qurban Qurbanovun başçılıq etdiyi komanda son 5  oyunun üçündə məğlub olub. Bu məğlubiyyətlərin hamısını liderlər qrupunda yer alan komandalarla görüşlərdə qeydə alınıb. Özünüz düşünün, avrokuboklarda meydan sulayan «Qarabağ» səfər oyununda «Muğan»ı yenə bilmir... Bu oyunda məhz son 5 görüşdən biridi. Tək qələbə isə MOİK üzərində qazanılıb. Son 5 oyunda qeydə alınan nəticələrə baxdıqda görünür ki, vəziyyət nə qədər ürəkbulandırıcıdı. Bəs nədən «Qarabağ» bu vəziyyətə düşüb? «Qarabağ»ın qara günlər içində sıxılmasının səbəbi nədir?
Burada bir sox amillər var. Əsas heyətin üzvləri - Əfran İsmayılov, Maksim Medvedev, Emin İmaməliyev, Andrey Rubins və Samir Abbasovun zədələnməsi - Rəşad Sadıqovun gözlənilmədən karyerasını Türkiyədə davam etdirməsi barədə qərar qəbul etməsi. Bu futbolçuların yoxluğu ağdamlılarda özünü ən yüksək səviyyədə göstərdi. Futbolçuların yoxluğu «Qarabağ»ın ən böyük bəlası deyil. Ən böyük bəla - Qurban Qurbanovun baş bəlası milli komandanın başçısı Berti Foqtsdu. Cilovsuz Foqts atını sağa-sola istədiyi kimi - istədiyi qədər sürməkdədi. 5 futbolçunun yoxluğu, üstəlik 10 oyunçunun milli komandalara getməsi vəziyyəti son dərəcə ağır edir. Ansi Aqolli ilə Admir Teli Albaniya millsinə dəvət alır, 8 oyunçu isə Azərbaycan millisinə. 10 futbolçu millilərdə, 5 oyunçu isə zədəli. Baş məşqçisi Berti Foqts boş vaxtı olan kimi Bakıya gəlir və millinin təlim-məşq toplanışını keçirir, «Qarabağ»dan 8 oyunçunu heyətə qatır. Məsələ ondadır ki, Foqtsun təşkil etdiyi milli toplanışlar heç bir rəsmi oyuna xidmət etmir. Foqtsun rəsmi oyunlardan əvvəl təşkil etdiyi toplanışlara heç kim bir söz deyə bilməz. Amma oyun olmadan belə toplantı keçirmək - «Qarabağ»dan 8 oyunçunu heyətə qatmağın (məkirli - komandanı zəif salmaq niyyətiylə) arxasında nələrin dayandığını görməmək mümkün belə deyil. Amma bunu görmək istəyən yoxdu. «Qarabağ»ın avrokuboklardakı uğuru əlində bayraq edən, bununla da «Azərbaycan futbolu inkişaf edir» deyərək haray-həşir salan AFFA rəhbərliyi bunu görmürmü?
Bununla 15 futbolçudan məhrum olan Qurban Qurbanov 11 oyunçu ilə məşq keçmək məcburiyyətində qalır. Bu 11 futbolçu isə ikinci heyətdən gələnlərlə əsas heyətə düşməyənlərdi. Komanda yalnız oyuna bir gün qalmış bir araya gəlir. Bəs bununla uğur qazanmaq olarmı? Futbolçular millidə tamam başqa sistemdə məşq edir, oyun oynayır, klubda isə fərqli bir sistem. Ortada başa düşülən yalnız bir şey var, Berti Foqts nə «Qarabağ»ın, nə də Qurban Qurbanovun uğur qazanmasını istəyir. Bunun da səbəbi var. Çünki Foqts öz yerinə alternativ kimi ancaq Qurban Qurbanovu görür. Və ona paxıllığı tutur. Elə «Bakı» ilə oyundan əvvəl Foqtsun hoqqalarının şahidi oldunuz. Bunu yenidən söyləməyə belə gərək yoxdu.
Qurbanov son açıqlamalarından birində söylədi ki, o Foqtsu başa düşür, gərək Foqts da onu başa düşsün. Ağdamlıların avrokuboklarda uğur qazanmasından sonra Foqtsun Qurban müəllimə paxıllığı son həddə kimi artıb. Çünki özünün uğuru olmadığından, onda qısqanclıq yaranıb. Düzdü, Foqts arada Qurbanova sms yazır, amma bu o demək deyil ki, onun yaxşılığını istəyir.
«Qarabağ»dan söz düşmüşkən, bu komandanın AZAL-la oyununda azarkeşlərin çıxardığı «oyuna» da toxunmamaq mümkün belə deyil. Məsələ ondadır ki, AZAL-la oyunun gedişində - «Qarabağ» hesabda 2:0 geri düşdükdən sonra ağdamlı «azarkeşlər» «Azərsun istefa» deyə bağırmağa başladılar. Bu kluba himayədarlıq edən
«AZƏRSUN HOLDİNG»in komandaya nələr etdiyni görməmək üçün gərək kor olasan. Az qala dağılmaq təhlükəsi ilə üzləşən «Qarabağ»ı himayədarlığına götürən Abdulbari Gözəlin klubu  haradan hara gətirməsini görmürmü dünən Azərsunu istefaya səsləyənlər? Yoxsa kordularmı? Təbii ki, bunun da arxasında kimlərsə dayanır. Axı azarkeşlər heç vaxt öz avazları ilə səs çıxarmazlar. Təbii ki, bunun arxasında hansısa ağdamlı, bəlkə də «Qarabağ»ın rəhbəri olmaq istəyən biriləri dayanır. Məhz həmin insanlara xitabən - «Qarabağ» dağılmaq təhlükəsiylə üz-üzə qaldığı vaxtlarda hardaydız? Ağdamın varlı kişilərində Qarabağ ruhu olsaydı, zamanında «Qarabağ»a sahib çıxardılar. Məgər erməni dığalarının meydanına çevirilən Qarabağı «Qarabağ» adı ilə avropaya tanıdan bu iş adamları deyildimi? Nə tez unutdular? Bu oyunla bir neçə ay əvvəl bəzi lənkəranlı «azarkeşlər» də Mübariz Mənsimova qarşı bu iyrəncliyə edirdi. Bununla futbola milyonlarla dollarlar xərcləyən belə insanları futboldan soyutmaq şərəfsizlikdən başqa bir iş deyil. Nə isə, Foqtsun «Qarabağ» və Qurban Qurbanovun uğursuzluğunu necə arzulamasını,  «AZƏRSUN HOLDİNG»i istefaya səsləyənlərin hansı məzhəbə xidməti barədə az olsa açıqlama etməyə çalışdıq. Gerisini düşünüb, nəticə çıxarmaq isə sizin öhdənizə qaldı. Bir bunu unutmayın, sonradan atılan daş topuğa dəyər!..

 

VÜSAL