QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: «Rövşən komandamıza antisimpatiya göstərirdi, komandamızı sındırdı» (stadium.az)

Referi Rövşən Əhmədov dünən «Qarabağ»a qarşı «Neftçi»nin yanında «oynadı». Əhmədov Ağdam klubunun qapısına iki penalti verməməklə Qurban Qurbanovun komandasının məğlubiyyətinin əsas səbəbkarı oldu. Klubun idman direktoru Əmrah Çəlikəllə də bu barədə danışdıq:

- Qoysalar işimiz yaxşı olacaq. Dünən rəqib qapısına  iki penaltini verməməklə yanaşı, Rövşən komandamıza antisimpatiya göstərirdi, komandamızı sındırdı. Referi oyunu çox bərbad şəkildə idarə etdi. Mənim sözlərim «Neftçi»nin qələbəsinə kölgə salmamalıdı. Rəqibi qələbə münasibətiylə təbrik edirəm, bu öz yerində. Amma Rövşənin də hoqqaları göz qabağında idi. Daha bu qədər də olmaz.

- Bununla bağlı AFFA-ya şikayət etmək fikriniz varmı?

- Gəl açıq danışaq, bu işə AFFA Hakimlər Komitəsi cavabdehdi. 2004-cü ildən bəri hakim haqsızlığı ilə bağlı şikayətlərimizin heç bir nəticəsi olmayıb. Buna görə də şikayət etməyi mənasız görürəm. Nəticəsinin olacağına çox inanmıram.

- Belə çıxır ki, hakimlərin sizə qarşı həmişə qərəzi olub?

- Hər mövsüm bir-iki dəfə belə «sillə yeyeirik».

- Komanda hər dəfə bir nəyəsə görə uduzur. Vəziyyət isə pisə doğru gedir. Bu vəziyyətdən çıxmaq üçün bir dəyişikliklər gözlənilirmi?

- Əsas odur ki, «Qarabağ»ın bir oturuşmuş heyəti var. İndiyə kimi belə vəziyyətlərə çox düşüb çıxmışıq. İnşallah bundan sonra da belə olacaq. Dünənki oyunumuzla özümüzə sübut etdik ki, komanda özünə gəlib, düzəlir. Nəticə də zamanla olacaq. Düşünmürəm ki, «Qarabağ» ilk altılıqdan, çempionatdan əlini üzüb.

- Dünənki oyundan sonra çox çətin olacaq bu...

- Çətin olacaq, amma buna inanıram.

- Oyunu izləyənlər arasında klubun vitse-prezidenti Tahir Gözəl də vardı. Onun görüş barədə fikirləri necə oldu?

- Oyundan sonra Tahir bəy soyunub-geyinmə otağına gedərək komandaya dəstək oldu. Göstərdikləri oyuna görə hamısnı təbrik etdi və bildirdi ki, bundan sonra daha yaxşı olacaq. Tahir bəy həmişə olduğu kimi, yenə də komandanın yanındadı, arxasındadı.