QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Olum, ya ölüm (premyerliqa.az)
"Qarabağ" üçün artıq geriyə yol yoxdur. İlk "altılığ"a düşmək üçün qızğın mübarizə gedir və hər xal qızıla bərabərdir. Düşdüyü çətin vəziyyətlərdən qalib ayrılmaq bacarığını dəfələrlə nümayiş etdirən Qurban Qurbanov növbəti sınaq qarşısındadır.
"Qarabağ" sabah "İnter"lə qarşılaşacaq. Çətin oyun olacaq. Çünki xal itkisi "İnter"ə də baha başa gələ bilər. Amma qələbə "Qarabağ"a daha çox lazımdır. Zədəlilərin çox olması, digərlərin isə millidən yorğun qayıtması son zamanlar komandanın oyununa pis təsir edir. Sabah bu uğursuz seriyaya son qoyula bilər. "İnter"lə oyunöncəsi ağdamlıların düşərgəsindən azarkeşlərinə şad xəbər gəlib. Uzun müddətdi zədədən əziyyət çəkən Maksim Medvedev və Andrey Rubins "İnter"lə oyunda meydana çıxmağa hazırdır.
Komanda qarşıdakı oyuna daha yaxşı motivasiya olmaq üçün diqqətdən uzaq bir məkanda toplanışa yığılıb. Bu məqam indiki durumda "Qarabağ" üçün çox vacibdir. Novxanıda "AF HOTEL"-də məskunlaşan komanda oyun saatını gözləyir. Yeri gəlmişkən, qarşıdakı oyunda meydan amili də "Qarabağ"ın xeyirinə olacaq. Respublika stadionundan fərqli ağdamlılar "İnter"lə oyunun keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda özünü daha rahat hiss eləyəcək.
Bu matçda gənc hücumçu Rauf Əliyevin də üzərinə böyük məsuliyyət düşəcək. Son zamanlar əla formada olan Raufun mənfi cəhəti bəxtsizliyidir. "Qarabağ"ın döyüşkən futbolçusu çətin anda Qurban Qurbanova kömək olmalıdır. Axı az qala bütün mətbuat Qurban bəydən legioner hücumçunun alınmasını tələb edəndə mütəxəssis Raufu oynatmaqda israr etdi. Bu həyatda hər şeyin bədəlini ödəmək lazım olduğunu yəqin ki, gənc hücumçu da yaxşı anlamalıdır.
Olum, ya ölüm. Bu prinsiplə meydana çıxaraq "Rusenborq", "Visla" kimi komandaları diz çökdürən "Qarabağ" yenə gücünü göstərməlidir.