QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov \"Kurtlar Vadisi\"ndən şikayət etdi (korner.az)

«Komanda»nın keçirdiyi sorğunun nəticələrinə görə Qurban Qurbanovla Rəşad Sadıqov «İlin məşqçisi» və «İlin futbolçusu» nominasiyasının qalibi oldular. Dekabrın 24-də təltifetmə mərasimindən sonra qaliblər çay süfrəsi arxasında jurnalistlərin suallarını cavablandırdılar. Olduqca səmimi ab-havada keçən söhbəti olduğu kimi oxucuların diqqətinə çatdırırq.
- Sorğunun nəticəsinin belə olacağını gözləyirdizmi?
- Qurban Qurbanov: Açığı, zəng gələndə bir qədər təəccübləndim.
- Rəşad Sadıqov: Quban müəllimin dediklərinə inanmıram (gülür). Sözün düzü, bilirdim ki, 3 nəfərdən biri seçiləcək.
- Digər iki nəfər kim idi?
- R.S: Əfranla Mahir. Belə hesab edirəm ki, hər üçümüz bu il yaxşı çıxış etdik. Əfran ikimizdən bir qədər fərqlənirdi. Zədələndi, oynaya bilmədi. İlin əvvəlində də zədələnmişdi. Bilirdim ki, Türkiyəyə vurduğum qol əlavə üstünlükdü və seçimdə mühüm rol oynayacaq.
- Türkiyədə hələ də o qolu yada salırlar, yoxsa yox?
- R.S: Görəndə “bizi yıxan adam” deyə müraciət edirlər.
- Qurban bəy, siz nə düşünürsüz, sorğuda əsas rəqib kimi görürdüz?
- Q.Q: Sizin əməkdaşlar məndən sorğu ilə bağlı mövqeyimi soruşanda Berti Foqtsla Kaxaber Tsxadadzenin adlarını qeyd etdim. Həqiqətən də, Türkiyə üzərindəki qələbə böyük uğurdu. Tsxadadzenin komandası çempion olmaqla yanaşı, “Lex”ə qarşı da yaxşı mübarizə apardı. Son vaxtlar çempionatda komandamız elə də yaxşı nəticələr əldə etmirdi, yaxşı təsir bağışlamırdıq. Məhz buna görə onları seçmişdim, onların layiq olduğunu bildirmişdim.
- Rəşad, “Əskişəhərspor” karyeranda sonuncu əcnəbi komanda ola bilər? Artıq 28 yaşın var...
- R.S: İstəyərəm belə olmasın. Futboldu, nə olduğu bilinmir. Hər şey hər an dəyişə bilər. İndi təlim-məşq toplanışına gedəcəm, hələ bilinmir komanda kimləri alacaq, kimləri satacaq. Əvvəldən heç nə demək olmur.
- Hər bir futbolçu öncədən karyerasının sonu barədə düşünür. Bəs Rəşad Sadıqov karyerasını harda başa vurmaq istəyir: «Qarabağ»da, yoxsa «Neftçi»də?
- R.S: Son illərimi istərdim “Neftçi”də keçirim. Çünki hər şeyim ordan başlayıb. Tovuzda futbola başlasam da, futbolçu, insan kimi formalaşmağımda “Neftçi”nin rolu böyük oldu. “Qarabağ” da mənə doğmadı. İki ildə bir çox uğur əldə etdik, uğur olan yerdə bağlılıq da artır. Azərbaycana qayıtsam, bu iki komanda arasında seçim edəcəm.
- Yəni “Neftçi”ni seçəcəksən...
- R.S: Demirəm seçəcəm, sadəcə, karyeramın son ilini “Neftçi”də oynamaq istərdim.
- Əslində, bu gün problemlərdən danışmaq istəməsək də, “Qarabağ”la bağlı sual vermək məcburiyyətindəyik. Fasilə dövründə nələri planlaşdırırsız? “Qarabağ” dəyişəcəkmi?
- Q.Q: Dəyişiklik etmək istəyirik. Hər il olduğu kimi komandaya yeni futbolçu lazım olur.
- R.S: Bəzi klublara təklifim var: oynatmadıqları futbolçuları heyətdə saxlamasınlar. Mən “Qarabağ”da oynayarkən Qurban müəllim deyirdi ki, hansı futbolçunu istəyiriksə, vermirlər, yerli futbolçuların transferinə daha çox pul istəyirlər. Amma sonra baxırsan ki, həmin oyunçular ilboyu heç oynamırlar. Klublara üz tuturam: “Qarabağ” gənc futbolçuları istəyəndə, bunu rədd etməyin. Qoyun gəlsinlər , yeni Əfranlar, Rauflar yetişsin.
- Rəşad, Türkiyə ilə oyunda Kamran Ağayevlə aranda yaşanan bir epizod var. Həmin epizoda görə “feyr-pley” mükafatına layiq görüldün. Həmin anı necə xatırlayırsan?
- R.S: Futbol tariximiz kasıb olsa da, həmin qələbə bizim ən zəngin uğurlarımızdan biridi. Oyun gedə-gedə hiss edirdim ki, böyük qələbəyə doğru irəliləyirik. İstəmirdim ki, buna görə uğurumuza ləkə gəlsin. Bir film var - “Troya”. Həmin filmdə Axilleslə Hektorun döyüş səhnəsi var. Hektorun ayağı daşa ilişir, yıxılır. Axilles isə bu an qılıncını yerə atır ki, rəqibiylə eyni vəziyyətdə olsun, qələbəsinə kölgə düşməsin. Oyunda da vaxt öldürmək istəmirdik, mübarizə aparıb qələbə qazanmaq istəyirdik. Bir gün Türkiyəyə dönəcəyimi bilirdim və istəmirdim ki, qələbəmizə məhz buna görə ləkə gətirsinlər, nəsə desinlər. Kamrana buna görə «ayağa dur» dedim. Bəlkə də çempionat oyunu olsaydı, deməzdim.
- Kamran sənə heç nə demədi?
- R.S: Yox, Kamrana oyunçularımızdan biri «yat» deyirdi, mən də «dur» deyəndən sonra o qışqırdı, topu var gücüylə qabağa vurdu (gülür).
- Nə vaxt qol vurduqdan sonra sevinəcəksən?
- R.S: Sevinmişəm, cavan vaxtlarımda (gülür). “Rusenborq”la oyuna “başı dumanlı” çıxmışdım, fikirli idim, ona görə vurduğum qola sevinmədim. Daha doğrusu, içimdə sevindim, amma yenə küskünlüyüm var idi. Çünki bilirdim ki, küsdürənlər həmin oyunu izləyir, ayaq üstə alqışlayırlar. Bu da mənim jestim oldu.
- Qurban bəy, Rəşad bir futbolçu kimi yox, insan kimi necə adamdı?
- Q.Q: Dostumdu.
- Mənfi cəhətləri yoxdu?
- Q.Q: Görməmişəm, inşallah da görmərəm.
- Rəşad, bəs sən Qurban bəyi necə xarakterizə edə bilərsən? Heç vaxt incikliyiniz olmayıb?
- R.S: Yox, küsməmişəm (gülür). Ötən il zədəm təzə sağalmışdı, cərimə zərbələrini pis vururdum. Mənə dedi ki, “bəlkə Maksimin üzərində işləyək, onun yaxşı zərbələri var”. Mən də dedim ki, “işləyin”. Elə oldu ki, Lənkəranda cərimə zərbəsindən qol vurdum, dönüb Qurban müəllimə tərs-tərs baxdım (gülür).
- Qurban bəy…
- Q.Q: …Bəli, bu hərəkətiylə incidib (gülür).
- R.S: İndi mənə deyirlər ki, gəl, qayıt “Qarabağ”a. Deyirəm hazırlayın, oynasınlar da (gülür).
- Qurban bəy, təsadüfən çayxanaya daxil olub futbolçunuzun siqaret çəkdiyini görsəz, reaksiyanız necə olar?
- Q.Q: Futbolçu olan çayxanaya getmirəm.
- Birdən oldu da…
- Q.Q: Elə futbolçu var ki? Görməmişəm (gülür).
- R.S: Çəksə də, məncə, problem yoxdu. Görmüşəm ki, Qurban müəllim keçir, futbolçunun da qabağında pivə var. Amma Qurban müəllim özünü görməməzliyə vurub.
- Bilirik ki, mətbuatın yazdıqları sizə tez təsir edir. Bunu “Neftçi”də çalışarkən də bir neçə dəfə görmüşük. İndi necə, dəyişməmisiz?
- Q.Q: Çox dəyişmişəm.
- Yəni indi mətbuatın yazdıqları sizə təsir etmir?
- Q.Q: Yox, yəni normal qarşılayıram.
- R.S: Çox diqqət yetirir.
- Q.Q: Çox da təsirlənirəm.
- Bəs Rəşad, sən necə?
- R.S: Futbolçu kimi tənqid ediləndə təsirinə düşmürəm, amma şəxsiyyətimə toxunanda çox pis təsir edir. Məcbursan ki, hisslərini boğasan, çünki yığmada oynayırsan, minlərcə insan səni tanıyır, kapitan sarğısını daşıyırsan. Çalışıram ki, reaksiya verməyim. Amma verməyincə görürəm ki, həmin insanlar daha çox qıcıqlandırmağa başlayırlar. Şəxsiyyətə toxunan yazılar aydındı ki, qərəzli yazılardı, adamı cırnadır. Amma futbola aid tənqid olanda normal qarşılayıram.
- Hər ikinizdən soruşmaq istərdik: düşünürsüz ki, qərəzli yazılar olur?
- Q.Q: Düşünmürəm ki, kimsə belə bir hərəkət etsin.
- R.S: Sözün düzü, 2-3 il qabaq belə bir fikirdə olmuşam. Son illərdə isə belə şeylərə rast gəlmirəm. Ola bilər fikirləşim ki, jurnalist mənə qarşı qərəzli yazır. Artıq baxışlarım da dəyişib. Əvvəllər tam fərqli düşünürdüm, indi isə ayrı cürdü.
- Qurban bəy, dünya futbolunda hansı komandaya azarkeşlik edirsiz?
- Q.Q: “Barselona” və “Mançester Yunayted”ə.
- “Barselona”nın baş məşqçisi olsaz, komandanın oyun üslubunu dəyişərsiz?
- Q.Q: Olsam? Ola bilərəm (gülür)?
- Niyə də yox...
- Q.Q: Yox, dəyişmərəm. Hər bir məşqçi istəyər ki, komandası elə oyun nümayiş etdirsin.
- Başqa bir sual: təsəvvür edin ki, əlinizdə Pike, Puyol və Rəşad var, üçündən birini kənarda qoymalısız. Hansını kənarda qoyarsız?
- Q.Q: İkisini qoyaram, Rəşadı saxlayaram (gülür).
- R.S: Pike yox, Puyolla rəqabət apararam (gülür).
- Rəşad, sən hansı komandaya azarkeşlik edirsən?
- “Mançester Yunayted”ə. “Barselona”nın da oyunlarına baxıram. Adamın qanı qara olanda, gözləyir ki, “Barsa” axşam şou göstərəcək, baxacağıq. Elə seriallar kimi...
- Seriallar? Serialların vətəninə çevrilən Türkiyədə seriallara baxa bilirsən?
- R.S: Bircə “Ezel”ə baxıram.
- Qurban bəy, bəs siz?
- Q.Q: Hazırda heç birinə. “Kurtlar Vadisi”nə baxırdım, onun da getdikcə ağını çıxartdılar (gülür).
- Müsahibədə son sözlərinizi deməyə hazırsız?
- R.S: Mənim heç bir sözüm yoxdu (hamı gülür).
- Q.Q: Doğrudan da, çox şadam bu ada layiq görüldüyüm üçün. Çalışacağıq ki, növbəti ildə daha böyük uğurlar qazanaq, əlimizdən gələni edək. Belə adlar məsuliyyətimizi daha çox artırır.
- R.S: Hamıya təşəkkürümü bildirirəm. Azərbaycanda ilin futbolçusu seçiləndə, bir çoxları düzgün səs vermir, hərə öz tanışına, dostuna səs verir. Bu, düzgün deyil, ilboyu əziyyət çəkilir və bunun bəhrəsini görmək lazımdı. Söhbət bugünkü səsvermədən getmir. Bu gün sırf mətbuat nümayəndələrinin  səs verməsi mənim üçün mühüm bir hadisədi. Əlimizdən gələni edəcəyik ki, bu ada layiq olaq.

mənbə: "Komanda" qəzeti