QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Uğursuz sindroma son, yaxud “Qarabağ”ın 877 gün gözlədiyi qələbə (apasport.az)

“Qarabağ” “Qəbələ” ilə oyunlarda uğursuzluq sindromuna son qoyub. Apasport.az saytının hesablamalarına görə, Ağdam təmsilçisi 877 gündən sonra rəqibinə qalib gəlib.

Qurban Qurbanovun çalışdırdığı komanda “Qəbələ”ni sonuncu dəfə 2008-ci ilin sentyabrın 20-də yenmişdi – 2:1. Həmin səfər görüşü Qurbanovun indiki postunda qəbələlilərlə ilk matçı idi. Ağdamlılar bundan sonra 4 oyunda qələbə üzünə həsrət qaldı. Bunlardan 3-ü bərabərliklə, 1-i isə “Qəbələ”nin qələbəsi ilə nəticələndi.

Əslində, “Qəbələ”ni “Qarabağ” üçün arzuolunmaz rəqib saymaq da düzgün olmazdı. Çünki Ağdam komandası bu rəqiblə ilk 5 oyunun hamısında meydanı qalib tərk edib. Ancaq sonradan uğursuzluq sindromu öz sözünü dedi ki, buna böyük hesablı qələbə ilə son qoyuldu.

Bu, “Qəbələ”nin ingilis baş məşqçisi Toni Adamsın ölkəmizdə çalışdığı 9 ayda ilk böyük hesablı məğlubiyyəti kimi tarixə düşdü. “Qarabağ” isə çempionatda qələbə seriyasını 5-ə çatdırdı. Qurbanovun komandasının cari mövsümdə qazandığı böyük hesablı qələbələrin hamısı evdə və 3:0 hesabı ilə olub.

Qeyd edək ki, “Qarabağ” bunadək “Gəncə” və MOİK-i Tofiq Bəhramov adına Respublika stadionunda böyük hesabla yenib. Ancaq “Qəbələ” ilə görüş komandanın öz arenası olan Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oldu.

“Qarabağ” və “Qəbələ” klubları arasında keçirilən oyunlar


2006/07 mövsümü
“Gilan” – “Qarabağ” – 0:2
“Qarabağ” – “Gilan” – 3:2

2007/08 mövsümü
“Qəbələ” – “Qarabağ” – 1:2
“Qarabağ” – “Qəbələ” – 2:1

2008/09 mövsümü
“Qəbələ” – “Qarabağ” – 1:2
“Qarabağ” – “Qəbələ” – 0:0

2009/10 mövsümü
“Qarabağ” – “Qəbələ” – 0:0
“Qəbələ” – “Qarabağ” – 1:1

2010/11 mövsümü
“Qəbələ” – “Qarabağ” – 2:1
“Qarabağ” – “Qəbələ” – 3:0