QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: «Mən çempionluq haqda danışmağa ehtiyat edirəm» (qol.az)
Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi

- Komandanız dünən Premyer Liqada «İnter»i məğlubiyyətə uğratmaqla ardıcıl səkkizinci qələbəni qazandı və liderlərə daha da yaxınlaşdı. Artıq demək olarmı ki, «Qarabağ» bundan sonra qızıl medallar uğrunda mübarizəyə qoşulacaq?
- Belə oyunlar və qələbələr çox yaxşı haldır. Dalbadal səkkiz oyunda qazanılan bu uğur komandada, məşqçi heyəti arasında ruh yüksəklikliyini daha da artırır.
Sualınıza gəlincə, ilk «altılığ»ın dünən keçirilən oyunları göstərdi ki, heç bir komandaya qələbə qazanmaq rahat olmayacaq. İstənilən nəticə qeydə alına bilər. Götürək, AZAL - «Xəzər Lənkəran» oyununu. Birbaşa stadiondan izlədiyim bu qarşılaşmanın favoriti Lənkəran təmsilçisi göstərilsə də, onlar məğlubiyyətə uğradılar. Və ya götürək, «Bakı» - «Neftçi» oyununu. Bu oyunun gedişatında kimin qələbə qazanacağını proqnozlaşdırmaq çətin idi. Bir daha deyirəm, hər oyunda istənilən nəticə ola bilər. Ona görə də bütün qarşılaşmalara ciddi hazırlaşmalıyıq.
- Belə başa düşdük ki, indidən çempionluq haqda danışmağa ehtiyat edirsiniz?
- Doğrudur. Baxın, lider «Neftçi»ylə aramızda altı xal fərq var. Sabah uduzsaq və ya heç-heçə etsək, xal fərqi daha da artacaq. Amma əksinə, oyunların nəticəsindən asılı olaraq, xal fərqi azala da, çoxala da bilər. Hərçənd, biz bundan sonra da çalışacağıq ki, bütün oyunlarda maksimum nəticə əldə edək.
- Əsas rəqiblərinizdən sayılan «Xəzər Lənkəran»ın dünənki məğlubiyyəti sizin üçün gözlənilməz olmadı ki?
- Qətiyyən. Artıq dediyim kimi, «altılıq» elə bir sistemdir ki, istənilən nəticə ola bilər.
- «Xəzər Lənkəran»ın baş məşqçisi məhz «Qarabağ»ı özünə əsas rəqib görür…
- Bizə belə dəyər verdiyinə görə ona təşəkkür edirəm. «Xəzər Lənkəran» da çempionluğa əsas namizədlərdən biridir. Amma bütün hallarda hesab edirəm ki, «altılıq»dakı komandaların hamısı təhlükəlidir.
- «Qarabağ»ın dörd ev oyununu Quzanlıda keçirəcəyi bildirilir. Bu il fərqli meydançada oynamağın sizin oyununuza hansısa mənfi təsiri ola bilərmi?
- Bizim əsas məqsədimiz oradakı azarkeşlərimizi sevindirməkdir. Bu mövsüm onlar Quzanlıda «Qarabağ»ın oyununu görməyiblər. Biz harda oynamağımızdan asılı olmayaraq, hər bir matçda maksimum nəticə göstərməyə çalışırıq. Futbolçularımız da bunu gözəl dərk edir. Quzanlıda oynamağımızın isə bizə daha çox xeyiri dəyə bilər. Çünki orada azarkeşlərimiz çoxdur. Düzdür, haradasa yol yorğunluğu olacaq. Amma əsas azarkeşlərimizin sevinməsidir.
- Quzanlıya qayıtmağınızla bağlı son vəziyyət nə yerdədir?
- Bu məsələylə bağlı klubumuzun direktoru Əmrah Çəlikəl məşğul olur. Düşünmürəm ki, rəqiblərimiz Quzanlıya getməyin əleyhinə çıxalar. Hər halda bunu onların müsahibələrindən də hiss etmək olar. Əsas odur ki, o vaxta qədər meydança tam hazır vəziyyətə gətirilsin. İndi orada lazımi işlər həyata keçirilir. Gözləyək, görək, nə dərəcədə alınır.
- «Qarabağ»ın iki il əvvəl olduğu kimi, bu dəfə də «altılıq» oyunlarını Quzanlıya salması birmənalı qarşılanmayıb. Belə fikirlər var ki, komanda xal qazanmaq üçün işini rahatlaşdırmaq məqsədilə ora dönür.
- Bilirsiniz, müxtəlif fikirlər ola bilər. Komandamızın Quzanlıya dönməsi üçün azarkeşlərimizin həm klubumuza, həm də müvafiq dövlət təşkilatlarına çoxsaylı müraciəti oldu. Biz də onların çağırışına əməl etdik. Şəxsən, bizim üçün Bakıda ya Quzanlıda oynamağın fərqi yoxdur. Komandamızda peşəkar futbolçular toplaşıb və onlar məsuliyyətlərini yaxşı başa düşürlər. Dediyimiz kimi, azarkeşlərimizi sevindirmək istəyirik. Ona görə də bu məsələdə başqa nəsə axtarmaq doğru deyil.
- Son turda Fərhad Vəliyevi deyil, yeni qapıçınız Boyan Pavloviçi start heyətinə daxil etməyiniz nəylə əlaqədar idi?
- Mən fikirləşirəm ki, onlar eyni səviyyəli qapıçılardır və hər ikisinə şans verirəm. Əvvəlki qarşılamalarda da bunun şahidi oldunuz. Ola bilər ki, bundan sonra da bəzi oyunlarda Fərhad, bəzilərində isə Boyan əsas heyətdə meydana çıxsın.
- Zədəli futbolçunuz Maksim Medvedyevin durumu nə yerdədir?
- Hazırda Maksim Almaniyadadır və həftə sonu Bakıya dönəcək. Maksim orada həm müalicə və müayinə olunur, həm də fərdi şəkildə məşq edir. Bakıya qayıtdıqdan sonra onun durumuna tam aydınlıq gələcək. Bəlkə gələn həftə komandamızın məşqlərinə qoşuldu. Aprel ayında isə oyunlarda bizə kömək edə bilər.