QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
2011-in tablosu: “Qarabağ” “Neftçi”dən üstündür (apasport.az)
Premyer Liqa təmsilçilərini qış fasiləsindən 60 gün ayırır. Elita klubları bu müddət ərzində ölkə çempionatında 7 oyun keçirməyə macal tapıblar ki, bunlardan 3-ü təsnifat, 4-ü isə final mərhələsinə təsadüf edib.

Cari çempionatın XIX turunda qeydə alınan nəticələrə əsasən, "Neftçi" fasiləyə qış çempionu kimi yollandı. Lakin 41 xalla zirvədə qərarlaşan “ağ-qaralar” ən yaxın izləyicisi "Xəzər-Lənkəran"ı cəmi 1 xal qabaqlayırdı. Aşağı pillələrdə isə müvafiq olaraq, AZAL, "İnter" (hər ikisi 34 xal), "Qarabağ" (33), "Qəbələ" (30) və "Bakı" (28) qərarlaşmışdı. Amma çempionat yenidən canlanınca, turnir cədvəlində bəzi yerdəyişmələr oldu. Əvvəla, "Bakı" "Qəbələ"ni ilk "altılıq"dan sıxışdırdı. Digər tərəfdən, "Qarabağ" uğurlu çıxışı ilə çempionluq uğrunda çəkişməyə qoşuldu.

Qarabağ. Qış fasiləsindən sonra ən uğurlu çıxış edən kollektiv "Qarabağ"dı. Ağdam təmsilçisi keçirdiyi 7 oyundan 16 xal toplamaqla rəqiblərini geridə qoyur və təsadüfi deyil ki, çempionluq çəkişməsinə şərik olub. Halbuki, fasilə ərəfəsində bir çox futbol mütəxəssisləri qızıl medallar uğrunda mübarizənin "Neftçi" və "Xəzər-Lənkəran" arasında gedəcəyini söyləyirdilər. Amma Qurban Qurbanovun yetirmələri sıçrayışa nail oldular.
"Qarabağ" 16 xaldan 9-nu təsnifat mərhələsində yığıb ki, bu da başadüşüləndi. Çünki həmin kollektivlər - "Qəbələ" (3:0), "Gəncə" (1:0) və "Turan" (5:1) hazırda ikinci "altılıq"da yer alıblar. Ağdam təmsilçisi final mərhələsində azarkeşlərinin üzvünü 2 dəfə güldürüb. Qurbanovun komandası səfərdə "İnter"i (2:0), evdə isə AZAL-ı (1:0) üstələyib.
"Qarabağ" final mərhələsində tək məğlubiyyətini "Neftçi"dən alıb (0:2). Flaqmana səfərdə boyun əyən ağdamlılar sonuncu turda da "Xəzər-Lənkəran"la "doğma divarlar" arasında "sülh" bağlayıb (0:0).

Neftçi. Bakılılar qış fasiləsindən sonra Premyer Liqada yenilgi üzü görməyən tək komanda olsa da, qələbələrin sayına görə "Qarabağ"dan geri qalır. "Ağ-qaralar" 4 qələbə və 3 heç-heçə sayəsində 15 xal toplayıblar.
"Neftçi" 4 qələbəsindən 50 faizini təsnifat mərhələsində hazırda turnir cədvəlinin son 2 pilləsində qərarlaşan kollektivlər üzərində əldə edib. Belə ki, lider "Simurq"a səfərdə (3:0), MOİK-ə isə evdə (1:0) "dərs keçib". Paytaxtda "Xəzər-Lənkəran"la oynanılan prinsipial qarılaşma isə qolsuz bərabərliklə başa çatıb.

Final mərhələsinə gəlincə, burda da "Neftçi"nin işləri yaxşı gedir. "Xəzər-Lənkəran" və "İnter"lə səfərdə heç-heçə edən (hər ikisi ilə 1:1) "ağ-qaralar", "Qarabağ" (2:0) və "Bakı"nı (1:0) üstələyiblər.

AZAL. "Təyyarəçilər" final mərhələsində ən çox xal toplayan kollektivdi. Nazim Süleymanovun komandası evdə "Xəzər-Lənkəran", "İnter" və "Bakı"nı məğlub etməklə mövqeyini xeyli yaxşılaşdırıb. Özü də maraqlıdır ki, AZAL bütün rəqiblərini 1:0 hesabı ilə üstələyib. Ötən tur yeni stadionlarında uğurlu "siftə" edən "təyyarəçilər" çempionatın həlledici bölümündə yalnız "Qarabağ"la bacarmayıblar (0:1). Təsnifat mərhələsinin son 3 turu isə AZAL üçün heç də uğurlu olmayıb. Evdə "Gəncə" və "Bakı" ilə qolsuz bərabərə qalan paytaxt təmsilçisi səfərdə "Xəzər-Lənkəran"a uduzub (1:2).

Xəzər-Lənkəran. Çətin ki, Mirça Rednikin komandasının hazırkı durumu cənublu azarkeşləri razı sala. Ən böyük problem ondan ibarətdir ki, "Xəzər-Lənkəran" final mərhələsində keçirdiyi 4 oyundan heç birində qalib gələ bilməyib. "Qarabağ" və "Bakı" ilə səfərdə (hər ikisi ilə 0:0) "sülh" bağlayan "ağ-yaşıllar" evdə də "Neftçi" ilə (1:1) xalları yarı bölüb. Cənub təmsilçisi AZAL-la səfər matçında isə məğlubiyyətlə üzləşib (0:1).
"Xəzər-Lənkəran" qış fasiləsindən sonra 10 xal qazanıb ki, onun da 7-si təsnifat mərhələsinə düşür. Rednikin yetirmələri evdə AZAL-ı (2:1), səfərdə isə "İnter"i (3:1) üstələməklə yanaşı, Lənkəranda "Neftçi" ilə bərabərə qalıblar (0:0).

İnter. "Bankirlər" qış fasiləsindən sonra "Xəzər-Lənkəran"la eyni sayda xal yığıblar. Amma fərq ondadı ki, Kaxaber Sxadadzenin komandası cənublular kimi 1 deyil, 3 oyunda uduzub. Əvəzində 1 dəfə çox qələbə qazanıb. "İnter" də "Neftçi" kimi təsnifat mərhələsindəki qələbələrini turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandalar üzərində qazanıb. Paytaxt klubu "Simurq"u Zaqatalada 2, MOİK-i isə Bakıda 4 cavabsız qolla məyus edib. "Xəzər-Lənkəran"la "Şəfa"dakı duel isə qonaqların qələbəsi ilə yekunlaşıb. Final mərhələsində "İnter"in işləri qara gətirib. Paytaxt klubu qələbəyə həsrətdi. Evdə "Qarabağ"a (0:2), səfərdə isə AZAL-a (0:1) boyun əyən "bankirlər", "Şəfa"da baş tutan duellərdə "Neftçi" və "Bakı" ilə "sülh bağlayıblar".

Bakı. "Zolaqlılar" "Xəzər-Lənkəran" və "İnter" kimi çempionatın həlledici bölümündə 3 xal üzü görməyib. Vinfred Şafer - Aleksandr Starkov əvəzləməsindən sonra da özünə gələ bilməyən paytaxt klubu qış fasiləsindən sonra hamıdan az - 7 xal toplayıb. Düzdü, "zolaqlılar" "Qəbələ"ni sıxışdırıb, ilk "altılığ"a düşə bildilər. Amma bununla iş bitmir, axı.
Təsnifat mərhələsinin son 3 oyununda "Muğan"la evdə (1:1), AZAL ilə isə səfərdə (0:0) heç-heçə edən "Bakı" Tovuzda "Turan"ı üstələyib (1:0). Final mərhələsinə gəlincə, "zolaqlılar" sonuncu turda AZAL-a səfərdə (0:1), "Neftçi"yə isə doğma meydanda (0:1) uduzublar. "İnter"lə səfər (1:1), "Xəzər-Lənkəran"la isə ev oyunları (0:0) heç-heçə yekunlaşıb.

“Qarabağ” 7 16 12-3
“Neftçi” 7 15 9-2
AZAL 7 11 4-3
“Xəzər Lənkəran” 7 10 6-3
“İnter” 7 10 8-8
“Bakı” 7 7 3-4

ŞAMO, “Ekspressfutbol” qəzeti