QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” Avroliqanın son qalibindən də güclüdür (apasport.az)
Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu statistika portallarından biri olan “infobank” son 365 gün üçün nəzərdə tutulan növbəti reytinq siyahısını yeniləyib. Hər həftə yenilənən sıralamada Avropanın ən yaxşı 425 klubu yer alıb. Azərbaycan bu cədvəldə ötən həftə olduğu kimi yenə 7 komanda ilə təmsil olunub. 

Cədvəldə də ən yaxşı komandamız olan Ağdamın “Qarabağ” klubu 1 həftə ərzində irəliləyişə nail olub. Təmsilçimiz 7 günə 10 pilləlik sıçrayış edib. Son 2 həftəyə ümumilikdə 16 addım önə keçən “Qarabağ” hazırda 71-ci pillədədir. Bu, Azərbaycan klublarının “infobank” reytinqində ən yüksək nəticəsidir.

Hesabında 47,08 xal olan Qurban Qurbanovun yetirmələri 71-ci pilləni Madrid “Atletiko”sunun əlindən alıb. Avroliqanın son mövsümünün və Avropa Superkubokunun qalibi olan İspaniya təmsilçisi artıq 91-ci pilləyə enib. “Qarabağ”ın 1 həftə ərzində arxada qoyduğu klublar arasında Şotlandiya “Reyncers”i də var.

Digər təmsilçilərimizdən 11 pillə irəliləyən “Xəzər Lənkəran” (37,11 xal)111-ci sıraya qalxmaqla şəxsi rekordunu müəyyənləşdirib. Daha 9 addım atan “Neftçi” (29,38) də 169-cu olmaqla tarixinin zirvə nöqtəsinə qalxıb.

İlk “altılıq” da mübarizə aparan digər 3 komandamız 3-cü “100-lük”dəki mövqelərini də gündən-günə əldən verir. “İnter” (23,82) 227-ci, “Bakı” (22,15) 249-cu, AZAL (21,93)254-cü yerə qədər enib. “Simurq” (2,98) isə 416-cı olmaqla siyahıdakı son həftələrini yaşayır. Siyahıda sonuncu pilləni isə Ermənistan “Ararat”ı tutur. Erməni futbolunun flaqmanının “Qarabağ”dan təxminən 94 dəfə az - 0,51 xalı var.

Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” komandası isə 192-ci pillədə qərarlaşıb. Öz ölkəsinin 6-cı komandası olan atıraulular 26,95 xala malikdir.

Qeyd edək ki, siyahıya Pireney klubları başçılıq edir. İspaniya təmsilçiləri “Real” (130,52) 1-ci, “Barselona” (125,11) 2-ci, Portuqaliyanın “Porto” (117,19) klubu 3-cü yerdə qərarlaşıb.