QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Nə yaxşı ki “Qarabağ” var! (apasport.az)

Biri gözlənilən olmalı idi, biri də tarixi. Ancaq təəssüf ki, heç biri olmadı. “Qarabağ”la “Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsinin evdəki cavab oyunlarında qalib gələ bilməməyini nəzərdə tuturam Düzdür, “Qarabağ”ın Farer adalarının “Streymur” klubu ilə Bakıdakı görüşündə qolsuz bərabərliyə elə də üzülməyə dəyməz. Axı bizə mərhələ keçmək lazım idi və Qurban Qurbanovun çalışdırdığı komandamız buna da nail oldu. Üstəlik, “Qarabağ” son 3 ildə avrokuboklarda ən layiqli təmsilçimiz olaraq qalır. İndi Ağdam klubunun avrokuboklarda qalan yeganə komandamız olduğundan, ona daha çox dəstək olub, Avropada çıxışımızın daha uzun müddətli olmasını arzulayırıq.

Əlbəttə, hər il olduğu kimi, bu dəfə avrokuboklarda təmsilçilərimizin çıxışının daha uzun müddətli olmasını istəyir, buna ürəkdən azarkeşlik edirdik. Ancaq əfsuslar olsun ki, AZAL-la “Xəzər Lənkəran” Avroliqada, “Neftçi” Çempionlar Liqasında (ÇL) ilk mərhələdəcə mübarizəni dayandırdı. Bu anda istər-istəməz adamın ağlından belə bir fikir keçir: nə yaxşı ki “Qarabağ” var! Artıq dalbadal 3-cü ildir bu komanda Avropada başımızı uca edir, qazandığı qələbələrlə, futbolumuzun, klublarımızın UEFA-da reytinqini nə qədər yüksəldir, Avroliqada son təsnifat mərhələsinə kimi yüksəlir.

Biz digər komandalarımızdan da ən azı bir mərhələ keçməyi gözləyirdik. “Minsk” keçiləsi rəqib olsa da, avrokuboklara hazır olmayan, heyətini gücləndirə bilməyən “təyyarəçilər” bizləri üzdü. Ötən çempionatımızı 2 ən güclü komandası olan “Neftçi” ilə “Xəzər Lənkəran” isə mübarizəyə birbaşa II mərhələdə başlasalar da, bunda da dayandılar. Halbuki lənkəranlılar da prinsipial rəqibi kimi səfərdə 3 qol buraxsa da, bunun 1-in əvəzini çıxa bilmişdi. Həmin səfər qolu mərhələ keçmək şansını saxlasa da, Lənkəranda güclü azarkeş dəstəyi altında bundan istifadə edə bilməməyimizdən, komandanı qınamağa daha çox əsas verir.

Düzdür, “Böyük oyun”un iştirakçılarının püşkdə bəxtləri gətirmədi və onların güclü rəqiblər düşmələrində həqiqət var. Ancaq digər tərəfdən, onlar qrup mərhələsinə düşmək kimi iddialıdırlarsa, belə rəqiblərini keçməliyik. Axı istər Zaqreb “Dinamo”su, istərsə də Təl-Əviv “Makkabi”si Avropa nəhəngləri arasında heç ortabab da deyillər. Qrup mərhələsinə düşmək istəyiriksə, bundan da güclülər qarşımıza çıxacaq və onda qələbə haqda heç danışmağa dəyməz.

Futbolda yaxşı oynamaq nisbi anlayışdır. Təbii ki, əsas nəticədir. Çünki üstündən neçə il keçəndən sonra hansısa komandanın yaxşı oynamağı heç yada düşməyəcək, ilk olaraq nəticəyə baxılacaq. Elə də yaxşı oyun göstərməyib, mərhələ keçməyi çoxlu qol imkanları yaradıb, sonda mübarizəni dayandırmaqdan üstün tuturam. Futbolumuza qoyulan bu qədər sərmayənin qarşılığında nəticə vermək lazımdır və yaxşı oyun bizim üçün zəif təsəlli ola bilər.

Bizim üçün avrokuboklar zamanı yaralı yerlərimizdən biri heyətdə böyük dəyişiklərdir. Buna ən bariz nümunə kimi elə “Xəzər Lənkəran”a göstərə bilərik. Lənkəran klubu son 1 ildə baş məşqçisi olan Mirça Rednikin vaxtında həm qış, həm də yay fasiləsində heyətdə böyük dəyişiklər etdi. Təbii ki, yeni futbolçular gələndə heyətin uyğunlaşması, xətlər arasında əlaqənin yaxşılaşmağı üçün vaxt lazımdır. Bu isə avrokuboklar vaxtında heç yerinə düşmür. Çünki onsuz də qitə miqyaslı turnirə hazırlığa vaxt az olur və üstəlik, əvvəlki heyətdə böyük dəyişiklik edəndə, bunun faydasını yox, pis fəsadlarını görürsən.

“Xəzər Lənkəran”ın qışda heyətindəki islahatlardan sonra Rednik optimal heyəti yalnız mövsümün sonuna yaxın tapa bildi. Ancaq həmin heyətdən bir sıra futbolçuların gedişi öz sözünü dedi. Əlbəttə, “Xəzər Lənkəran”da müdafiədə Adrian Skarlatake, hücumda Uinston Parks kimi səviyyəli legionerin yeri görünürdü. Komandanın arxa xəttində boşluqlar oldu və müdafiənin mərkəzində oynayan Skarlatake bunu aradan qaldıra bilərdi. Lənkəranlılar Təl-Əviv komandasına 2 oyuna yalnız 1 qol vurdu ki, buna da mərkəz müdafiəçisi Andrey Mureşan imza atdı. Halbuki təcrübəli Park “Xəzər Lənkəran”da 1 ildə həm də onu, həm də Azərbaycan kubokunun bombardiri olmaqla, qolçuluq bacarığını nümayiş etdirdi. Əlbəttə, daxili yarışlarda səviyyəsini göstərmiş, tez bir zamanda liderə çevrilən Culius Vobayın Avroliqada zəif çıxışı, tam hazır olmamağı, yaradıcı futbolçu olan Adriant Pitsin “Makkabi” ilə oyunlarda müdafiənin sol cinahda oynamağı və başqa amillər də nəticəyə təsir göstərdi.

Lənkəran təmsilçisi avrokuboklarda uğursuzluqdan sonra tarixinin yeni səhifəsini açdı. Bu gün “Xəzər Lənkəran”ın yaydığı bəyanat şok effekti yaratdı. Rednik, legioner və bir sıra yerli futbolçularla yollarını ayıran “Xəzər Lənkəran” gənc yerli futbolçuların inkişafı ilə məşğul olacaq. Əslində bu yol bizlərə yaxşı tanışdır. Naci Şensoy “Turan”da işlədiyi vaxtda mövsümün ortasında belə radikal dəyişiklər edildi, türkiyəli mütəxəssis, legionerlər və güclü yerli futbolçular yola salındı. Tovuz klubu 2006-cı ilin qışından bu yana bu siyasətini davam etdirərək, əsasən gənc yerli futbolçulara güvənir. İmişlinin “MKT Araz”, Yevlaxın “Karvan” klubu da vaxtilə çempionluğa, mükafatlara iddialı olub, avrokuboklarda oynasalar da, indi I divizion iştirakçılarıdır.

Əlbəttə, “Xəzər Lənkəran”ın da belə aqibətlə üzləşib, futbol səhifəsindən silinməsini istəməzdik. Ən azı ona görə ki, bu komanda çempionatımıza əlavə rəng qatır və “Neftçi” ilə derbisi artıq 7 ildir mövsümün şah oyunu sayılır. “Xəzər Lənkəran”ın zəifləməsi nəticəsində qüvvələr nisbətində böyük fərqin olmağı ilə oyunlar həmin gərgin mübarizə şəraitində keçməyəcək.

Sözsüz ki, “Xəzər Lənkəran”a həmişə dəstək olan çılğın azarkeşləri böyük uğurlar görməyə layiqdirlər. Bunlar isə ölkə daxilində yox, beynəlxalq yarışlarda olmalıdır. Axı avrokuboklarda nəticə qazanmayanda, çempionatda və kubokdakı uğurlarına kölgə düşür. Lənkəran klubu isə bu 7 ildə nəinki bir mərhələ adlayıb, 10 oyunda qalib də gəlməyib. “Xəzər Lənkəran” rəhbərliyi hər şeyi ölçüb-biçərək, çempionatın startına 2 həftə qalmış radikal islahatlar etməyi üstün tutdu. Hadisələrin belə gözlənilməz axar almağı isə təsadüfi ola bilməz, düşünülmüş addımın nəticəsidir. Əgər böyük pullar xərclənən legionerlər avrokuboklarda bir mərhələ keçməyə yardım edə bilmirsə, onu saxlamağı nə mənası var ki? Ö səxavətlərini göstərən klublarımızın sahibkarlar nəticə olmayandan sonra istər-istəməz əlləri işdən soyuyurlar və onları qınamağa dəyməz. Əgər mən sənə diqqət, qayğı göstərib, şərait yaradıramsa, səndən nəticə tələb etməyə haqqım çatır. 2004-cü ilin yayında futbolumuzun inkişafına axıdılan bu pullar nə vaxtsa tükənməlidir və bunu getdikcə müşahidə etməyimiz heç arzuolunmazdır.

Hələliksə bütün diqqətimizi avrokuboklarda qalan yeganə təmsilçimizə yönəldib, ondan uğurun davamının gəlməyini gözləyəcəyik. “Qarabağ”a “Brügge” kimi güclü rəqib düşəndə bəxtdən gileylənsək də, nə vaxta belə komanda ilə oynamalı olacağımızı da nəzərə almalıyıq. Düzdür, “Brügge” Avropada tanınan, Belçikanın 2-ci ən titulu klubudur, ÇL-in qrupunda oyun təcrübəsinə malikdir. Ancaq “Qarabağ” bundan əvvəl “Rusenborq”, “Visla” kimi Avropa təcrübəsinə malik komandaları düşəndə də bədbinliyə qapılanlar vardı. Ancaq ağdamlılar belə güclü rəqiblərə qalib gəlməklə, tarix yazdı. Üstəlik, Qurbanovun komandası güclü rəqiblərlə, özü də səfərdə yaxşı oynayır. Bu mənada “Qarabağ”ın iyulun 28-də rəqib meydanında münasib nəticə qazanacağı, qol vuracağı real görünür. Buna nail bilsək, avqustun 4-də Bakıda mərhələ adlamaq vəzifəsini yerinə yetirmək şansımız artacaq və Qurbanovun yetirmələrinin ardıcıl 3-cü il Avroliqanın son təsnifat mərhələsinin iştirak etməyinə şahid olacağıq.

Mehman SÜLEYMANOV