QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”dan yeni rekord! (apasport.az)

“Qarabağ” Azərbaycanın avrokuboklarda 19 illik tarixində yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Avroliqada ev oyunlarını qol buraxmadan başa vurmaqla, ilkə imza atdı.

Komandamız “Banqa” (Litva, 4:0), “Streymur” (Farer adaları, 0:0) və “Brügge” (Belçika, 1:0) ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi görüşlərdə qapısının toxunulmazlığını qoruya bildi.

Bunun birinə millimizin də qapıçısı olan Fərhad Vəliyev, sonrakı ikisinə serbiyalı həmkarı Boyan Pavloviç nail oldu. Əslində, bu ildən “Qarabağ”ın əsas qapıçısı olan Pavloviç matçların 5-də, 1-də isə Vəliyev “çərçivə”də durdu. Boyan 6 oyunda qapısından 5 qol buraxdı ki, bunun 4-ü ona səfərdə “Brügge”, 1-ni “Streymur” vurdu. Avroliqada bundan əvvəlki 2 mövsümdə “Qarabağ”ın əsas qapıçısı olan Vəliyev indi daha çox ehtiyatda qalır.

Avrokubok tariximizdə ən azı 3 mərhələdə iştirak edən “Qarabağ”la yanaşı, “Neftçi” olub. “Ağ-qaralar” 2008-ci ildə İntertoto kubokunda “Nitra” (Slovakiya), “Jerminal” (Belçika) və “Vaslui” (Rumıniya) ilə görüşüblər. Onda “Neftçi” ilk 2 mərhələdə (müvafiq olaraq 2:0 və 1:0) qol buraxmasa da, “Vaslui” (2:1) onun qapısına yol tapa bilmişdi.

Həmin vaxtdan bu yana “Qarabağ”ın timsalında Avroliqada ən azı 3 mərhələdə iştirak edirik. Qurban Qurbanovun çalışdırdı komanda 2009-cu ildə evdə 3 oyunda 1 qol buraxmışdı ki, buna 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Finlandiyanın “Honka” klubu imza atmışdı. Ancaq “Qarabağ” “Rusenborq” (1:0) və “Tvente” (0:0) kimi güclü rəqiblərdən öz meydanında top buraxmadı.

Ağdamlılar ötən il turnirdə 4 mərhələdə iştirak etdilər. Komandamız mərhələ keçmək baxımından rekord etdiyi bu mövsümdə (2010/11) bütün ev oyunlarında qapısında top gördü. Bu, Makedoniyanın “Metallurq” (4:1), Şimali İrlandiyanın “Portadaun” (1:1), Polşanın “Visla” (3:2) və Almaniyanın “Borussiya” (Dortmund, 0:1) ilə görüşlərdə baş verdi. Ümumiyyətlə, ötən il ağdamlılar yalnız Polşadakı oyunda (1:0) qol buraxmadı. Qurbanovun komandasına evdə son qolu ötən ilin avqustunda “Borsussiya”nın və Paraqvay yığmasının hücumçusu Lukas Barrios vurub.

“Qarabağ” cari mövsümdə cəmi 1 dəfə uduzmaqla, öz rekordunu yenilədi. Əvvəlki rekord 2009-cu ilin yayındakı çıxışı zamanı “Tvente”yə 1:3 hesabı ilə yenildiyi vaxt olub. Klublarımızın avrokuboklarda mövsümdə 1 dəfə məğlub olması nadir hallarda müşahidə olunur.

Qeyd edək ki, 2 mərhələ oynayan klublarımızın statistikalarına nəzər alsaq, onlardan yalnız “Neftçi” 2004 və 2005-ci illərdə Çempionlar Liqasında evdə qapısını toxunulmaz saxlaya bilib.