QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqif Cavadov: `Biz fəxrlə Quzanlıda oynayırdıq` (qol.az)

Hazırda Rusiyanın «Volqa» komandasında çıxış edən azərbaycanlı futbolçu Vaqif Cavadov klubun rəsmi saytına müsahibə verib.

Qol.Az-ın məlumatına görə, Cavadov Azərbaycan klubları, bir vaxtlar çıxış etdiyi «Qarabağ» haqda da danışıb.

O, hazırda ölkəmizdə iki xalq komandası olduğunu deyib: «Qarabağ» ən çətin anımda mənə yardım əlini uzatdı. «Qarabağ» ənənələri olan klubdur. Bu komandanın adı Azərbaycan üçün ağrılı yerdir. Hazırda ölkəmizdə iki xalq komandası var: «Neftçi» və «Qarabağ». Biz «Qarabağ»la çox şeyə nail olduq. Çempionatda yaxşı çıxış etməklə bərabər, klubu Avropada da tanıdılar».

«Qarabağ»ın cəbhə bölgəsində oynamasının kluba hansısa çətinliklər yaratmasıyla bağlı suala cavab olaraq Cavadov bunları deyib: «Əksinə, biz fəxrlə Quzanlıda oynayırdıq. Ora həmişə məmnuniyyətlə getmişik».

«Çox qəribədir ki, yüksək liqada çıxış edən klub oyunlarını kənddə keçirir. Orada şərait necədir». Bu suala Vaqifin cavabı belə olub: «Bəs, necə olmalıdır? «Qarabağ» öz doğma meydanında oynamalıdır. Orada stadion, olimpiya kompleksi var. Demirəm ki, şərait əladır, amma yaxşıdır. Yaşamaq olar. Elə oynamaq da. Yeganə çətinlik yolla bağlıdır, paytaxtdan ora 6-7 saata gedirik. Amma Quzanlıya həmişə ürəkaçıqlığı ilə getmişik. Düşünürəm ki, indi də heç nə dəyişməyib».

Cavadov «Qarabağ»ın Avropadakı uğurlarının səbəbinin orada mehriban  kollektivin olmasıyla əlaqələndirib: «Klubda yaxşı kollektiv, istedadlı məşqçi və savadlı rəhbərlik var. Futbolçular həmişə həm özləri, həm də baş məşqçiyə görə sonadək mübarizə aparırlar. Bu, çox vacibdir. Hər dəfə «Qarabağ» Avropada qrup mərhələsinin bir addımlığından geri qayıdır».