5 qollu qələbə
5 qollu qələbə
“Qarabağ” – “Araz-Naxçıvan” – 5:1
Toral Bayramov, 30, 90+5; Nəriman Axundzadə, 41; Joni Montiel, 57 (pen.); Leandro Andrade, 72 – Ramon Maçado, 76 (pen.)
Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XV turunda rəqibimiz “Araz-Naxçıvan” olub.
Görüş “Azersun Arena”da baş tutub. Komandamız matça aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Oyun komandamızın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan futbolçularımız aramsız hücumlarla qol axtarışında olub. Komandamız yarım saatın tamamında hesabı açmağa müvəffəq olub. Toral Bayramov cərimə zərbəsindən gözəl qola imza atıb. 41-ci dəqiqədə bu dəfə Nəriman Axundzadə adını tabloya yazdırıb.
İkinci hissəni də tam üstünlüklə keçirən komandamızın heyətində 57-ci dəqiqədə Joni Montiel penaltini dəqiq yerinə yetirib. 72-ci dəqiqədə Leandro Andrade rəqibi mərkəzə dəvət edib. Bir qədər sonra rəqib penalti ilə qollardan birinin əvəzini çıxıb. Qarşılaşmada son nöqtəni Toral Bayramov qoyub. O, əlavə edilmiş dəqiqələrdə penaltidən dublunu rəsmiləşdirib.
Beləliklə, 5:1 hesablı qələbə qazanan komandamız xallarının sayını 33-ə çatdırıb. “Qarabağ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandamız çempionatda növbəti oyununu “Qəbələ”yə qarşı keçirəcək. Qarşılaşma dekabrın 21-də Qəbələ şəhər stadionunda keçiriləcək.
