Abdullayev də yeni məşqçini gözləyir (EXPRESS, 09.07.2005)

single-news
9 İyl 2005

Abdullayev də yeni məşqçini gözləyir (EXPRESS, 09.07.2005)



"Qarabağ"da baş məşqçi problemi hələ də həll olunmayıb. Rəhbərliyin anlaşdığı deyilən, amma adı mətbuata açıqlanmayan türkiyəli mütəxəssisin bugünlərdə ölkəmizə gələcəyi gözlənilir. Hələlik növbəti mövsümün hazırlığına başlamayan ağdamlılarda yalnız bir məşqçi iş başındadı. İqor Ponomaryovun da yardımçısı olan Elxan Abdullayev indi yeni çalışdırıcının yolunu gözləyir. Hələlik konkret bir iş görməyən, yalnız hadisələrin uğurlu sonluğunu gözləyən Elxan bəy nikbindi: "Kimin ki müqaviləsi var, onlar yüz faiz komandada qalacaq və növbəti mövsümdə "Qarabağ"da oynayacaq. O ki qaldı guya "Qarabağ"ın birinci dəstədə mübarizə aparması haqda deyilənlərə, bu boş söhbətdi. Bizim həvəskarlar çempionatında, birinci dəstədə və güclülər dəstəsində komandamız olacaq. Ola bilsin, bəziləri səhv salıb elə düşünür ki, elitada komandamız iştirak etməyəcək. Hazırda Azər Cabarov, Samir və Ruslan Musayevlər, Vitali Kovalyov, Mübariz Orucov, Mustafa Engin Özmən, Denis Sokolovski, Mustafa Coşqun və Artyom Şubin komandada qalıb". Abdullayev "Qarabağ"ın medallar uğrunda mübarizə aparmayacağını etiraf edir: "Biz çempion olmağa, avrokuboklara getməyə tələsmirik. Hələ vaxt var. Klubun infrastrukturunu yaratmağa çalışırıq. "Qarabağ" növbəti mövsümün komandası yox, gələcəyin klubu olmalıdı. Perspektivli gənc futbolçuları yığıb onlarla işləyəcəyik. Hələ ki, komandanın baş məşqçisi təyin edilməyib. Bu məsələyə də bir-iki günə aydınlıq gələcək. İki-üç günə məşqlərə də başlayacağıq".

Paylaş