AFFA Nizam-İntizam Komitəsindən "cəza yağışı" (525-Cİ QƏZET, 31.08.2005)

single-news
31 Avq 2005

AFFA Nizam-İntizam Komitəsindən "cəza yağışı" (525-Cİ QƏZET, 31.08.2005)



6 KLUB, 5 FUTBOLÇU VƏ 1 BAŞ MƏŞQÇİ CƏRİMƏLƏNDİ Dünən AFFA Nizam-İntizam Komitəsinin (NİK) ənənəvi iclası keçirilib. Milli çempionatın 3-cü turunda baş verən neqativ halları müzakirəyə çıxaran NİK üzvləri 6 klub, 5 futbolçu və 1 baş məşqçini cəzalandırıblar. Nəticədə AFFA-nın büdcəsinə nə az, nə çox, 73,5 milyon manat cərimə daxil olacaq. Xatırladaq ki, ilk iki turdakı neqativ hallar AFFA-ya 48,5 milyon manat qazandırmışdı. Beləliklə, cari mövsümdə cərimələr hesabına ölkəmizin ən ali futbol qurumunun hesabına 122 milyon manat daxil olub. Ən böyük ziyan "Qarabağ"a dəyib. Ağdam klubunun baş məşqçisi Elxan Abdullayev "Olimpik"lə görüşdə qeyri-etik hərəkət etdiyinə görə 4 oyun texniki zonadan uzaqlaşdırılıb. Üstəlik, "Qarabağ"a 20 milyon manat məbləğində cərimə kəsilib. Eyni zamanda "Olimpik"dən də cəzalanan var. NİK-in qərarına əsasən, komandanın kapitanı və əsas qapıçısı Hüseyn Məhəmmədov iki oyunluq "istirahətə göndərilib". Buna səbəb H.Məhəmmədovun əsəblərini cilovlaya bilməyərək qeyri-etik hərəkətlərə yol verməsidir. Qapıçının hakimlərə qarşı çılğın davranışı "Olimpik"ə 10 milyon manata başa gəlib. "MKT-Araz" da eyni məbləğdə cərimə ödəyəcək. Çünki komandanın üzvü Valeh Kərimov qeyri-etik hərəkətlər edib. Buna görə, futbolçu 2 oyunluq diskvalifikasiya olunub. Bu azmış kimi, "İnter"lə matçda 5 oyunçusu sarı vərəqə aldığından "MKT-Araz" rəhbərliyi daha 5 milyon manat cərimə verəcək. "Gənclərbirliyi"-"Gəncə" matçındakı olaylara görə tərəflərin hər ikisi cəzalanıb. Qonaq komandanın rəsmi şəxsləri oyunqabağı yığıncağa gecikdiyindən "Gəncə" 7,5 milyon manat məbləğində cərimələnib. Bundan başqa qarşılaşmanın gedişində meydan sahiblərindən Tərlan Xəlilovla rəqib komandanın gürcü futbolçusu İrakli Berayanın bir-birlərinə qarşı kobudluğu diqqətdən yayınmayıb. Bu hərəkətlərinə görə futbolçular növbəti iki turu buraxacaqlar, onların məxsus olduqları klublar isə hərəyə 10 milyon manat cərimə ödəyəcək. Ən yüngül cəza "Göyəzən"in qapıçısı Ramiz Kərimovun payına düşüb. O, qırmızı vərəqəylə cəzalandığından gələn turda meydana çıxmayacaq və "Göyəzən" AFFA-ya 1 milyon manat "hədiyyə" verəcək.

Paylaş