AFFA Torresi qovdu (EXPRESS,08.06.2005)

single-news
8 İyn 2005

AFFA Torresi qovdu (EXPRESS,08.06.2005)



Karlos Alberto Torres Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi postundan azad edildi. Torreslə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasındakı dünən aparılan müzakirələrin yekununda belə qərara gəlinib. Əslində, şənbə günü millimizin Polşa yığmasına 0:3 hesabı ilə məğlub olması və Torresin davranışları braziliyalı məşqçinin taleyini həll etmişdi. 2006-cı il dünya çempionatı turnirinin həmin matçında Torres üçüncü qoldan sonra hakimin texniki köməkçisini vurmuş, matçın hakimini isə təhqir etmişdi. Braziliya yığmasının heyətində dünya çempionu olmuş Torresin futbol keçmişi ilə işimiz yoxdur. Amma məşqçi kimi çox uğursuz çalışdırıcı idi və özü də Bakıya "dəlləlikliyi" millimizin başında öyrənmək üçün gələnə oxşayırdı. Ən maraqlısı isə, görəsən, AFFA onu haradan tapıb çıxarmışdı?! Və yaxud futbolumuzun "ataları" başına pul tökməyə məşqçi tapmırdılarmı? Şübhəsiz ki, Torres Azərbaycan yığma komandasının tarixi ərzində ən uğursuz məşqçilərdən biridir. Braziliyalının rəhbərliyilə altında 7 seçmə matçının 5-ni uduzub, iki oyunu heç-heçə başa vurmuşuq. Cəmi 1 qol vurb, 17-ni buraxmışıq. Polşada isə lap biabır olduq. Yəqin ki, 0:8 məğlubiyyəti uzun müddət hafizələrdən silinməyəcək. Yeri gəlmişkən, Milli yığma komandanın rəhbərliyi də istefaya ərizəsini yazıb. Hazırda istefası qəbul olunmayan milli komandanın məşqçisi Elxan Abdullayev isə APA-ya bildirib ki, yığma komandada qalıb-qalmayacağını federasiya rəhbərliyi müəyyənləşdirəcək: "Mənim vəzifəm məşqçi kimi ölkə futboluna xidmət etməkdir. İstefaya gəlincə, onu deyə bilərəm ki, bütün dünyada belədir: baş məşqçi istefaya göndərilirsə, məşqçilər korpusu, həkimindən tutmuş masaжçıya qədər istefaya getməlidir. Buna uyğun olaraq, belə addım atmışıq. Hər halda son qərarı AFFA verəcək". "Torres indi yox, bir il əvvəl istefaya göndərilməli idi". Bu sözləri isə veteran futbolçu Maşallah Əhmədov deyib. Onun bildirdiyinə görə, braziliyalı Azərbaycan futboluna elə yara vurub ki, bunun müalicəsi uzun çəkəcək. Torresin milli komandaya baş məşqçi təyin edilməsinə görə AFFA prezidenti Ramiz Mirzəyevi ittiham edən veteran futbolçu bildirib ki, əslində federasiya rəhbəri də postundan uzaqlaşdırılmalı idi: "Torresin istefası ilə iş düzəlmir ki? Bilirsiniz, Polşa ilə oyunda onun hərəkətlərinə baxdıqdan sonra məndə belə təsəvvür yarandı ki, Torres ya şamaxılıdır, ya da gəncəli. Hakimlərlə dava saldığına görə belə deyirəm. Digər tərəfdən, Torres Azərbaycan futboluna və futbolçularına çox hörmətsizlik edib. O, yaxşı mütəxəssis olsa idi, ilk növbədə, işini ölkə futbolunda xidmətləri olmuş veteranlarla görərdi. Braziliyalı istefaya göndərilməklə canını qurtardı. O, Ramiz Mirzəyevlə işbirliyinə getdiyi üçün Azərbaycan futbolu acınacaqlı vəziyyətə düşdü. Ramiz Mirzəyev də istefaya getməlidir". Torresin şəxsi qərəzliyi ucbatından yığma komandadan uzaqlaşdırılan "Neftçi" klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov da Torresin yığma komandaya dəvət edilməsini səhv addım adlandırıb: "Torres çoxdan getməli idi. O, yığma komandamıza layiq məşqçi deyildi". Qeyd edək ki, iyunun sonuna qədər yığma komandaya təyin olunacaq yeni baş məşqçinin adı müəyyənləşəcək. Bu posta təyin olunacaq mütəxəssislər arasında bir müddət öncə prezident İlham Əliyevin dəvəti ilə Odessadan vətənə qayıdan Əhməd Ələsgərov və "Xəzər-Lənkəran" klubunun türkiyəli baş məşqçisi Rasim Karanın adları çəkilir.

Paylaş