Aftandil Hacıyev: “Bu, gələcəkdə əməkdaşlıq etmək imkanlarını artırır”

single-news
28 Okt 2023

Aftandil Hacıyev: “Bu, gələcəkdə əməkdaşlıq etmək imkanlarını artırır”



Gürcüstanın paytaxtı Tbilisidə “ECA Academy Visit” layihəsi çərçivəsindəki növbəti tədbir keçirilib. Avropa Klublar Assosiasiyasının (ECA) dəstəyi təşkil olunan tədbirdə “Qarabağ”ı akademiyamızın koordinatoru Aftandil Hacıyev təmsil edib.

 

Mütəxəssis Gürcüstanda Tbilisi “Dinamo”sunun təşkil etdiyi bu görüş barədə fikirlərini klubumuzun rəsmi saytına açıqlayıb: “Klub rəhbərliyinin təşəbbüsü ilə tədbirə qatıldım. Hər il keçirilən bu tədbirlərdə təşkilatçı klublar öz iş prinsipləri, akademiya və idarəçilik barədə məlumat verirlər. Tədbir çox səmərəli alındı, Tbilisi klubu haqqında geniş məlumat topladıq. Yüksək səviyyədə təşkil olunan tədbirə müxtəlif ölkələrdən 16 klub qatılmışdı. Postsovet ölkələri ilə yanaşı, İspaniya, Serbiya və Avstriyadan da qonaqlar var idi. Nümayəndələr arasında məşqçilər, klub rəsmiləri, akademiya əməkdaşları yer almışdı”.

 

Hacıyev belə layihələrin faydalı olduğunu vurğulayıb: “Bu cür layihələrdə iştirak etməyimiz həm klubumuza, həm futbolumuza fayda verəcək. Bu tədbirlərdə böyük klublar da iştirak edirlər. Təcrübəmizi artırmaq və tədbirlərdə gördüklərimizi futbolumuza tətbiq etməyə çalışacağıq. Belə layihələr zamanı klublar arasında şəbəkə də genişlənir, hamı bir-biri ilə yaxından tanış olur ki, bu da gələcəkdə əməkdaşlıq etmək imkanlarını artırır. Faydalı ola biləcək klublarla əməkdaşlığa başlayacağıq. Bu əməkdaşlıq müxtəlif mövzularda ola bilər. Hazırda bir neçə məşqçi ilə turnir haqda müzakirələr aparırıq. Bu, akademiyanın aşağı yaş qrupları üzrə komandalarının beynəlxalq turnirlərdə iştirakına xidmət edir. Fərqli layihələrdə də əməkdaşlıq mümkündür”.

Paylaş