Aslan gözləyir (FUTBOL+,30.06.2005)

single-news
30 İyn 2005

Aslan gözləyir (FUTBOL+,30.06.2005)



Polşadan məğlubiyyətlə qayıdan "Karvan" yenidən qısamüddətli istirahətə çəkilib. Yevlax təmsilçisi növbəti təlim-məşq toplanışını Türkiyənin Bolu vilayətində keçirəcək. Artıq baş məşqçi Fuad Yaman vətənindədi və onun səfəri uzun çəkməməlidi. Çünki Yaman hazırlığın Türkiyə mərhələsindən öncə komandanı Bakıda bir araya yığmalıdı. Hələ heç "Lex"lə qarşılaşmalarda sınanan gürcü Aleksandr İntskirvili və türkiyəli Gökhan Yazıçı ilə yekun müqaviləyə də imza atılmayıb. Çox güman, ilkin protokol imzalanan futbolçuların taleyi Yamanın dönüşündən sonra məyyənləşəcək. Eyni zamanda məşqçi finlandiyalı Ziberi Başkimiylə türkmən Murat Həmrəyevin də klubla əməkdaşlığının rəsmiləşməsi yolunda son sözünü deməlidi. Keçidi qətiləşən Pereyra Ernani isə artıq Bakıdadı. Srağagün ölkəmizə qədəm qoyan sabiq "Konyaspor"luyla da müqavilə məsələsi hələ ki, təxirə salınıb. Lakin hər halda İntertoto kuboku matçlarında özünü yaxşı tərəfdən göstərən Yazıçıyla Fuad bəyin birbaşa istəyi nəticəsində dəvət edilən Ernaninin müqavilə məsələsinin reallaşacağı daha çox gözlənilir. Ayrıca "Karvan" Aslan Kərimovun timsalında növbəti yerli transferi də həyata keçirə bilər. Bu işin baş tutması üçün də Türkiyəyə gedənlər qayıtmalıdı. Söhbət Kərimovun rəsmən bağlı olduğu "Qarabağ" rəsmilərindən gedir. Aslan Ağdam klubuyla müqaviləsi olduğundan vitse-prezident Tahir Gözəlin yolunu gözləməyə məcburdu.

Paylaş