Aslan Kərimov “Qarabağ”dan istədiyi vaxt gedə bilər (Çempion, 09.05.2005)

single-news
9 May 2005

Aslan Kərimov “Qarabağ”dan istədiyi vaxt gedə bilər (Çempion, 09.05.2005)



“Qarabağ” da birincilik uğrunda “döyüşən” komandalardandır. Hazırda 2-ci pillədə məskunlaşan klub çempionluğa ən real namizədlərdəndir. Aslan Kərimov isə inamlı və sabit oyunu ilə komandasının uğurunda ən çox payı olanlardandır. “Neftçi” ilə oyunda zədələnən Aslanı redaksiyamıza dəvət etdik və bizi maraqlandıran suallar ətrafında söhbətləşdik. ”Neftçi” ilə oyunda hər şeyi ustalıq həll etdi” - Aslan, “Neftçi” ilə oyundan sonra komandanızda vəziyyət necədir? - əladır. əsas rəqibimizi məğlub etdik. Bu qələbə daxili ab-havanı daha da yaxşılaşdırdı. - əksəriyyət “Neftçi”ni daha şanslı sayırdı. “Neftçi” tərəfi isə bəxtlərinin gətirmədiyini deyir. - Düzdür, rəqib daha şanslı sayılırdı. Həm də “ədliyyə”yə son məğlubiyyət komandamıza olan inamı azaltmışdı. Amma biz qalib gəlməklə gücümüzü göstərdik. Bəxtə gəlincə, fikrimcə, hər şeyi ustalıq səviyyəsi həll etdi. Yəni rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratsa da, bunlardan istifadə edə bilmədi. Biz isə əlimizə düşən imkanları dəyərləndirdik. Düzdür, Mişuranın zərbəsindən sonra top dirəyə dəydi və müəyyən mənada həmin epizodda bəxt amili köməyimizə çatdı. Amma qarşılaşma ümumilikdə bərabər keçdi. 1-ci hissəni bizim, 2-ci hissəni isə “Neftçi”nin hesabına yazmaq olar. ”Xəzər-Lənkəran”la görüş çempionluğun taleyini həll edəcək” - Komandanızın çempionluq şanslarını necə dəyərləndirirsən? - Yüksək. Xüsusilə son qələbədən sonra şanslarımız xeyli dərəcədə yüksəldi. Yalnız çempionluq gözləyirik və bunun üçün mübarizə aparırıq. - Amma oyununuz “göz oxşamır”. Həm də zəiflərlə oynaya bilmirsiniz, güclülərə isə qalib gəlirsiniz. Səncə, bütün bunların səbəbi nədir? - Ola bilər ki, yaxşı oynamırıq. Məncə, bunun əsas səbəbi 4-4-2 sxemi ilə oynamağımızdır. Bu sxemə hələ uyğunlaşa bilməmişik. Ümumiyyətlə bu, 2-3 ilin işi deyil. Buna uşaqlıqdan başlamaq lazımdır. Zəif oyunumuzun səbəbi də, məncə, budur. Amma daha çox zəiflərə qarşı oynaya bilmirik. Buna konkret səbəb göstərmək də çətindir. Bəlkə, rəqibin imkanlarını lazımınca dəyərləndirmirik, bəlkə, arxayınçılıq edirik. Fakt odur ki, zəiflərlə görüşlərdə çətinliklə üzləşirik. Məsələn, “Bakılı” və “ədliyyə” ilə qarşılaşmalarda heç nədən 5 xal itirdik. O matçlarda maksimum nəticə göstərsəydik, indi böyük fərqlə lider idik. Həmişə demişəm ki, çempionatda zəif komanda yoxdur. Futbol da elə oyundur ki, burada qəti proqnoz vermək çətindir. - Qarşıda “Şahdağ-Samur”la oyun var. Ardınca isə çətin Lənkəran səfəri... - Deyərdim ki, qusarlılarla oyun daha çətin olacaq (gülür). Rəqib “Bakı”dan xal aldı. 1-ci dövrədə də heç-heçə etmişdik. Bu qarşılaşmadan mütləq üzüağ çıxmalıyıq. Bu, Lənkəran səfəri öncəsi vacib amildir. Bu matçda xal itirsək, bilmirəm Lənkəranda nə olacaq? Ona görə də 3 xal qazanmağımız həyati əhəmiyyət daşıyır. “Xəzər-Lənkəran”la görüş çempionluğun taleyini həll edəcək. ”Qarabağ”dan istədiyim vaxt gedə bilərəm” - Derbi sənin üçün uğursuz oldu. Komandan qalib gəlsə də, sən zədələndin. Zədən ciddi deyil ki? - O qədər də yox. Belə ağrımır. Amma qaçmaq, çox hərəkət etmək olmaz. “Şahdağ-Samur”la oyunu buraxacağam. Lənkərandakı matçda oynayıb-oynamayacağımı bilmirəm. Son qərarı həkimlər verəcək. Meydançada olmağı çox istərdim. - Gəzən söz-söhbətlərə görə, “Qarabağ”dan ayrılmağı düşünürsən. - Belə demək düzgün deyil. Hələ hər şeyi qətiləşdirməmişəm. Bu məsələlərə çempionat bitəndən sonra aydınlıq gələcək. - Hər halda təkliflər var. - Rəsmən yox. Amma bir neçə klubun nümayəndəsi mənimlə əlaqə saxlayıb. Amma onlara qəti cavab verməmişəm. - Rəhbərliyin bundan xəbəri var? - Bəli. Ümumiyyətlə bizdə Tahir bəylə (”Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl nəzərdə tutulur) prezident-futbolçu yox, dost münasibətləri var. Mən də ona söz vermişəm ki, mən nə qərara gəlsəm, birinci rəhbərliyə bildirəcəyəm. Müqaviləm də elədir ki, rəhbərliklə danışdıqdan sonra istədiyim vaxt gedə bilərəm. - Müqavilənin müddəti nə zaman bitir? - Bu, sirdir. Mətbuata bu haqda heç bir açıqlama verə bilmərəm. - Deyilənə görə, Ağasəlim Mircavadov səni “Neftçi”yə çağırır. - Bilirsiniz, bizim Ağasəlim müəllimlə yaxşı münasibətlərimiz var. Məni əvvəl “Qarabağ”a, sonra “Şəmkir”ə çağırdı. Ondan çox şey öyrənmişəm. İndi də münasibətlərimiz var. əlaqə saxlayırıq. Yəqin, buna görə belə söz-söhbətlər yayılıb. Amma “Neftçi”dən mənə rəsmi təklif gəlməyib. - Ümumiyyətlə, sən “Qarabağ”ı tərk etmək istəyirsənmi? - Hər şey mənə təklif olunan şərtlərdən asılı olacaq. Futbolçu ömrü qısa olur. İlk növbədə gələcəyimi düşünməliyəm. Karyeramı bitirdikdən sonra nə “Qarabağ”, nə “Neftçi”, nə də bir başqa klub mənim ailəmi saxlayacaq. Düzü, komandanı tərk etmək istəmirəm. Amma yenə də deyirəm: Digər klublardan gələn təklif əlverişli olsa, “Qarabağ”dan gedə bilərəm. - Qışda “MKT-Araz” problemlər yaşandı. Sən ilkin müqavilə bağlasan da, sonradan bu transfer düyünə düşdü. Səbəbi nə idi? - Mən imişlililərlə müqavilə bağlamamışdım. Sadəcə, şifahi sözləşməmiz olmuşdu. - Onlar isə sənə para ödədiklərini söyləyirdilər. - Heç bir məbləğdən söhbət gedə bilməz. Onlar mənə pul verməmişdilər. Həmin vaxt Şahin Diniyev gedirdi. Komandanın qalıb-qalmayacağı bilinmirdi. Mən də “MKT-Araz” rəsmiləri ilə təmas qurdum. Dediyim kimi sözləşməmiz var idi ki, qışdan onların formasını geyinməliydim. Sonradan aydınlaşdı ki, hələ müqaviləm var və Ağdam klubu məni buraxmadı. ”Artıq bizim vaxtımız keçib” - Bir az “köhnəlmiş” mövzu olsa da yığmanın son oyunlarına da toxunaq. Polşa uğursuzluğunu şərtləndirən amillər hansılar idi? - Bilmirəm. Hər şey yaxşı gedirdi. Oyun başlandı və hər şey bitdi. 2 səhv etdik, qollar buraxdıq. Sonra qabağa getdik. Müdafiə boşaldı, darmadağının əsası qoyuldu. Bəlkə, hücuma çox keçməsəydik və Qurbanla Nadir 100%-li imkanlardan istifadə etsəydilər, nəticə başqa cür olardı. - Polyaklarla cavab matçından nə gözləyirsən? - Hər şeyə real baxsaq, görünər ki, onlardan çox geriyik. Həm sürət, həm fiziki hazırlıq baxımından. Yalnız əzmkarlıq hesabına qalib gələ bilərik. Mütləq oynamalıyıq. Onlara göstərməliyik ki, onlar fikirləşdikləri qədər də zəif deyilik. Həm də bu azarkeşlər qarşısında bəraət olar. - Torresin oyunçu seçimi çox tənqid olunur. Sən bu tənqidlərlə razısan? - Nə deyim? Torres deyir ki, Zauru da, Fərruxu da çağırmışam. Amma onlar gəlmədilər. Bu futbolçuların şəxsi işidir. Hər halda onların yeri görünürdü. - Bəs Torresin “başıbəlalı” gəncləşdirmə siyasəti? - Düzgün deyil. Mərhələnin ortasında belə şeylər yolverilməzdir. Adətən mərhələyə qədər yoldaşlıq oyunları olur. Bu qarşılaşmalar gəncləşdirmə üçün ən yaxşı vaxtdır. - Legionerlərin milliləşdirilməsinə necə baxırsan? - Çox pis. Bir azərbaycanlı futbolçu kimi əcnəbinin milli komandamızın formasını geyinməsinə heç vaxt razı ola bilmərəm. Bəlkə də bunda bizim müəyyən mənada günahımız da var. əgər istənilən oyunu sərgiləyə bilsək, məşqçilər də əcnəbi milliləşdirməz. Klublar da var ki, futbolçu legioner sayılmasın deyə ona azərbaycan pasportu verirlər. Bu artıq klubun öz siyasətidir və qaydalara ziddir. Bu məsələni həll etmək isə AFFA-nın işidir. - Legionerlərdən hansıları daha güclü hesab edirsən? Və ümumiyyətlə, legioner axınının futbolumuza bir xeyri dəyibmi? - Makovskilər, Qomeş və Peresdən çox xoşum gəlir. Onlar komandalarını çiyinlərində daşıyırlar. Azərbaycana gələn legionerlərdən yüksək səviyyəsi ilə seçilənləri uzağı 10, ya da 20 nəfərdirlər. Qalanlar bizdən heç nədə üstün deyillər. Xeyri haqda onu deyə bilərəm ki, çempionatın səviyyəsi az da olsa artıb. Amma indi bu qədər pul xərcləmək və yüksək nəticələr gözləmək mənasızdır. Çünki artıq bizim vaxtımız keçib. ən yüksək səviyyəyə çata bilməyəcəyik. Nə qədər pul ayırırlar ayırsınlar. Amma uşaqlarla işləmək lazımdır. Onlara yaxşı şərait yaratmaqla yaxın zamanlarda nəticə qazanmaq olar.

Paylaş