Azərbaycan derbisində 2 qollu qələbə
Azərbaycan derbisində 2 qollu qələbə
“Qarabağ” – “Neftçi” – 2:0
Toral Bayramov, 50 (pen.); Kamilo Duran, 84
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının XI turunda “Neftçi”ni qəbul edib. Azərbaycan derbisi “Azersun Arena”da baş tutub.
Komandamız matça aşağıdakı “11-lik”lə çıxıb: 1. Şahrudin Məhəmmədəliyev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Komandamız ilk dəqiqələrdən özünəməxsus oyununu sərgiləməyə çalışıb. Topa daha çox sahib olan futbolçularımız, xüsusən də, cinah keçidləri ilə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa cəhd ediblər. Bir neçə dəfə hesabı açmağa yaxın olsaq da, son zərbələrdə dəqiqlik çatmayıb. Bir epizodda isə Nəriman Axundzadənin zərbəsindən sonra top qapı tirinə dəyib.
İkinci hissəyə sürətli başlayan komandamız tezliklə penalti qazanıb. Zərbəni dəqiq yerinə yetirən Toral Bayramov hesabı açıb. Qoldan sonra oyunda temp daha da yüksəlib. Hər iki komanda sürətli futbol nümayiş etdirib. Futbolçularımızın hücum həmlələri daha çox olub. Qapıçımız Şahrudin Məhəmmədəliyev isə iki epizodda əla qurtarışla yadda qalıb. 84-cü dəqiqədə rəqib ikinci dəfə mərkəzə dəvət olunub. Abdullah Zubirin ötürməsini Kamilo Duran qolla tamamlayıb. Beləliklə, 2:0 hesablı qələbə qazanan komandamız xallarının sayını 23-ə çatdıran komandamız turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu noyabrın 21-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək.
