Azərbaycan derbisində kim güləcək: “Qarabağ”, yoxsa “Neftçi”? (ÇEMPİON, 19.08.2005)

single-news
19 Avq 2005

Azərbaycan derbisində kim güləcək: “Qarabağ”, yoxsa “Neftçi”? (ÇEMPİON, 19.08.2005)



Turun ən maraqlı görüşü “Xəzər-Lənkəran”la “Bakı” arasında keçiriləcək. Lənkəran şəhər stadionu təmirə bağlandığından Cəlilabadda oynanılacaq bu görüşdə qarşılaşacaq rəqiblərin hər biri ilk turu üç xalla başa vurub. “Bakı” iddialı “Karvan”ı böyük çətinliklə məğlub edibsə, “Xəzər-Lənkəran” debütant “Olimpik” üzərində asan qələbə qazanıb. Zədəli Samir Əliyev get-gedə formasını bərpa etdiyindən onun bu görüşdə start heyətində meydançaya çıxacağı gözlənilir. Rasim Kara ilə Əsgər Abdullayevin Cəlilabadda baş tutmuş ilk duelindən türkiyəli qalib çıxmışdı. “Qarabağ” - “Neftçi” matçı yenə də böyük əhəmiyyət daşıyır. “Şahdağ-Samur”la oyunda sönük oyun göstərmiş “Neftçi” bu oyunda heyət problemi ilə üzləşib. Belə ki, qusarlılarla qarşılaşmada zədə alan Ruslan Abbasov və Nadir Nəbiyevin meydançaya çıxacağı sual altındadır. George Adamiya və Ruslan Qafitullin də eyni problemdən hələ də komandaya qoşula bilməyiblər. Maraqlısı odur ki, heyətində cəmi 4 müdafiəçi olan “flaqman”da yalnız iki sağlam arxa xətt oyunçusu qalıb. Baş məşqçi Ağasəlim Mircavadov heyət probleminin həllini düşündüyü bir vaxtda, “Qarabağ”dan Elxan Abdullayevin bu baxımdan heç bir çətinliyi yoxdur. İlk turun uğursuzları “İnter”lə “Karvan”ın qarşılaşması da vacib matçlardandır. “Bakı”ya son dəqiqələrdə buraxdığı qolla məğlub olan yevlaxlılar, üstəlik, baş məşqçi Fuad Yamanı da itirdilər. Gəncədə xal itkisinə uğrayan Anatoli Konkovun komandası “Karvan”dan üç xal almaq niyyətindədir. Yevlaxlılarda cəzalı Yuri Muzika oynamayacaq, Yakuba Bamba və Tərlan Əhmədov çıxış edəcəklər. “İnter” isə hələ də Yevgeni Kotovun xidmətindən məhrumdur. “Göyəzən”in qonağı olacaq “Turan” bu matçda qələbə qazanmağa daha yaxın görünür. İlk turda oynamayan İssa Nikiema bu oyunda debüt edə bilər. “Turan”ın rəqibindən üstün görünməsinə baxmayaraq, “Göyəzən”dən də sürpriz gözləməyə dəyər. “Gəncə” - “MKT-Araz” oyununu ortababların görüşü kimi də xarakterizə etmək olar. İlk turda “İnter”dən xal alan “Gəncə” bu dəfə imişlililəri xalsız yola salmaq niyyətindədir. Qarşısına iddialı olmaq məqsədini qoyan İqor Nakoneçnının komandası da rəqibinə təslim olmaq fikrində deyil. Xatırladaq ki, ötən mövsüm “MKT-Araz” Elşad Əhmədov və Nadir Qasımovun rəhbərliyi altında Şahin Diniyevin “Gəncə”sini üstələmişdilər. “Şahdağ-Samur” “Olimpik”i qəbul edəcək. Qonaqların məşqçisi Çordaş məhz qusarlılarla oyunda çempionatda ilk xallarını qazanmağa çalışacaq. Təcrübəli məşqçi Sabir Əliyevin komandasının əsas üstünlüyü isə doğma divarlar arasında oynamasıdır. MOİK “Gənclərbirliyi”ni qəbul edəcək. “Hərbçilər”in üstünlüyü kimi oyunu evdə keçirmələrini “Gənclərbirliyi”ndə isə heyətin komplektləşməsini qabartmaq olar.

Paylaş