Bakıdakı matçda 5 qol
Bakıdakı matçda 5 qol
“Qarabağ” – “Lion” (Fransa) - 1:4
Olavio Juninyo, 88 (pen.) - Georges Mikautadze, 15, 80. Sorentin Tolisso, 63. Malik Fofana, 68
“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində beşinci matçına çıxıb. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın “Lion” klubu ilə görüşüb.
Komandamız oyunu aşağıdakı heyətlə keçirib: 99. Mateuş Koxalski, 29. Marko Veşoviç (2. Mateus Silva, 60), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 65), 66. Patrik Andrade (6. Julion Romao, 60), 8. Marko Yankoviç, 7. Yassin Benzia (11. Emmanuel Addai, 74), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 60), 10. Abdullah Zubir (k), 18. Juninyo
“Lion” Liqa mərhələsində keçirdiyi ilk dörd oyunda 7 xal toplamasına və Fransanın nəhəng klubu sayılmasına baxmayaraq, futbolçularımız ilk dəqiqələrdən rəqibdən çəkinmədən mübarizə aparıblar. Birinci hissədə başabaş mübarizə gedirdi. Hətta komandamız bir çox komponentdə rəqibini üstələyirdi. Bunun fonunda hesabı açan tərəf qonaqlar olub.
Ancaq bu da oyunçularımızı həvəsdən salmayıb. Üstünlüyü ələ alan komandamız fasiləyə qədər nəinki bir, hətta daha çox qol vura bilərdi. Lakin bəxt Fransa təmsilçisinin yanında idi. Təsadüfi deyil ki, birinci hissədə qonaqları bir dəfə qapı dirəyi, bir dəfə isə tir qoldan xilas edib.
İkinci hissədə də ssenari dəyişməyib. Komandamız yenə ardıcıl hücumlar və yaratdığı qol vəziyyətləri ilə “Lion”un qapıçısını müntəzəm narahat edirdi. Ancaq yenə qol vuran tərəf fransızlar olurdu. Nəticədə rəqib ikinci hissədə daha 3 dəfə fərqlənib. Nəhayət, 88-ci dəqiqədə Olavio Juninyo penalti qolu ilə adını tabloya yazdırıb. Beləliklə, qarşılaşma “Lion”un 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 12-də səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşacaq.